Qarabağ və Şərqi Zəngəzur müasir bölgəyə çevriləcək
Siyasət

Qarabağ və Şərqi Zəngəzur müasir bölgəyə çevriləcək

Vətən müharibəsindəki tarixi qələbə Azərbaycanın dünyadakı hərbi və siyasi mövqeyini daha da möhkəmləndirdi, sarsılmaz gücünü nümayiş etdirdi, müdafiə sənayesində əldə edilən uğurların davamlı olduğunu göstərdi.

Möhkəm təməl üzərində qurulan iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dünyada baş verən ərzaq qıtlığına qarşı vaxtında görülən tədbirlər və digər həyat əhəmiyyətli layihələr Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin əsasını təşkil edir. Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur.

2020-ci ilin noyabr ayından hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılır.

İşğaldan azad edilmiş ərazilərdə elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xətlərinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin zəruri rabitə infrastrukturu qurulur, mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. xidmətlər təşkil edilir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

Böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb. Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı üçün genişmiqyaslı layihələr həyata keçirilir. Keçmiş məcburi köçkünlərin həyatında yeni dövr başlayır, Qarabağa və Şərqi Zəngəzura tarixi qayıdış baş verir, uzun illər ərzində ağır həyat şəraitində sıxılsalar da, öz Liderinə inamını itirməyən insanlar indi yüksək əhvali-ruhiyyə ilə doğma torpaqlara qayıtmağa hazırlaşırlar. Qeyd edək ki, xalqın sarsılmaz inamının mahiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin illərlə yorulmadan, səbirlə, əzmlə apardığı siyasi mübarizə dayanır. İstər ölkədaxili, istərsə də xarici ölkələrdə keçirdiyi bütün görüşlərdə, beynəlxalq tədbirlərdə Prezidentin çıxışlarının əsas məğzi Ermənistanın işğalı ilə bağlı olurdu. Dövlətimizin başçısı bütün bu illər ərzində hər kəlməsində dəyişməz mövqe göstərir, xalqımızın işğalla barışmadığını bəyan edirdi. Bu illərdə Prezidentin dediyi sözlər, verdiyi vədlər sonadək dəyişməz qaldı. İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf tempinə görə dünyada xeyli irəlidə dayanır, əhalinin sosial müdafiəsi davamlı olaraq gücləndirilir, keçmiş məcburi köçkünlərə qayğı artırılır.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərdəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə məlumat verərək bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi sayəsində Qarabağın inkişaf edəcəyinə, burada tezliklə yaşayış yerlərinin tikiləcəyinə, bu bərəkətli torpaqların çiçəklənəcəyinə ümidimiz çoxdur. İşğaldan azad edilən ərazilərdə hazırda 8 magistral avtomobil və iki dəmir yolunun tikintisi həyata keçirilir. Yol infrastrukturu ilə əlaqədar tikinti işləri başa çatdıqdan sonra Qarabağın bərpası daha da sürətlənəcək və müasir bölgəyə çevriləcək. Genişmiqyaslı layihələrdən biri də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Daşaltı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarıdır. Bundan başqa, hazırda Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin inşası da davam edir. Bərdə-Ağdam dəmir yolu xətinin uzunluğu 47,3 kilometrdir. Yolboyu 4 stansiyanın tikintisi həyata keçiriləcək və yolun cari ildə istismara verilməsi nəzərdə tutulub. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110 kilometrdir və yolboyu 9 stansiya tikiləcək. Bu yolların tikintisindən sonra regionun iqtisadi inkişafına böyük zəmin yaranacaq, məskunlaşma zamanı əhalinin sosial vəziyyəti daha da yüksələcək. İnformasiya-kommunikasiya texnologiyalarının azad edilən ərazilərdə tətbiqinə dair işlər vahid konsepsiya üzrə aparılır. Həyata keçiriləcək işlərin layihələndirilməsi başa çatmaq üzrədir və yaxın zamanda müvafiq tender elan ediləcək. Cari ayda Tərtər rayonun Talış kəndində iki mobil bazanın tikintisi başa çatacaq və istifadəyə veriləcək.

Qeyd edək ki, Böyük Qayıdışa aid proqramın yerinə yetirilməsi üçün respublikanın bütün nazirlikləri, qurumları, özəl şirkətlər, investorlar hərəkətə gətirilib. Qarabağın və Şərqi Zəngəzurun siması günbəgün dəyişir, bu yerlərdə həyat bərpa edilir, düşmənin vurduğu yaralar aradan qaldırılır. Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarda tədqiqatlar aparırlar. Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə "En Pro Sol" MMC arasında işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşması üzrə layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb. Müqavilədə məqsəd birinci mərhələdə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və müasir texnologiyalar əsasında rəqəmsal torpaq xəritələrinin tərtib olunması və torpaqlardan səmərəli istifadə üçün tədbir və tövsiyələrin hazırlanmasıdır. Bu məqsədlə, inzibati rayonlar üzrə tədqiqatlar, vizual müşahidələr aparılır, ərazi müxtəlif metodik yanaşmalarla təhlil olunur. Tədqiqat zamanı əkin üçün istifadə olunan ərazilərdən müxtəlif torpaq və su nümunələri götürülüb.

"Ağıllı kənd" konsepsiyası əsasında inşa edilən Zəngilan rayonu Ağalı kəndi Böyük Qayıdış proqramının ilk müjdəsi oldu, 30 ilə yaxın yurd həsrəti ilə yaşayan ağalılıların taleyinə xoşbəxtlik bəxş edilib. Ümumilikdə, Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) və bu günlərdə isə 10 ailə köçürülüb. Burada sakinlər yüksəkkeyfiyyətli, müasir tələblərə tam cavab verən "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Onu da qeyd etmək yerinə düşər ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirdi. Ağalıya köçürülən əhalinin işlə təminatında da ilk addımlar atılıb, artıq kənddə tikiş sexi işə salınıb. Kəndə köçürülən sakinlərin bir qismi burada işlə təmin olunub. Tikiş sexində çalışan Minə Mirzəyeva 30 illik həsrətinin başa çatdığına sevinir, yeni evindən, orada yaradılan şəraitdən razılığını bildirir və deyir ki, kəndimiz günü-gündən böyüyür, əhalinin sayı və iş yerləri artır. Çox şükürlər olsun ki, biz bu günə gəlib çatmışıq. Biz 30 ildir həsrətlə gözləmişik ki, öz kəndimizə gedib canla-başla işləyək, firavan yaşayaq. O, tez bir zamanda işlə təmin olunduğunu deyir: "Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi gücü, fədakarlığı və igid oğullarımızın qəhrəmanlığı sayəsində Ağalı kəndinin sakini olaraq öz dədə-baba torpaqlarımıza qayıtdıq. Gözəl və yaraşıqlı evimizə sevinclə gəlmişik, indi də işlə təmin olunmuşuq. Burada tibbi ləvazimatlar tikirik".

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq Ağalıda digər istehsalat sahələri və emal müəssisələrinin də açılması nəzərdə tutulub. Bütün dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin ölçüyəgəlməz vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə, güclü inam və gələcəyə nikbin baxışlarla bildirib ki, Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir! Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələrin təməlqoyma mərasimləri, istifadəyə hazır olan obyektlərin açılışı keçirilir.

Əllərinin və qəlblərinin hərarəti ilə inşaatçıların, yolçəkənlərin, energetiklərin qurub-yaratmaq həvəsi bu yerlərə bir canlanma gətirib.

Salman ALIOĞLU,

"Respublika".