QANUNSUZ KÜÇƏ TİCARƏTİ YOLVERİLMƏZDİR         
Region

QANUNSUZ KÜÇƏ TİCARƏTİ YOLVERİLMƏZDİR         

Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti  nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycanın bütün regionlarında sürətlə aparılan tikinti-quruculuq və abadlıq işləri ilə şəhər, qəsəbə və hətta ucqar kəndlərimiz gözəlləşir, yüzlərlə yeni iş yerləri açılır, insanların firavan yaşayışı üçün ideal şərait yaradılır. Məhz bu baxımdan respublikaya qədəm qoyan qonaqlar insan əli ilə yaranan  bu gözəlliyə, səliqə-sahmana valeh olurlar.

Əfsuslar ki, son vaxtlar respublika ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanların sayı getdikcə artır, bu isə şəhərlərin gözəlliyinə, imicinə xələl gətirir. Eyni zamanda, ticarətin sonunda  (axşam vaxtı) qalmış zir-zibillər, xarab olmuş meyvə-tərəvəzlər  satıcılar tərəfindən həmin vaxt yığışdırılmır, qalıb antisanitariya və virus mənbəyinə çevrilir.

Respublikanın ikinci şəhəri olan Gəncə şəhərində də belə neqativ hallar mövcuddur. Belə ki, şəhərin mərkəzində sakinlərin gediş-gəlişinə, şəhər nəqliyyatının hərəkətinə mane olan yerlərdə, səkilərdə aparılan küçə ticarəti haqlı olaraq böyük narazılıqlara səbəb olur. Bunların qarşısının alınması üçün şəhər rəhbərliyi tərəfindən mütəmadi müvafiq tədbirlər görülür.

Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin iştirakı ilə reyd keçirilib. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib. Gəncənin mərkəzi olan Nizami prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara ciddi xəbərdarlıq edilib.  Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və  Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər və tövsiyələr verərək, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Keçirilən reyd sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə ki, sakinlər də səkilərdə, gediş-gəliş çox olan yerlərdə, vətəndaşların hərəkətinə mane olan ərazilərdə, yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə, yaraşıqlı tərtibatına və gözəlliyinə xələl gətirdiyini  xüsusi qeyd ediblər. Eyni zamanda, reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Reydlər bundan sonra da davam etdiriləcək.

Zabit XƏLİLOV,

“Respublika”.