QALİB ÖLKƏNİN MƏZUNLARI
Region

QALİB ÖLKƏNİN MƏZUNLARI

Lənkəran şəhər mədəniyyət mərkəzində əsl bayram ovqatı hiss olunurdu. Lənkəran-Astara Regional Təhsil İdarəsi ilk dəfə bölgənin ümumtəhsil müəssisələrini qızıl və gümüş medalla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən, respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olan gənclərin mükafatlandırma mərasimini keçirirdi.

Tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları üzrə yerli icra hakimiyyətlərinin rəsmiləri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərinin müdirləri, məktəb direktorları, məzunlar, valideynlər iştirak edirdi.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Ölkəmizin müstəqilliyi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş igidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tədbiri açaraq Azərbaycan təhsilinin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil strategiyasının uğurla həyata keçirildiyini diqqətə çatdırdı.

Təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə məzunlardan 68 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlardan 51-i 600-650 arası bal yığıb. Onlardan 19 nəfər Lənkəranın, 16 nəfər Masallının, 8 nəfər Cəlilabadın, 5 nəfər Astaranın, 2 nəfər Lerikin, 2 nəfər Yardımlının təhsil ocaqlarını bitirən məzunlardır. Daha yüksək nəticə qazanmış 16 nəfərin balı 650-dən yuxarıdır. Onlardan 9-u Lənkəran, 3-ü Masallı, 3-ü Cəlilabad, 1 nəfər isə Yardımlı rayonunun məzunudur.

Lənkəran rayonunun Separadi kənd tam orta məktəbinin yetirməsi Nihad Axundzadə imtahanlardan 680 bal yığaraq bölgə birincisi olmuşdur. Həmçinin bu il respublika fənn olimpiadalarında 24 şagird qalib olmuş, orta məktəbi 2 nəfər qızıl, 5 nəfər gümüş medalla bitirmiş, beynəlxalq fənn olimpiadalarında qalib gəlmiş iki gənc Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüd almaq hüququ ilə qəbul olunmuşdur.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov məzunları yüksək bilik nümayiş etdirdiyinə görə təbrik edərək uğurun təkcə rəqəmlərlə ölçülmədiyini, məzunların xarici dillərə, kompüter biliklərinə yiyələndiklərini bildirdi. İdarə rəisi tələbə adını qazanmış məzunlara ən nüfuzlu ali məktəblərdə yaxşı oxumağı, əsl vətəndaş kimi formalaşıb müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə layiqli töhfələr verməyi arzuladı.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə məzunların mükafatlandırılması mərasiminin qalib xalqın övladları kimi qürurla qeyd edildiyini, təhsil işçilərinin, məzunların, onların valideynlərinin böyük sevinc yaşadıqlarını vurğulayaraq gənclərə ən səmimi, xoş arzularını söylədi. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin direktoru Ruslan Həmidov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Təhsil Nazirliyi yanında ictimai şuranın katibi İlqar Orucov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru Xudayar Sultanlı, Lənkəran peşə liseyinin direktoru Afər Kərimov, Astara rayonunun Pensər kənd 2 saylı tam orta məktəbin direktor müavini Zaman Hüseynov və başqaları məzunları təbrik edib tələbəlik həyatlarını mənalı qurmağı, müasir biliklərə dərindən yiyələnməyi, daha çox qələbə qazanmağı arzuladılar.

Sonra məzunlara mükafatlar təqdim olundu. İş adamı, "TK MMC"-nin rəhbəri Emin Bağırov ümumtəhsil müəssisələrini qızıl medalla bitirmiş iki məzunu xüsusi hədiyyələrlə mükafatlandırdı.

Qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş gənclərdən Nihad Axundzadə, Ziya Əsgərli, Şahin Məmmədzadə, Gülay Əsgərova təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, oxuduqları məktəblərin müəllimlərinə, valideynlərinə dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Lənkəran şəhər 16 nömrəli körpələr evi-uşaq bağçasının fidanlarının, respublika incəsənət festival-müsabiqəsinin qalibi, Cəlilabad rayonunun Kazımabad kənd tam orta məktəbinin şagirdi Cəfər Əliyevin, respublika incəsənət festival-müsabiqəsinin zona mərhələsinin qaliblərindən Astara şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Şəbnəm Məmmədovanın, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdi Nübar Fərəczadənin, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Məhti Nəsirzadənin və Masallı məktəblisi Mehdi Nağıyevin biri-birindən maraqlı ifaları alqışlarla qarşılandı.

Əlisəfa HƏSƏNOV,

"Respublika".