Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
Siyasət

Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur

Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur. Bu əlaqələr bir çox sahələri əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşündə deyib.

Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən danışan QMİ sədri qeyd edib ki, Migel Anxel Moratinos Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük səylər göstərib. Şeyxülislam Allahşükür Paşazadə həmin dövrdə keçirdikləri onlayn görüşlərində həqiqətlərin səsləndirilməsi işinə töhfələrini verən Migel Anxel Moratinosda təşəkkürlərini bildirərək, onun Dünya dini liderlərinin II Bakı Sammitində fəal iştirakını xüsusi qeyd edib və bu gün Azərbaycana təşrif buyuraraq işğaldan azad olunmuş Qarabağa bilavasitə səfər etməsini, real mənzərəni - dağıdılmış şəhər və kəndləri, mədəni-mənəvi abidələri öz gözləri ilə görərək dəyərləndirməsini mühüm hadisə kimi qiymətləndirib.

“Dünya dini liderləri ilə keçirilən görüşlərimizdə daim çalışırıq ki, Qarabağ münaqişəsinin dini zəmində olmadığını dünyaya çatdıraq. Lakin Ermənistanın dini rəhbəri bunun tam əksini deyir, münaqişənin guya dini zəmində baş verdiyini dünyaya çatdırmağa çalışır, - deyən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoq müstəvisinə toxunub. O bildirib ki, erməni kilsəsinin bu mövqeyi onun BMT səviyyəsində qəbul edilmiş qərarlara hörmətlə yanaşmamasının göstəricisidir. QMİ sədri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının BMT, dünya birliyi tərəfindən tanınan sərhədlərini qəbul etməyən, haqsız iddiaya və işğala sövq edən, ona haqq qazandıran erməni kilsəsinin mövqeyi qəbuledilməzdir.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycana hər bir səfərinin, burada Prezident İlham Əliyev, dini lider və konfessiya rəhbərləri ilə görüşlərinin onun üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb. Dinlərarası dialoqun dünya miqyasında önəm və əhəmiyyətindən ətraflı bəhs edən ali nümayəndə müasir dönəmdə bunun xüsusi aktuallıq daşımasını və zəruri olduğunu əsaslandırıb. Bu baxımdan, Azərbaycan dövlətinin bu proseslərdə fəal, qabaqcıl rol oynamasını xüsusi vurğulayan BMT qurumunun rəsmisi dövlətimizin başçısının bu istiqamətdə qlobal səylərinə yüksək dəyərləndirib. O, QMİ sədrinin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində tanınmış dini lider olaraq dəyərli xidmətlərinin olduğunu xüsusi vurğulayıb. Azərbaycanın dini liderinin sülhyaratma yönündə onilliklər ərzində davam etmiş fəaliyyətinə toxunan Migel Anxel Moratinos bu səylərin öz aktuallığını qoruyub saxladığına diqqəti çəkib. 

Səmimi əməkdaşlıq şəraitində keçən görüşdə Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə gələcək işbirliyi layihələri müzakirə olunub. Bildirilib ki, Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq mühitinin inkişafına real, dəyərli töhfələr verən dövlət kimi dünya birliyi üçün mühüm tərəfdaş ölkədir, bu əlaqələrin davamlı inkişafı və dərinləşdirilməsi prioritetdir.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, mədəniyyət naziri Anar Kərimov və parlamentin deputatları da iştirak ediblər.

AZƏRTAC