QAN YADDAŞIMIZIN KƏDƏRLİ SƏHİFƏSİ
Tarix

QAN YADDAŞIMIZIN KƏDƏRLİ SƏHİFƏSİ

5-15 dekabr 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın sonuncu deportasiyası başa çatdı

Yaddaş dünənlə bu günümüzü, bu günümüzlə sabahımızı, keçmişimizlə gələcəyimizi birləşdirən bir körpüdür. Onun hər zaman etibarlı olması üçün hər birimiz əlimizdən gələni etməliyik. Hər bir yeni nəsil bu yaddaş körpüsünü artırmağa, onun etibarlılığını, əbədiliyini təmin etməyin qayğısına qalmağa, onu zənginləşdirməyə borcludur. Əks halda, düşmənlər bizə məxsus olan yaddaş abidələrimizi də oğurlayar, öz adlarına çıxararlar. Necə ki, ermənilər zaman-zaman oğurlayıblar və bu gün də bu mənfur oğurluqdan əl çəkmək niyyətində deyillər.

Məsələn, hazırda "Ermənistan" adlanan əzəli Qərbi Azərbaycanın Amasiya, Sisyan, Meğri, Basarkeçər, Kalinino rayonlarının ərazilərində, habelə digər yerlərdəki qayalıqlarında həkk olunmuş rəsmlər, cizgilər, yazılar Qobustan, Gəmiqaya kimi antik mədəniyyət abidələrimizlə eyni ruhun və mənəvi təfəkkürün kitabələridir. Ancaq Pavel Safyan kimi çoxsaylı erməni dələduz və saxta tarixçilərdən biri Sisyan rayonundakı Şəki təsvirlərinin şərhini verərkən vaxtilə özü qədər saxta kitab-albom dərc etdirmişdir. Erməni həyasızlığına tam uyğun bir şəkildə iddia edirdi ki, Cənubi Qafqazda qayalıqlar üzərində həkk olunmuş bütün təsvirlər ermənilərə məxsusdur. Həmin sayıqlamalar, şübhəsiz ki, təkcə erməni həyasızlığının son həddi deyildi. Bu, bir tərəfdən, şərti olaraq indiki Ermənistan ərazisində qalan və azərbaycanlılara məxsus mədəniyyət nümunələrinin sayı-hesabı bilinməyən erməniləşdirilməsi cəhdlərindən biri, digər tərəfdən isə əzəli Qərbi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlının qalmamasının, belə demək mümkündürsə, "elmi tutalğacıdır".

Tariximizin ən qəmli, qanlı-qadalı səhifələri, heç şübhəsiz, soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlıdır. Bu torpaqlardan azərbaycanlıların sonuncu deportasiyası 1988-ci il dekabrın 5-də başlamış, 15-də isə sona çatdırılmışdır.

Həmin faciəli günləri yada salmaq nə qədər ağırdırsa, milli yaddaşımızın qorunub saxlanılması, tarixi torpaqlarımıza qayıdışın mütləq şəkildə reallaşdırılması baxımından bir o qədər mühüm və əhəmiyyətlidir. Çünki orada milli mədəniyyətimizin, milli qürurumuzun, milli mənliyimizin və təfəkkürümüzün mühüm və ayrılmaz parçası soydaşlarımızın qanı ilə hələ də örtülü qalmaqdadır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demişdir ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizlə biz erməni faşizmini məğlub etdik, ancaq məhv etmədik. Tam əminliklə deyə bilərik ki, qüdrətli dövlətimizin növbəti tarixi Zəfəri Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızın qayıtması olacaq. Və bu qayıdış ata-babalarımızın qisasını almağa, ana-bacılarımızın göz yaşlarını birdəfəlik silməyə imkan verəcək. Buna qədər isə həmin ağrılı günləri dönə-dönə yada salmaq, erməni faşizminin yer üzündən tam silinməsi üçün onun mahiyyətini çılpaqlığı ilə bir daha nəzərdən keçirmək lazımdır. Çünki bu iyrəncliyin həddi-hüdudu, insani siması, rəhmi və humanistliyi yoxdur, olmayıb və olmayacaq...

Ermənistan EA-nın müxbir üzvü, Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: "Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək imkanı verilib. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm". Bu, təkcə Kazaryana məxsus ideya xətti deyil. Bütün erməni ideoloqları iki əsrə yaxın müddət ərzində türklərə və azərbaycanlılara qarşı nifrətlə yaşamış, öz törəmələrini bu ruhda tərbiyə etmişdilər.

Artıq 1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana xeyli soydaşımız pənah gətirmişdi.

Noyabrın 17-də Bakıda "Azadlıq" meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi Opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi mitinqçilərin tələbi ilə sessiyanın gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini "qayda-qanunu bərpa etmək" adı altında yerlərə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlı əhalisindən təmizləmək aksiyasını başa çatdırsınlar.

Rusiya tarixçisi Yuri Pompeyev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edirdi: "Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: "Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!".

Erməni şovinistləri noyabrın 25-dən 26-na keçən gecə keçmiş Kirovakan, hazırda isə Vanadzor şəhərinə bitişik Şaumyan (əvvəlki adı Vartanlı olmuşdu) kəndə silahlı hücum etmiş, 14 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüş və yandırmışdılar. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar.

1988-ci il noyabrın 28-də Spitak (Hamamlı) rayonunda da azərbaycanlılara qarşı qırğınlar törədilmişdi. 3 nəfər öldürülmüş, 7 nəfər ağır yaralanmışdı.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsinə qədər Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törədirdilər. Erməni quldurları Stepanavan (Cəlaloğlu) rayonunun Kuybışev kəndində 3 azərbaycanlını soyuq silahla qətlə yetirmişdilər. Gərgər kəndində isə bir qadını diri-diri yandırmış və meyitini zibilliyə atmışdılar.

Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olan "Kommunist" qəzetinin 13 dekabr 1988-ci il tarixli sayında dərc edilən "Fəlakət anı, məsuliyyət anı" məqaləsində yazılırdı: "Qarabağ" komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar azərbaycanlıların kütləvi surətdə çıxarılmasına fitva verdilər. Bu cür "missiya" ilə bəzi "xadimlər" Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər".

Daha sonra qəzet yazırdı ki, azərbaycanlıların deportasiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişlər: "1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi.

Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyinərək özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdı. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onları maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.

Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdu. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşdular.

SSRİ Prokurorluğunun məlumatında bildirilirdi ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılıb, onlardan 283-ü istintaq aidiyyəti üzrə Azərbaycana göndərilmişdi. Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdu.

1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdı.

Məhz SSRİ-nin məsul vəzifəli şəxslərinin ermənilərə arxa durmasının nəticəsidir ki, ümumilikdə 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.

1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29,8 min kvadratkilometr) 25 faizini, yaxud təqribən 7,5 min kvadratkilometr təşkil edirdi. Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başlayıb. İndiyədək Ermənistanda 700-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib. Hazırda əzəli Qərbi Azərbaycan torpaqlarında monoetnik qondarma, faşist erməni dövləti yaradılıb.

Emin QASIMOV,

"Respublika".