Qanı və canı ilə tarix yazan igid
Sosial həyat

Qanı və canı ilə tarix yazan igid

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Döyüş meydanında Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın faşist xislətli ermənilərin işğalı altında olan şəhər, qəsəbə və yaşayış məntəqələrini, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi.

 Azərbaycan Ordusun “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin dərsini döyüş meydanında verdi. Ədaləti, haqqı bərpa edərək düşmən üzərində qələbə qazandı. Müzəffər Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar sayəsində neçə-neçə cəsur oğullarımız şəhidlik zirvəsinə ucaldı, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən ölüm-dirim savaşında qəhrəmanlıq, cəsurluq nümunəsi göstərdi.

Öz ölümü ilə ölümsüzlüyə qovuşanlardan biri də Vüsal Qüdrət oğlu Məmmədov oldu. Polad biləkli, mübariz ruhlu igid ən çətin döyüşlərdə əsgərlərimizin düşünən beyni, vuran əli oldu. Vüsal hərbçi idi. Vətən müharibəsi başlananda cəmi 7 ay idi ki, ailə həyatı qurmuşdu.

Valideynləri ilə görüşüb cəbhəyə, odlu səngərlərə yollanan Vüsal Vətən müharibəsində hər qarış torpaq uğrunda mərdliklə vuruşdu. Ağır döyüşlərdə düşmənə qan uddurdu, ölümündən qorxmadı.

12 oktyabr 2020-ci ildə Vüsal Məmmədov Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Son nəfəsdə ana əvəzinə torpağı qucaqladı.

Vətən uğrunda şəxsi igidlik göstərdiyinə görə  Vüsal ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunması” uğrunda medallara layiq görüldü.

Vüsalın valideynləri qəhrəman oğulları ilə fəxr edirlər. Düşünürlər ki, adı Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan Vüsal bütün Azərbaycan xalqının oğludur.

 Aylar, illər ötəcək  yurdunda böyüyən Hüseyn Vətənin layiqli övladlarından olacaq. “Qarabağ” ordenli, öz ölümü ilə  ölümsüzlüyə qovuşan Vüsal Məmmədov həmişə  xalqımızın qəlbində daim yaşayacaqdır. Abşeron rayonundakı  Mehdiabad kəndinin 5 nömrəli tam orta məktəbinin IIIb  sinfinə  Vüsalın adı verilib.

Bu günlərdə  məktəbdə şəhid Vüsal  Məmmədovun xatirəsi anıldı. Vüsalın ailə üzvləri də tədbirdə iştirak edirdi.

Tədbirdə “Qarabağ “ordenli,  şəhidlik zirvəsinə ucalmış Vüsal Məmmədovun ömür yolunu əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Müəllimlərdən  Sahilə Xəlilova,  Təranə Musayeva çıxış edərək Vətən müharibəsində  qəhrəmanlıq göstərən,  rəşadətli döyüş yolu keçən “Qarabağ”  ordenli Vüsal Məmmədov haqqında xoş xatirələrini danışdı.

Qədir ASLAN,

“Respublika”.