Qahirədə ICESCO İcraiyyə Komitəsinin 42-ci sessiyası keçirilib
Mədəniyyət

Qahirədə ICESCO İcraiyyə Komitəsinin 42-ci sessiyası keçirilib

Misir paytaxtında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Komitəsinin 42-ci sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, 51 üzv ölkədən 49 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Günəşov təmsil edib.

Sessiyanın açılışında çıxış edən Misirin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdel Ğaffar Misir hökuməti adından iştirakçıları salamlayıb və dekabrın 8-9-da keçiriləcək ICESCO Baş Konfransının İslam dünyasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa töhfə olacağını vurğulayıb.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik təşkilatın 2021-ci ildə fəaliyyəti haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, COVID-19 pandemiyası şəraitində yüksək texnologiyaların tətbiqi, innovativ təşəbbüslər, şəffaflıq, həmrəylik və tərəfdaşlıq ICESCO üçün prioritet vəzifələr olub.

Sonra ICESCO İcraiyyə Komitəsinə sədrlik edən İordaniya Mədəniyyət Nazirliyinin baş katibi Nəvvaf Acarmah təşkilatın maliyyə hesabatı, 2022-2023-cü illər üçün Fəaliyyət Planını təqdim edib.

Sessiyada, həmçinin ICESCO-nun 14-cü Baş Konfransının gündəliyi müzakirə olunaraq təsdiq edilib.

Dekabrın 8-də Misirin yeni inzibati paytaxtında ICESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə təşkilatın Baş Konfransı öz işinə başlayacaq. Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iştirak edəcək.

 AZƏRTAC