Qarabağ və Şərqi Zəngəzur turizm məkanına çevriləcək
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzur turizm məkanına çevriləcək

Uca dağlar, şiş qayalar, sıldırım yarğanlar, bir-biri ilə qol-boyun olan yastı təpələr, gen dərələr, zümrüd meşələr, alp çəmənlikləri, coşqun çaylar, binələri çadır-çadır olan yaylaqlar, göy üzündə qıy vuran qartallar, düzlərdə ulduz kimi sayrışan çiçəklər, kəklikotunun ətrinə bürünən irəmələr... Təbii ki, Qarabağ və Şərqi Zəngəzurun zəngin təbiətinin təsviri sözə sığmır. Gərək onu görəsən, əllərini qaşının üstünə qaldıraraq zirvəsində qış, ətəklərində bahar olan dağların əzəmətinə baxasan. Dəlisov çayların dumduru suyunda əks olunan Günəş şüaları sanırsan ki, rəqs edir, bu nadir gözəllik insana dinclik gətirir, ruhunu təzələyir. Qarabağ və Şərqi Zəngəzur zəngin meşə örtüyü, qiymətli ağacları, nadir bitkiləri, qayadan-qayaya hoppanan dağ keçiləri, ceyran, cüyür dəstələri, ecazkar simfoniyanı xatırladan quşların səsi, düzləri bəzəyən lalələrin titrəyişi ilə əsl cənnəti xatırladır. Təəssüf ki, 1990-1993-cü ilin əvvəlinə kimi Ermənistan ordusu öz havadarlarına arxalanaraq həmin əraziləri işğal etdi və təxminən yüz minlərlə hektar meşə fondu qəsbkarların, "vəhşi qəbilə"nin əlinə keçdi. Vaxtilə işğal altına düşən ərazilərdə düşmən qəsdən yanğınlar törədərək 100 min hektardan çox otlaq, biçənək, yaşıllıq və meşə sahələrini məhv edib, torpağın üst münbit qatını yararsız hala salıb. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində hər iki bölgənin təbiətinə çox ciddi ziyan dəyib.

Qarabağda və Şərqi Zəngəzurda yaradılmış qoruqlar və yasaqlıqlar da erməni faşistləri tərəfindən məhv edilib. Otuz illik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiətinə məqsədli şəkildə, bilərəkdən, vandallıqla qəsd ediblər. Yeraltı və yerüstü sərvətləri, flora və faunanı, tarixi, mədəni-dini abidələri, nadir təbiət incilərini dağıdıblar. Əfsuslar olsun ki, ermənilər həmin gözəl və bərəkətli meşələri, çayları, ormanları, təbii abidələri ekoloji terrora məruz qoymaqla öz mənfur xislətlərini göstəriblər. Otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanır, qarət olunaraq Ermənistana daşınırdı. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində hər iki bölgədə ekologiyaya ciddi ziyan dəyib. Təbiət abidəsi statusuna malik 152 ağac, 8 xüsusi qiymətli meşə sahəsi, yaşı 120 ildən 2 min ilədək olan 145 Şərq çinarı və digər təbii sərvətlər uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalıb. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən "Qırmızı Kitab"a düşən Ayı fındığı ağacları da kütləvi şəkildə qırılıb. Ermənilərin təbiətimizə vurduğu ziyanın miqyası geniş, nəticələri isə dəhşətlidir.

44 günlük müharibədə şanlı Azərbaycan ordusu işğalçı Ermənistanı diz çökdürdü, silahlı qüvvələrini məğlub etdi, hərbi texnikalarını sıradan çıxardı, otuz ildən sonra Qarabağı və Şərqi Zəngəzuru öz əbədi sakinlərinə qaytardı.

Düşmənin pisliyi özünə qaldı, onlar rüsvayçı şəkildə torpaqlarımızdan qovuldular, törətdikləri vəhşilik isə onların rəzilliyindən, paxıllığından xəbər verir. Müharibədən iki ildən artıq vaxt keçsə də, Ermənistan ağır məğlubiyyətin bədəlini yaşayır. Azərbaycan isə işğaldan azad edilən torpaqlarda, sözün əsl mənasında xarüqələr yaradır. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Çox böyük maliyyə vəsaiti tələb edən nəhəng infrastruktur layihələr icra olunur, kəndlər, şəhərlər yenidən qurulur, hava limanları istifadəyə verilir, dini-mədəni abidələr bərpa edilir, bir sözlə, geniş quruculuq işləri bütün sahələri əhatə edir. Düşmənin viran qoyduğu təbiətin yaralarına da məlhəm qoyulur, bölgədə ekotarazlıq yaradılır. Qarabağda və Şərqi Zəngəzurda ekovəziyyəti yenidən bərpa etmək üçün bu istiqamətdə mühüm addımlar atılır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilir, meşə zolaqlarına palıd və digər ağacların toxumları səpilir. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilir. Çaylara balıq buraxılır. Cəbrayılda təbiətin yaraşığı olan ceyran sürüləri bu yerlərə başqa bir gözəllik gətirir.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması şübhəsiz ki, turizm üçün yeni imkanlar yaradır. Hazırkı dönəmdə bu sahəyə yatırılacaq investisiyalar ölkə iqtisadiyyatına gələcək illərdə böyük töhfə verəcəkdir. Araşdırmalara görə, ərazilərin əlverişli coğrafi şəraiti turizm üçün əhəmiyyətlidir, eyni zamanda tarixi abidələrlə zəngin olması bölgəyə turist axınını da artıracaq.

