Qafqaz Müsəlmanları İdarəsinin sədri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Digər xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qırğızıstan Respublikasının ölkəmizdə Fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanəliyevi qəbul etdi.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimi şəraitdə keçən görüşdə əvvəlcə Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən şeyxülislam Allahşükür Paşazadə həm iki ölkə arasında, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşməsinin önəmini vurğulayıb. Qeyd edib ki, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin inkişaf etdirilməsi baxımından yeni təşkilati addımlar atılması məqsədəuyğundur. Şeyxülislam Qırğızıstanın türk dünyasının ayrılmaz parçası olduğunu vurğulayaraq, belə bir formatın içində yer almasının əhəmiyyətini qeyd edib.

Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının qardaş Qırğızıstan və Tacikistan arasında baş verən məlum hadisələrdən dərin təəssüf hissi keçirdiyini bildirib, bununla bağlı narahatlığını, habelə Azərbaycanın və bütün Qafqazın dini lideri, MBD dinlərarası şurasının həmsədri olaraq iki dost, qardaş xalq və dövlət arasında meydana gələn anlaşmazlığın həllində əlindən gələni etməyi Allah qarşısında özünə borc bildiyini hər iki ölkənin dini liderlərinə ünvanladığı məktublarda ifadə etdiyini xatırladıb. QMİ sədri bu gün də iki dost və qardaş xalq arasında daimi sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Qırğızıstan səfiri K.Osmanəliyev QMİ sədrinə onunla şəxsən tanış olmaq imkanı yaratdığı üçün səmimi təşəkkürünü bildirib, Qırğızıstanda şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin yaxından izlənildiyini və yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir QMİ sədrinin Qırğızıstanla Tacikistan arasında baş vermiş anlaşmazlıqla əlaqədar sülhə və qardaşlığa çağırış məktubuna görə ona təşəkkür edib.

Daha sonra K.Osmanəliyev ulu öndər Heydər Əliyevin 1995-ci ildə Manas dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Qırğızıstana səfəri zamanı bəyan etdiyi "dilimiz bir, dinimiz bir" məfkurəsinin bu gün iki qardaş ölkə arasında inkişaf etməkdə olan əlaqələrin bünövrəsini təşkil etdiyini deyib.

Öz növbəsində A.Paşazadə Ulu Öndərin onunla bu səfər haqqında təəssüratları ilə bölüşdüyünü qeyd edib.

Daha sonra bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə danışan QMİ sədri bildirib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən bu səfər Müqəddəs Taxt-Tacın yalnız Azərbaycanla deyil, bütün türk və İslam dünyaları ilə əlaqələrin inkişafına töhfə vermək, yeni imkanlar açmaq baxımından da uğurlu olub. Belə ki, A.Paşazadə Vatikan nümayəndələrinin Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrdə maraqlı olduqlarını, dinlərarası əməkdaşlığın qurulmasında QMİ-nin bu regiondakı nüfuz və imkanlarından faydalanmaq istəklərinin olduğunu qeyd edib.

Sonda şeyxülislam A.Paşazadə qonağa QMİ-nin və onun sədrinin fəaliyyətini əks etdirən kitabları təqdim edib.

AZƏRTAC