Qarabağ  turizm məkanına çevriləcək
Siyasət

Qarabağ  turizm məkanına çevriləcək

İşğaldan azad olunmuş ərazilərin zəngin flora və faunası, təbii iqlimi  bu sahənin inkişafına geniş perspektivlər açır

 Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm zəmin üzərində yaradılmış dövlət-xalq-ordu birliyi, nəhayət ki, öz ali məqsədinə – düşmənin torpaqlarımızdan qovulması hədəfinə çatdı. Artıq Azərbaycan qalib ­ölkədir.

Sözsüz ki, Azərbaycanın Qələbəsi xalqımızın qurub-yaratmaq əzmini də ortaya qoyub. Belə ki, Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu torpağın yenidən bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və məşhur turizm mərkəzi olacağını deməyə əsas verir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmənin diz çökdüyü İkinci Vətən müharibəsində Qarabağın və ətraf rayonların işğaldan azad olunması ölkənin turizm potensialını daha da artırıb. Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyə, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açır.

İşğaldan azad olunmuş  Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini daha da artırır. Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən biri hesab edilir. Bu ərazini yayda və qışda, həm tarixi, dini, həm də müalicəvi cəhətdən turizm istiqamətində inkişaf etdirmək mümkündür. Eləcə də, digər azad edilmiş ərazilərdə də turizm potensialı yüksəkdir. Ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır. Turist marağı baxımından dünyada çox populyar olan Xarıbülbülü Şuşada canlı olaraq seyr etmək Qarabağın turizm cazibədarlığını xüsusi olaraq artırır. Vaxtilə Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa”, “Gülablı” sanatoriyaları, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr görülən yenidənqurma işlərindən sonra öz füsunkar görkəmlərini tamamilə dəyişəcəkdir. Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir.  Bu tədbirlər planının bir hissəsi olaraq mayın 12-də Şuşada “Xarıbülbül” hotelinin, avqustun 29-da isə “Qarabağ” hotelinin  yenidənqurmadan sonra açılışı olmuşdur. Hotellər qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.

 Qarabağ bölgəsi Azərbaycanın yaşıllıqlarla zəngin olan bir ərazisidir. Belə bir unikal təbii iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizmin də inkişafı deməkdir. İşğaldan azad edildikdən sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini turistlər üçün sevimli istirahət məkanı edəcək. Ermənilər bu illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonları dağıdaraq, infrastrukturu məhv etmiş vandallıq nümayiş etdirmişlər. Bütün bunlara baxmayaraq  yaxın gələcəkdə Qarabağ Azərbaycanın əsas turizm istiqamətinə çevriləcək.

Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər turizm sahəsində də özünü göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilir. Belə ki, son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanda turizmin inkişafına böyük təkan verir.

Hazırda bütün dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir sahələrindən biri sayılır. Ölkəmizin turizm potensialını dəyərləndirərkən qeyd etmək gərəkdir ki, Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Belə ki, Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları ölkəmizdən keçir. Həmçinin, Azərbaycan nadir təbii iqlim xüsusiyyətlərinə malik bir ölkədir, onun fauna və florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Azərbaycan florasının rəngarəngliyi ölkəmizə ilk dəfə gələn turistləri heyran edir.

 Bu il mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilmiş “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində ilk dəfə olaraq Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunmuşdur. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, mövcud  və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim edilmişdir.

Çoxsaylı maddi-mədəniyyət abidələrimiz erməni silahlı birləşmələri tərəfindən dağıdılsa da, meşələr yandırılaraq ekoloji terror törədilsə də, həmin ərazilərdə Azərbaycan Prezidentinin fərman və sərəncamları çərçivəsində bərpa işlərinə başlanılıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Həmçinin, Xocavəndin Hadrut qəsəbəsinin turizm imkanları da geniş və çoxşaxəlidir. Qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidələr, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlardan faydalanma qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir. Böyük turizm potensialının mövcudluğu Hadruta qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir:“... Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir.  ... Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır”.

 M.MİRZƏ,

“Respublika”.