Qarabağ və Şərqi Zəngəzur: gələcəyə baxış
Siyasət

Qarabağ və Şərqi Zəngəzur: gələcəyə baxış

Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, döyüş qabiliyyətini, yeni hərbi silahlarla davranışını, fədakarlığını, şücaətini, torpaq sevgisini, dözüm və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. İki ildən artıqdır ki, dünyanın bir çox hərbi ekspertləri tərəfindən Vətən müharibəsinin gedişi, döyüş əməliyyatlarının yüksək səviyyədə aparılması, Ordumuzun mənəvi-psixoloji hazırlığı geniş təhlil edilir və öyrənilir.

İgid əsgər və zabitlərimizin hünəri sayəsində ordusunun bel sütunu qırılan, hərbi texnikaları məhv edilən və ya qənimət kimi götürülən, döyüşlər zamanı fərrariliyin baş alıb getdiyi işğalçı Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatın şərtlərinə görə düşmən ölkə üç rayonumuzu qeyd-şərtsiz və bir güllə atılmadan geri qaytardı. Buna əməl edən Ermənistan Bəyanatda nəzərdə tutulan sonrakı öhdəliklərini yerinə yetirməkdən qaçır, müxtəlif bəhanələrlə vaxtı uzadır, yalançı və riyakar bir ritorikaya əl atır. Buna görə də Azərbaycan dəfələrlə düşmən ölkənin hakimiyyətinə xəbərdarlıq edərək bildirib ki, Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

 Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq. Göründüyü kimi, düşmən ölkə bu xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə, özünə yeni havadarlar axtarışındadır, bölgədə təhlükə yarada bilən hiyləgərliklə, manipulyasiya ilə məşğul olur.

Ukraynalı hərbi ekspert və siyasi icmalçı, Qarabağda Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda başlatdığı savaşın ilk günlərindən vaxtaşırı olaraq döyüş əməliyyatlarının gedişi ilə bağlı analizlərlə çıxış edən Aleksey Arestoviç özünün feysbuk səhifəsində belə yazırdı: "Azərbaycan Qarabağın qədim paytaxtını, olduqca böyük simvolik əhəmiyyəti olan Şuşanı qaytardı. Bu hadisə azərbaycanlılar üçün israillilərin 1967-ci ildə Ağlama Divarına çıxması qədər əhəmiyyətlidir, Vətənin qaytarılmasıdır, tarixin qaytarılmasıdır. Azərbaycan Şuşanı yerdə, dağlardan döyüşə-döyüşə keçən, dumanda, uçuşa yararlı olmayan havada döyüş komplektlərini özləri ilə daşıyan piyada bölmələri ilə qaytardı. Bu, "hər şeyi dronlar elədi" deyənlər üçündür". Təbii ki, belə misalların sayı istənilən qədərdir.

Vətən müharibəsidə Azərbaycanın Qələbəsi bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyub. İşğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma sürətlə aparılır, qarşıya qoyulan hədəflərə çatmaq üçün mücadilə aparılır. Artıq Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb. İki ölkənin qardaşlığını və müttəfiqliyini bütün dünyaya bildirən Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini Prezident İlham Əliyev dəqiq ifadə edib: "Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir".

2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd - "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı da əhəmiyyətli tarixi sənəddir. Bu Fərmanla Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda - Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsi Qarabağ iqtisadi rayonuna çevrildi. Beləliklə, SSRİ dövründə Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev aradan qaldırdı: "…1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi… Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi".

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağla və Şərqi Zəngəzurla, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasəti və işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri dünyanın diqqət mərkəzindədir və dövlətimizin başçısının həmin ərazilərdə gələcəklə bağlı fikirləri maraqla qarşılanır. Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib ki, mən Azərbaycan Prezidentinin gələcəyə baxışına heyran qaldım. Azərbaycanın Ermənistana sülh təklif etdiyini, Azərbaycan xalqının sülhsevər xalq olduğunun və sülhü dəstəklədiyinin şahidi oldum. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı danışan analitik deyib ki, Şuşa və digər ərazilərdə aparılan yenidənqurma işləri olduqca sürətlə gedir. Füzuliyə səfər etdiyimiz zaman Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduq. Bu aeroportun qısa zamanda inşa edilməsi böyük nailiyyətdir.

Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları daha da genişlənib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dostlara güvən, düşmənlərə gözdağı olan Qarabağı və Şərqi Zəngəzuru isə xoşbəxt gələcək gözləyir.

Salman ALIOĞLU,

"Respublika".