Qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilir
Digər xəbərlər

Qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilir

22 NOYABR ƏDLIYYƏ İŞÇILƏRININ PEŞƏ BAYRAMI GÜNÜDÜR

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə təsis edilən Ədliyyə Nazirliyi Azərbaycanın dövlətçiliyi tarixində şərəfli yol qət etmişdir. Tarixi şəraitin mürəkkəbliyinə və ixtisaslı kadrların məhdudluğuna baxmayaraq, Ədliyyə Nazirliyi tərəfindən ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı istiqamətində xeyli işlər görülmüşdür. Əsasnaməsi 22 noyabr 1918-ci ildə təsdiq edilən Ədliyyə Nazirliyi dövlətçiliyimizin müxtəlif dövrlərində mövcud şəraitə uyğun qanunvericilik sisteminin yaradılmasında və onun dövrün tələbinə uyğun təkmilləşdirilməsində mühüm rol oynamışdır.

Ədliyyə işçiləri hər il noyabr ayının 22-də öz peşə bayramlarını geniş və təntənəli şəkildə qeyd edirlər. Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı ədliyyə işçiləri tərəfindən böyük ruh yüksəkliyi və yeni-yeni nailiyyətlərlə qarşılanır.

"Dəmir Yumruq" sayəsində 44 günlük Vətən müharibəsini zəfərlə başa vuran, Heydər Əliyevin dövlətçilik məktəbi ənənələrini dərindən mənimsəyən və onu müasir dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində həyatın bütün sahələrində əldə olunan tərəqqidən ruhlanan xalqımız kimi, bütün ədliyyə işçiləri tərəfindən də bu bayram xüsusi əhvali-ruhiyyə ilə qeyd olunur.

Qanunun aliliyi, insan hüquq və azadlıqlarının etibarlı təminatı, hüquq institutlarının möhkəmləndirilməsi, əhaliyə yüksəkkeyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, ədalət mühakiməsinin və cəzaların icrası işinin səmərəliliyinin artırılması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur. Ölkə başçısının 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılmışdır.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilmiş Probasiya nəzarəti ilə bağlı normalar daxil edilərək Probasiya Xidmətinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrasının təşkili, cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan, müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi həvalə olunmuşdur.

Bundan əlavə, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və ya cəzasının çəkilməsi təxirə salınmış, alkoqolizmdən, narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər üzərində qanunvericiliklə və ya məhkəmə tərəfindən qoyulmuş vəzifələrin icrasına nəzarət, məhkumların islah edilməsi, sosial adaptasiyası və reabilitasiyası, inzibati tənbeh qismində tətbiq edilmiş ictimai işlərin icrası da Probasiya Xidmətinin səlahiyyətlərinə aid edilmişdir.

Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması və alternativ cəzaların effektivliyinin artırılması barədə ölkə başçısının tapşırıqlarına, habelə, "Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq probasiya işinin icra xidmətindən tədricən ayrılması imkanları çərçivəsində Ədliyyə nazirinin 07 dekabr 2020-ci il tarixli 27-T nömrəli əmri ilə yaradılmış Bakı Şəhər Probasiya İdarəsi 01 fevral 2020-ci il tarixdən fəaliyyətə başlamışdır.

Yeni təşkil edilmiş Bakı Şəhər Probasiya İdarəsi müasir standartlara cavab verən, informasiya-kommunikasiya avadanlıqları ilə tam təchiz edilmiş inzibati bina və peşəkar kadr heyəti ilə təmin olunmuşdur.

Bakı Şəhər Probasiya İdarəsinin əməkdaşları tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, o cümlədən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər və ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 4200-dən çox şəxsin qanunvericiliyin tələblərinə, cəmiyyətdə ümumdavranış qaydalarına, əməyə və təhsilə vicdanlı münasibət ruhunda tərbiyə edilməsinə, onların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirlər həyata keçirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində idarənin qeydiyyatında olan yetkinlik yaşına çatmayan məhkumların həssas qrup olmasını nəzərə alaraq onlar üzərində spesifik nəzarət müəyyənləşdirilir. Bununla yanaşı, azyaşlıları qanunlara hörmət ruhunda tərbiyələndirmək, onların peşəyönümlü ixtisaslara yiyələnmələri məqsədilə valideynləri, təhsil müəssisələri, qeydiyyatda olduqları rayonlar üzrə icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, müxtəlif qeyri-hökumət təşkilatları ilə sıx əlaqə yaratmaqla mütəmadi tədbirlər keçirilir.

Cəmiyyətdə ağ ölüm kimi qəbul edilən, insanların mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın acı nəticələri barədə yetkinlik yaşına çatmayan məhkumların maarifləndirilməsi məqsədilə valideynlərin, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşlarının, Bakı Narkoloji Dispanserinin həkim narkoloqunun və kütləvi informasiya nümayəndələrinin iştirakları ilə tədbirlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir.

Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlıqlarını bildirərək Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaqla probasiya nəzarəti tətbiq edilən şəxslərlə həyata keçirilən, onların sosial adaptasiya və reabilitasiyası sahəsində aparılan işlərdə uğurlu nəticələrin əldə olunması, fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun qurulması istiqamətində əzmlə səylərini artırırlar.

Günay MƏMMƏDOVA,

Bakı Şəhər Probasiya İdarəsinin

böyük məsləhətçisi,

II dərəcəli ədliyyə qulluqçusu.