Qarabağ erməniləri kimə inanır? 
Digər xəbərlər

Qarabağ erməniləri kimə inanır? 

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarına və talan edilməsinə etiraz olaraq Xankəndi-Laçın yolunda keçirilən aksiya davam edir. Nikbin ruhda davam edən aksiya mülki avtomobillərin sərbəst hərəkəti üçün açıqdır. Aksiyanın başladığı ilk gündən yolda humanitar yardım daşıyan avtomobillərin sərbəst hərəkətinə şərait yaradılmışdır. Əlbəttə ki, Azərbaycan dövləti və aksiya iştirakçıları bununla bir daha sübut edir ki, bölgədə yaşayan dinc erməni əhali ilə heç bir problem yoxdur. Əgər ekofəalların və yaxud da etiraz aksiyasına dəstək verən Azərbaycan hökumətinin hər hansı başqa bir məqsədi olsaydı, o zaman aksiya dinc, sivil formada keçirilməzdi. Göründüyü kimi, etirazçılar aylardır sırf ekoloji məsələlərlə bağlı şüarlarını səsləndirir, mübarizələrini davam etdirirlər.

Xankəndidən xəstələrin və ehtiyacı olan digər şəxslərin Ermənistana gediş-gəlişi ilə bağlı müraciətlərə ekofəallar humanist münasibət göstərərək sərbəst şəkildə hərəkətlərinə həmişə şərait yaradıblar. Ümumiyyətlə, yol hər zaman humanitar və digər yardımlar üçün açıq olub və heç bir məhdudiyyət qoyulmayıb.

Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr - bütün aksiya iştirakçıları qışın qarlı, şaxtalı havasında yüksək əzm və qətiyyət göstərərək öz etirazlarını davam etdirir və tələbləri yerinə yetirilməyənə kimi aksiyanı dayandırmayacaqlarını bildirirlər.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas zamanı canfəşanlıq göstərməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan Laçın-Xankəndi yolundakı etiraz aksiyaları ilə bağlı narahatlığını bildirmişdir. Paşinyanın kasad, bir az da savadsız çıxışlarından onu sezmək olar ki, onun ya bu proseslərdən anlayışı yoxdur, ya da baş verənlər onun üçün o qədər də maraqlı deyil. Çünki ekofəalların aksiyasına başqa don geyindirməyə çalışan baş nazir sərsəm mülahizələr yürütmüşdür. Onun fikrincə, hazırda Qarabağda humanitar böhran baş verir. Elektrik enerjisinin və qaz təchizatının verilməsi sahəsində də məhdudiyyətlər var. Bu vəziyyət Paşinyanı çox qorxudur.

Məsələ ilə bağlı həqiqətlərin sübutu isə özünü çox gözlətməyib. Azərbaycan Prezidenti İlham Əliyev Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı açıqlama verərək bildirib ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Bu, bir daha onu sübut edir ki, Laçın-Xankəndi yolunda heç bir blokadadan söhbət gedə bilməz. Hər şey aydındır, gizli, qapalı heç nə yoxdur. Əslində, ilk gündən ekofəallar beynəlxalq təşkilat və qurumları bölgəyə dəvət edərək vəziyyətlə yerində tanış olmağa çağırmışlar. O ki, qaldı Paşinyanın sərsəm çıxışlarına, o, özü də qeyd edir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizinin işlək vəziyyətdə saxlanılması Azərbaycan və Rusiya sülhməramlılarının öhdəliyidir. Bəli, elədir. Bu gün Laçın-Xankəndi yoluna nəzarət edən və gediş-gəlişi nizamlayan məhz Rusiya sülhməramlılarıdır. Azərbaycan isə sadəcə özünəməxsus olan ərazinin bir nöqtəsində dayanıb, sivil yolla dinc aksiya keçirir. O zaman hansı qorxudan, təhlükədən danışmaq olar, Nikol Paşinyan? Əgər, bir mülki erməni Qarabağda Azərbaycan Ordusunun postuna yaxınlaşaraq kömək istəyirsə və azərbaycanlılar da ona lazım olan köməkliyi göstərərək Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına təhvil verirsə, o zaman nədən qorxursunuz, yoldaş Paşinyan? Əslində, qorxmalısınız. Bilirsiniz nədən? Qarabağda yaşayan ermənilərin sizə etibar etməməsindən, inanmamasından. Demək ki, Qarabağda yaşayan sadə erməni belə sizdən məntiqli düşünür. O, Ermənistandan çox, Azərbaycan dövlətinə inanır, güvənir. Elə bu səbəbdən də, yardım üçün məhz azərbaycanlılara yaxınlaşır. Əslində, bu fakt aksiyanın dinc xarakter daşıdığını sübut edir. Digər tərəfdən, Qarabağda yaşayan ermənilərin Ermənistan tərəfindən necə acınacaqlı vəziyyətdə saxlandıqlarının şahidi oluruq.

Ehtiyacları ödənən erməni sakin qarşılaşdığı münasibətdən razılıq əlaməti olaraq Xankəndiyə yola salınarkən, aksiya keçirən azərbaycanlılara "sağ ol" deyib. Ona görə ki, Azərbaycanda insan olduğunu, vətəndaş olduğunu hiss edib. Bəs Nikol Paşinyana etdiklərinə görə kim sağ ol deyib? Bu gün acam deyərək Azərbaycan postuna yaxınlaşıb kömək istəyən erməni başa düşür ki, Qarabağda yaşayanlar birmənalı şəkildə Azərbaycan vətəndaşlarıdır. Və ehtiyacı olan yardımı, köməyi də Azərbaycandan istəməlidir. Yoldaş Paşinyan, ağlayıb, sızlayıb gündə bir dövlətin ətəyindən yapışmaqdansa, otur yaxşı-yaxşı fikirləş. Azərbaycanlıların gözəl bir el məsəli var, deyir, "Papağını qoy qarşına fikirləş". Nikol Paşinyan, sən isə sadəcə olaraq fikirləş, çünki o papaqdan səndə yoxdur...

Ramidə YAQUBQIZI,

"Respublika".