Qalib ölkənin qürurlu  vətəndaşlarıyıq
Siyasət

Qalib ölkənin qürurlu  vətəndaşlarıyıq

Möhtərəm Prezidentimiz tərəfindən irəli sürülən və reallaşdırılan yeni təşəbbüslər Azərbaycanda sosial tədbirlərin davamlı, məqsədyönlü xarakter daşıdığını əməli təsdiq edir

Ölkəmizin iqtisadi-maliyyə imkanları gücləndikcə əhalinin rifah halının yüksəldilməsinə yönəldilən tədbirlərin də əhatə dairəsi genişləndirilir

“Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır” -- deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, son illər ərzində  bölgələrə yüzlərlə səfəri olub və bu müntəzəm həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyi  tapşırıqlar yerində  yoxlanılır, səfər çərçivəsində həm də infrastruktur layihələrinin istismara verilməsində iştirak edir, təməlini qoyur. İstifadəyə verilən bu çoxsaylı sənaye müəssisələri, idman obyektləri, yollar, elektrik, qaz, içməli su və kanalizasiya xətləri  görülən genişmiqyaslı işlərin əhəmiyyətinin, həcminin ifadəsinə çevrilir, eyni zamanda, onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.

Beynəlxalq arenada da təqdir olunduğu kimi, Azərbaycan sosial dövlətdir. Dövlət başçısı hər zaman bu amili xüsusi vurğulayır. Bildirir ki, ölkəmizdə aparılan siyasət vətəndaşların maraqlarını təmin edir, respublikamızın iqtisadi-maliyyə imkanları gücləndikcə əhalinin rifah halının yüksəldilməsinə yönəldilən tədbirlərin də əhatə dairəsi genişləndirilir. Bu məqsədlə möhtərəm Prezidentimiz tərəfindən irəli sürülən və reallaşdırılan yeni təşəbbüslər   Azərbaycanda sosial tədbirlərin davamlı, məqsədyönlü xarakter daşıdığını əməli təsdiq edir. Ölkəmizdə bilavasitə vətəndaşların sosial təminatlarının artırılmasına, gəlir imkanlarının qorunmasına hesablanan və böyük maliyyə tutumuna malik olan sosial paketlərin icrası Azərbaycan dövlətinin gücünü və niyyətini ifadə edir.  Birləşmiş Millətlər Təşkilatı tərəfindən bəyan edilən Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə doğru inamla irəliləyən respublikamızda inklüziv inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb, ehtiyacı olan bütün vətəndaşlar, aztəminatlı ailələr, həssas qruplardan olan insanlar geniş dövlət dəstəyi ilə əhatə olunublar. Bu kontekstdə şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə göstərilən dövlət qayğısını xüsusi qeyd etmək lazımdır.

Bu günlərdə daha bir möhtəşəm layihənin icrasına başlanılıb. Sumqayıt şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin iştrakı ilə güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. Qeyd olundu ki, layihə 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək. Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Bildirilib ki, birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər 2 kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Kompleksin ərazisində 280 yerlik uşaq bağçası da inşa olunub. Gələcəyimiz olan uşaqların xoşbəxt böyüməsi, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması işinə  Azərbaycan dövləti daim xüsusi diqqət göstərir.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Avqust ayının 3-də  ölkə başçısı  6 saylı Bakı  “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir.

Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizdə sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas hədəflərindən biridir. Fəaliyyətində sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri qısa zamanda vətəndaşlarımızın etibarını qazanıb. Bu mərkəzlərin sırasına sayca beşinci Abşeron DOST Mərkəzi də əlavə olunub. Beləliklə, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən növbəti mərkəzdə vətəndaşlarımız məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 152 adda xidmətdən rahatlıqla yararlana bilərlər.

Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən Olimpiya İdman Kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur. Dövlət başçısı iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.

Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Əsas məqsəd məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqları aradan qaldırmaqdır. İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Azərbaycan  Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Müasir standartlara uyğun qurulan bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Ən müasir infrastrukturla təchiz edilən körpələr evi-uşaq bağçası Naftalanda sayca ikinci məktəbəqədər təhsil müəssisəsidir. Bu sahədə görülən işlər ölkəmizdə uşaqların sağlam və intellektli böyümələrini təmin edir. Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib. Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər. Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib. Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilərlər. “Gənclik”  parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar parkda asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. “Gənclik” parkının tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan "Ürəklər" kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir. Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri də var. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir.

“Mən son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək deyirdim ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”-deyir  Azərbaycan Prezidenti İlham Əliyev. Azərbaycan vətəndaşı inanır ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr onların rifahının yüksəlməsi yolunda atılan addımlardır. İstər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin yüksəlməsinə, daha yaxşı yaşamasına istiqamətlənib. Ona görə də belə güclü ölkənin vətəndaşı olmağımızla qürurluyuq.

Mustafa KAMAL,

“Respublika”.