Qarabağ iqtisadi rayonunun ərazisinin iqlimi 1000-2000 metr yüksəklikdə mülayim soyuq, düzənlik və alçaq, dağətəyi sahələrdə isə nisbətən quru və istidir. Yağıntılar relyefdən asılı olaraq 400-900 mm-dir. Bu cür iqlim şəraiti iqtisadi rayonun kurort-turizm təsərrüfatının və digər sahələrin inkişafına xüsusi şərait yaradır. İqtisadi rayonun əsas təbii sərvətləri, çayları, meşələri, Turşsu, Şırlan kimi mineral bulaqları həm istirahət, həm də müalicə baxımından əsas turizm sərvətləri hesab olunur. Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan, cənubdan İran ilə həmsərhəddir. Təbii ehtiyatlardan qızıl, civə, xromit, mərmər, perlit və s. faydalı qazıntılarla zəngin olması səbəbindən rayonun əsas təsərrüfat sahələrindən biri əlvan metallurgiya hesab olunur. Bundan əlavə, Şərqi Zəngəzur iqtisadi rayonu öz coğrafi mövqeyinə və tarixi abidələrinə görə turizm marşrutları üçün mühüm əhəmiyyət daşıyır. Rayonda dağlıq landşaft üstünlük təşkil edir, əlverişli təbii şəraiti, zəngin ehtiyatları, bol günəş enerjisi, yaxşı su təminatı, müxtəlif mineral ehtiyatları ilə zəngin olması rayonu turizm sahəsi üçün xeyli əlverişli edir. İstisu, Minkənd, Tutqunçay mineral bulaqları, dağ meşələri kurort baxımından çox qiymətlidir. Azərbaycanda yeganə vulkan mənşəli göllər olan Böyük və Kiçik Alagöllər, Qaragöl turizm baxımından çox sərfəlidir. Eyni zamanda iqtisadi rayon mineral sularla da zəngindir. Qarabağ vulkanik yaylasında toplanmış mineral su ehtiyatları müxtəlif kimyəvi tərkibə malikdir. Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın ümumi mineral su ehtiyatlarının 33 faizini təşkil edir. Ən böyük mineral su ehtiyatları - Yuxarı və Aşağı İstisu, Turxun, Keşdək, Qoturlu (Kəlbəcər) və Minkənd (Laçın) müalicəvi əhəmiyyətə malikdir. Mütəxəssislərin qənaətinə görə, yaxın gələcəkdə Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək. Şəhərin baş planı dünyanın ən məşhur şəhərlərinə rəqabətli şəkildə layihələndirilir. Digər azad olunan ərazilərin baş planında "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası və yaşıl enerji layihələrinin tətbiqi öz əksini tapıb. Ecazkar təbiəti olan Kəlbəcər təsəvvürümüzdə canlandırdığımız İsveçrənin, Avstriyanın dağ turizminin şəhərlərinə bənzər layihələndirilir. Sözsüz ki, Kəlbəcərin özəllikləri və xüsusiyyətləri layihələndirmədə nəzərə alınır.

Qarabağın gözəl guşələrindən olan, tarixi abidələri, dağ silsilələri, Araz çayının füsunkar mənzərəsi, bərəkətli torpaqları Füzuli rayonunun kənd turizmi üçün əlverişli olduğunu göstərir. Həm də Füzuli şəhərinin yaxınlığında hava limanı yerləşir. Təbii ki, hava limanı gələcəkdə bu bölgəyə turist axınına geniş şərait yaradacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təsdiq edilən baş planlarda hər bir rayonun özünəməxsusluğu, coğrafi şəraiti, tarixi və qədimliyi nəzərə alınıb. Eyni zamanda əhalinin sayına uyğun olaraq infrastruktur quruculuğu həyata keçirilir. Ağdam şəhərinin regional mərkəzə çevrilməsi də bu məqamlara əsaslanır. İlk dəfə olaraq Ağdam şəhəri yüz minlik şəhər kimi planlaşdırılır. Burada böyük bir sənaye mərkəzi salınır, həmçinin şəhərdə Qarabağ Universiteti və böyük idman kompleksləri layihələndirilir. Tariximizin bir parçasını özündə yaşadan, təbiət gözəllikləri ilə adamı heyran edən Ağdam gələcəyin ən müasir şəhərinə çevriləcək. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək bütün işlər karbon emissiyasının sıfır həddə endirilməsini təmin edəcək. Bu da Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonasına çevirəcək, həm də turizm bölgəsi kimi məşhurlaşdıracaq.

Salman ALIOĞLU,

"Respublika".