Qarabağ dünya səyahətsevərlərinin gözü ilə
Digər xəbərlər

Qarabağ dünya səyahətsevərlərinin gözü ilə

Keçmiş zamanlardan bəri Azərbaycana səyahət edən səyyahlar, tarixçi alimlər qələmə aldıqları xatirələrində, yol qeydlərində Qarabağ torpağının zəngin tarixi-mədəni irsinə, füsunkar təbiətinə diqqət çəkmiş, qədim yurd yerimizə olan heyranlıqlarını ifadə etmişlər. Təəssüf ki, öz əsrarəngizliyi ilə seçilən bu torpaqlar işğal altında qaldığı 30 il müddətində erməni vandallığının qurbanı olmuş, tarixi abidələrimiz dağıdılmış, münbit torpaqlarımız ekoloji terrora məruz qalmışdır. Erməni barbarlığına şahid olan Qarabağın Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilməsindən qısa müddət keçməsinə baxmayaraq bərpa və dirçəliş dövrünə qədəm qoyub. Gülüstana çevrilməkdə olan ərazilərimiz isə yenidən xarici səyyahların diqqətini çəkir. Dünyanın müxtəlif ölkələrindən gələn səyahətsevərlər Qarabağ salnamələrinin yeni səhifələrini yazmağa can atırlar.

Bu prosesdə ekstremal yerlərə səfərlər edən beynəlxalq səyahətçilərin birləşdiyi Ekstremal Səyyahların Beynəlxalq Konqresi, beynəlxalq standartları müəyyən edən dünya miqyaslı "Nomadmania" klubu, eləcə də türklərin üstünlük təşkil etdiyi "Türkiyə Gəzginlər Klubu" aktiv rol oynayır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib.

Səfərlərdən ilki 2021-ci il sentyabrın 27-də 30-dan çox səyyahın yer aldığı heyətin Qarabağa ziyarəti ilə başlayıb. Bakı-Füzuli marşrutu üzrə kommersiya təyinatlı ilk sınaq uçuşu həyata keçirilib. Beləliklə, xarici qonaqlarımız Füzuli Beynəlxalq Hava Limanına səfər etmiş ilk sərnişinlər olublar. Ölkələrinə qayıdan səyyahlar yazdıqları məqalələrdə bu fakta xüsusi diqqət ayırıblar. Ekstrim Səyyahlar Beynəlxalq Konqresi təşkilatının rəhbəri Koje Şporli vətəninə qayıtdıqdan sonra şəxsi bloqunda illər sonra Füzuli hava limanına səfər etmiş ilk şəxslər olmaqdan qürur duyduğunu yazmışdı. Həmin dövrdə dünyaca məşhur nəşrlərdə də belə məqalələrə rast gəlmək mümkün idi. Çünki cəmi bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz müharibənin ildönümündə sərnişin təyyarəsinin enməsi həm də tarixi Zəfərin nəticəsi kimi rəmzi məna daşıyırdı.

20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri isə 2022-ci il fevralın 16-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb. Cıdır düzündən açılan mənzərədən zövq alan səyyahlar Ağdama yollanıb, orada tanınmış fotoqraf Reza Deqatinin "Ağdamın dünəni və bu günü" adlı sərgisində iştirak ediblər. Bu torpaqların müharibədən əvvəlki vəziyyətini şəkillərdən görən qonaqlar yerli və xarici jurnalistlərə Ağdama həyatın yenidən qayıtdığını deyiblər. Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edib, törədilmiş urbisidi öz gözləri ilə görüblər. Bu regiona səfər Zəngəzur dəhlizinin açılması istiqamətində dünya ictimaiyyətinin Ermənistana təzyiqlərinin artmasında da mühüm rola malikdir.

Ötən il iyunun 18-də isə beynəlxalq səyyahların işğaldan azad olunmuş torpaqlarımıza 3-cü səfəri baş tutub. 10 ölkəni təmsil edən 24 səyyah və blogerlərdən ibarət qrup ilk "Ağıllı kənd"lə tanış olublar. Qonaqlara Zəngilanda həyata keçirilən pilot layihə haqqında məlumat verilib. Bu səfər beynəlxalq ictimaiyyəti Azərbaycanın Vətən müharibəsindən sonra geri qaytardığı ərazilərdə innovativ tədbirlər görməsi, eləcə də alternativ enerji mənbələrindən istifadəni təşviq etməsi barədə məlumatlandırması baxımından müstəsna rol oynayıb.

