“Qarabağ” ordenli qəhrəman
Region

“Qarabağ” ordenli qəhrəman

Azərbaycan  Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  rəşadətli Azərbaycan  Ordusu  böyük  şücaət  və  yüksək  döyüş  hazırlığı  göstərərək  27 sentyabr  2020-ci il tarixdən  başlayaraq  44  gün   müddətində  torpaqlarımızı  işğaldan, düşmən  tapdağından  azad  etdi. Vətən  müharibəsində  tarix  yazan  qəhrəman  Ordumuz,  əsgər  və  zabitlərimiz  Azərbaycanın  haqq uğrunda  mübarizə  aparmaq  əzmini,  əsl  döyüş  ruhunu  bütün  dünyaya  nümayiş  etdirdi.
Biləsuvarda  Vətən  müharibəsində  böyük  rəşadət  və  igidlik  göstərərək  şəhidlik  zirvəsinə  ucalan Əmənov  Məhəmməd  İltizam  oğlunun  xatirəsi  ehtiramla  anıldı.
Qəhrəman  şəhidimizin  anım mərasimində  iştirak  edən Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri  və ictimaiyyətin nümayəndələri  şəhidin ata ocağını ziyarət  edərək  valideynləri  ilə görüşdülər. Mərasimdə qəhrəmanımızın  şərəfli  döyüş  yolundan  söhbət açılıb,   bildirildi  ki,  Azərbaycan  xalqının qüruru , fəxri olan  şəhidlərimizin  xatirəsinin  bundan  sonra  da daim əziz  tutulacaq  və  dövlətimiz  hər zaman  şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir  zamanı  qəhrəman şəhidimizin  yaşadığı  evə  vurulan  xatirə  lövhəsinin  açılışı oldu.
Məhəmməd İltizam oğlu Əmənov  18 yanvar 1996-cı ildə   Biləsuvar  rayonunun  Bağbanlar  kəndində anadan olub.  Kənd tam  orta  məktəbində  orta  təhsil  almışdır. Məhəmməd  hərbi  xidmətini başa vurduqdan  sonra  yenidən  orduya  qayıdaraq  gizir  kimi xidmətini  davam  etdirməyə  başlayır.
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  uğrunda  27 sentyabr  2020-ci il tarixdən  başlayan  İkinci Qarabağ  müharibəsində  döyüşlərə Goranboy  istiqamətində  tank   komandiri  kimi  qatılan  Məhəmməd   Suqovuşanın  alınmasında,  Tərtər  bölgəsində  və  Ağdərə  istiqamətində  gedən  döyüşlərdə  şücaət  göstərmiş  və  düşmən  hücumunun  qarşısını  alarkən  qəhrəmancasına  şəhid  olmuşdur. Şəhid  Məhəmməd  Əmənov  20  oktyabr  2020-ci il tarixdə  Biləsuvar  rayonu  Bağbanlar  kənd  məzarıstanlığında  dəfn  olunmuşdur.
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin   ərazi  bütövlüyünün bərpa  edilməsində  xüsusi  xidmətlərinə  və  işğal  olunmuş  ərazilərin  azad  olunması  zamanı  düşmənin məhv  edilməsi  üzrə  qarşıya  qoyulmuş  döyüş  tapşırığını  yerinə  yetirən  zaman  göstərdiyi qəhrəmanlıq  nümunəsinə  görə,  həmçinin  hərbi qulluq   vəzifəsini  yerinə  yetirən  zamanı  igidliyin  və mərdliyin  nümayiş  etdirilməsinə  görə Məhəmməd  İltizam  oğlu  Əmənov  ölümündən   sonra "Qarabağ" ordeni,  "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları  ilə təltif olunmuşdur.   

                                  Ərəstun   ABDULOV,

                    “Respublika”.