Qafqazın və Xəzərin perspektivli nəqliyyat arteriyası
Digər xəbərlər

Qafqazın və Xəzərin perspektivli nəqliyyat arteriyası

Azərbaycanla Qazaxıstan arasında logistika sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir

"Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında söyləyib. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasının müşahidə olunduğunu bildirən ölkə başçısı qeyd edib ki, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.

Ölkəmizin coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafıdır. Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı, nəqliyyat dəhlizləri, həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayıb, eləcə də ölkənin tranzit potensialını daha da gücləndirib. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir. Prezident İlham Əliyevin təşəbbüsü sayəsində əhəmiyyətinə görə "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə yüklərin quru yolla birbaşa Avropaya çatmasına imkan yaranıb və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.

Azərbaycanın nəqliyyat tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdən biridir. İpək Yolu İqtisadi Kəmərinin birgə təşviqinə dair Anlaşma Memorandumu ölkə başçısının 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmışdır. Memorandumun imzalanmasında Azərbaycanın məqsədi Transxəzər tranzit dəhlizini "Bir kəmər, bir yol" layihəsinə inteqrasiya etmək və bütün iştirakçı ölkələrin ümumi iqtisadi maraqlarına uyğun fayda əldə etməkdir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm uğurlarından sayılır. BTNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, "bir pəncərə" prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır. Qeyd edək ki, konteynerlərin Çindən Avropaya ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən BTNM marşrutu ilə bu müddət təqribən 3 dəfə azdır. Hazırda Azərbaycan Xəzər regionunun mühüm tranzit-nəqliyyat qovşağına çevrilib. Ölkə ərazisindən regionun müasir geoiqtisadi və geosiyasi vəziyyətini müəyyən edən nəqliyyat və boru kəmərləri çəkilib. Belə strateji tranzit-nəqliyyat qovşağının potensialı Xəzəryanı ölkələr, eləcə də türkdilli ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərir. Son zamanlar Orta Dəhliz üzrə yükdaşımalara marağın artması Azərbaycanın strateji qovşaq kimi mövqelərinin möhkəmlənməsinə şərait yaradır.

Orta Dəhliz çox böyük perspektivə malikdir və bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz nümunəsidir. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabətqabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. Bu onun dövlət başçısı kimi Azərbaycana ilk səfəri idi. Həm Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər müxtəlif forum və sammitlərdə görüşüblər. Lakin bu, ilk ikitərəfli görüş oldu və böyük əhəmiyyətə malikdir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Rəsmi səfər çərçivəsində müvafiq strukturlar arasında imzalanmış çoxsaylı sənədlər dövlətlərarası geniş hüquqi baza yaratmaqla yanaşı, müttəfiqlik əlaqələrinin gücləndirilməsinə də xidmət edir. Bu baxımdan, Qazaxıstan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin intensivləşməsində tarixi əhəmiyyət kəsb edir. Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin isə dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir. Buna görə də Qazaxıstan-Azərbaycan bu münasibətlərin və əməkdaşlığın inkişafında maraqlıdırlar.

M.MUSTAFAYEV,

"Respublika".