2022-ci il sentyabrın 8-də beynəlxalq səyahətçilərin Qarabağa növbəti ziyarəti baş tutub. Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın səyyah ilk olaraq Şuşa şəhərinə yollanıb, buranın tarixi məkanları və təbiəti ilə tanış olublar. 3 gün davam edən səfər zamanı onlar Füzulinin Alxanlı kəndində yerləşən qədim məscidə baş çəkiblər. Qonaqlar işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat əldə ediblər. Bununla da, xarici ölkələrin nümayəndələri erməni ictimaiyyətinin necə tolerantlıqdan uzaq, din düşməni olduğunu öz gözləri ilə görüblər. Bu səfər zamanı səyyahlar Xocavənd rayonunda yerləşən Azıx mağarasına da baş çəkib, tarix kitablarından oxuduqlarını əyani şəkildə müşahidə etmək fürsəti əldə ediblər. Səfər təəssüratlarını bölüşən səyyahlar gördüklərindən heyrətə gəldiklərini deyiblər. Beynəlxalq səyahətçilər qrupunun üzvü tailandlı Ponqtarin Tanthasindhu təəssüf hissi ilə bildirib ki, burada hər tərəf dağıntı içərisindədir. Amma sevindirici hal odur ki, Azərbaycan hökuməti bu regionun yenidən dirçəlməsi məqsədilə genişmiqyaslı tikinti-bərpa işləri aparır. O, həmçinin bildirib ki, ermənilərin basdırdığı minalar səbəbindən turistlərin bu yerlərə sərbəst səfər etmək imkanı yoxdur: "Ümid edirəm ki, bir gün bütün minalar təmizləndikdən sonra insanlar bu ərazilərin gözəlliyinin bir daha şahidi olacaqlar". Bu fikirlər Qarabağa edilən səfərlərin yüz illər boyu özlərini qərbə "məzlum" kimi tanıtmağa çalışmış ermənilərin əsl sifətini aşkara çıxarmaq üçün effektiv üsul olduğuna işarə edir.

Ötən ilin 29 oktyabr tarixində isə Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyəti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edib. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhərin, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara heykəllər barədə məlumat verilib. Qeyd olunub ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb. Beynəlxalq səyahətçilərin 3 günlük səfəri işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayıb. Bu səfərin həm də rəmzi mənası var idi. Belə ki, Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyəti 29 Oktyabr - Türkiyənin Cümhuriyyət bayramını məhz Şuşada qeyd ediblər. Bu isə Azərbaycan-Türkiyə qardaşlığının gücündən qorxan düşmənlərimiz, eləcə də müttəfiqliyimizə gizli-gizli həsəd aparanlara əsl mesaj idi.

Hazırda 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Qarabağda səfərdədir. Füzulidən başlayan səfər çərçivəsində xarici qonaqlar Qarabağın hava qapısı - Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıqdan sonra Xocavənd rayonundakı Azıx mağarasına gəliblər. Onlar işğal dövründə bu tarixi-mədəni abidənin də talan edilməsi, ərazidə qanunsuz tədqiqat və qazıntı işlərinin aparılması barədə faktlarla yerində əyani şəkildə tanış olublar. Səyyahlar Şuşa şəhərini də ziyarət ediblər. Şəhərin girişində beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunda iki aya yaxındır fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə də söhbət ediblər. Aksiya fəalları tələbləri barədə məlumat veriblər. Bildirilib ki, bu aksiya Azərbaycanın suveren ərazisində mədəni sərvətlərin qanunsuz istismarına, talanmasına və daşınmasına qarşıdır. Xarici səyyahlar qrupu üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Son olaraq onu qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizə edilən səfərlər Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını dünyaya göstərir. Bu isə dünyanın biznes və turizm elitasının Qarabağa, Şərqi Zəngəzura marağını artırır.

Jalə QASIMZADƏ,

"Respublika".