Qalib ordu—yenilməz əsgər
Region

Qalib ordu—yenilməz əsgər

Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edilib

Tərtərdə elə bir ailə tapılmaz ki, üzvü, ya da yaxın qohumu şəhid, qazi, müharibə iştirakçısı olmasın. Ordumuzun, Ali Baş Komandanımızın gücünü özlərinə arxa, dayaq bilən tərtərlilər indi xoşbəxtdirlər ki, artıq 26 İyun – Silahlı Qüvvələr Gününü ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu şəraitdə qeyd edirlər. Rayon ərazisində yerləşən N saylı hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri 26 İyun --Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Qeyd edib ki, bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsində ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib.

Tədbirdə digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bildiriblər ki, bu gün  güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.

Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Vəli VƏLİYEV,

“Respublika”.