Qara torpağa bağlılıq məhsul yığımında üz ağardır
Region

Qara torpağa bağlılıq məhsul yığımında üz ağardır

Aqrar sahədə işlərin qızğın vaxtıdır. Fermerlər arpa biçinini başa çatdırıb, buğda biçininə hazırlaşırlar. Pambıq sahələrində becərmə işləri davam etdirilir. Bostanların məhsulu toplanır. Qarğıdalı, şəkər çuğunduru sahələrində suvarma işi görülür. Bir sözlə, isti yay günləri kənd adamının ən qayğılı günləridir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov havaların isti keçməsinə, iş şəraitinin əlverişsiz olmasına baxmayaraq aqrar sahənin bütün istiqamətlərində əldə olunan məhsuldarlıqdan razılıq etdi:

- Bildiyiniz kimi, Kürdəmir torpaqlarında yüksək məhsuldarlığa nail olmaq o qədər də asan başa gəlmir. Torpaq bir elə məhsuldar deyil. Suvarma suyunun əsas mənbəyi - Kür çayı əkin sahələrindən kənardadır. Bir sözlə, kəndçinin qayğısı çoxdur. Rayon Aqrar İnkişaf Mərkəzinin üzərinə bir sıra vəzifələr düşür. Mərkəzdə vətəndaşların qəbulu gündəlik olaraq  təşkil olunur. Problemlər dinlənilir, təkliflər, təşəbbüslər nəzərə alınır. Fermerlərə əməli köməklik göstərməyə çalışırıq.

Rayonda 2021-ci il üçün 38.878 hektarda payızlıq taxıl əkini aparılmışdır. 12.117,8 hektarda buğda, 26.760,20 hektarda arpa becərilmişdir. İyun  ayının 23-nə kimi 20.791 hektarda arpa biçini aparılmış, 65.706,274 ton məhsul toplanmışdır. Hər hektardan 30,8 sentner məhsul toplanmışdır ki, bu da Kürdəmir şəraitində fermerləri qane edən göstəricidir.

Arpa biçinində yüksək məhsuldarlıq əldə edən Xırdapay kənd sakini Elşən Hacıyev, Qarsaqqal kəndindən Cümşüd Babayev becərmə müddətində aqrotexniki qaydalardan lazımınca istifadə etmiş, əkinlərdə suvarmanı optimal müddətdə aparmışlar. Direktor onu da bildirir ki, artıq buğda biçininə start verilmiş, ilk günlərdən hektardan 31,6 sentner buğda götürən fermerlər məhsuldarlıqdan razılıq edirlər.

Kürdəmirdə ənənəvi məhsul-pambıq məhsulu üçün çiyid səpini cari ildə də davam etdirilmişdir. Bu il "P-Agro"1200, "MKT" 535,5, "Kürdəmir-Pambıq" ASC 753,4, "Azəri Pambıq" 30 hektarda pambıq becərirlər. Ümumilikdə 2515,55 hektardan məhsul götürmək nəzərdə tutulur. "Ağ qızıl" ustaları hazırda becərmə aparır, bitkinin çıxışından razılıq edirlər.

Cari ildə rayona 20 min ədəd yerli tut tingi gətirilmiş, 20 nümayəndəliyə paylanaraq əkin aparılmışdır. 176 nəfər kümçü təhvil aldıqları 500 qutu ipəkqurdunu bəsləyərək, 13685,15 kiloqram barama istehsal etmişlər. Çöhranlı kəndindən Mübariz Hacıyev 166,5 kiloqram, Köhünlüdən Abduləhəd Xəlilov 120,7 kiloqram, Xırdapaydan Əhmədağa İskəndərov 253 kiloqram yaş barama təhvil verərək ailə büdcəsinə gəlir gətirmişlər.

Kürdəmirin bostan məhsulları öz dadı-tamı ilə seçilir. Bostanlarda becərilən qarpız, yemiş, pomidor, bibər, digər məhsullara tələbat böyükdür. Cari ildə fermerlər 2560 hektar sahədə bostan, 1696 hektarda tərəvəz becərmişlər. Hazırda Kürdəmir məhsulları daxili və xarici bazarlara çıxarılır.

Rayonda 5880 arı ailəsi olan 293 nəfər arıçı Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçib öz peşəsini davam etdirir. Başqa məhsullar kimi, Kürdəmir balı da alıcılar tərəfindən yüksək qiymətləndirilir.

Heyvandarlar baytarlıq təbabətinin imkanlarından istifadə edib süni mayalandırma tədbirləri görür, cins mal-qaranın baş sayını artırırlar. Bu və digər tədbirlərin nəticəsidir ki, cari ildə ət və süd istehsalı sahəsində nəzərdə tutulan göstəricilər qaneedicidir.

Kürdəmirə təbiət sərt hava iqlimi bəxş edib. Bu yerlərdə yay isti, qış soyuq olur. Sakinlərdə olan torpağa bağlılıq hissi təbiətin çətinliklərini unutdurur, qara torpaq məhsul yığımında üz ağardır.

Tofiq HÜSEYN,

"Respublika".