Digər xəbərlər

"Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq" mövzusunda konfrans

Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Əqli Mülkiyyət Agentliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq" mövzusunda konfrans keçirilib.

Bu barədə verilən məlumata görə, konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov builki tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həyata keçirildiyini bildirib. Qeyd edib ki, tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır: "Bu qələbəni biz - qalib xalqın nümayəndələri bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlətimizin başçısı İlham Əliyevin son 20 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində görürük.

Bugünkü reallıqlar Ulu Öndərin qələbəsidir, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir".

Kamran İmanov deyib: "Həqiqətən, qadınların gözündə ideyanın da həmişə siması var və bu səbəbdən bəşər kitabının mündəricatı qadınlardır. Prezident vurğulamışdır ki, "xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır".

Əqli mülkiyyətə gəldikdə isə, qeyd edək ki, bu fenomen heç bir zaman öz-özünü təmin edən hədəf, öz-özlüyündə abstrakt vasitə olmamışdır. Əqli mülkiyyət xidmətçi sahə kimi "mövcud biliklərdən yaranan və yeni biliklərlə nəticələnən fenomendir".

Agentlik sədri qeyd edib ki, ənənəvi mənada "əqli mülkiyyət" ifadəsini işlədərkən, intellektual, yaradıcılıq məhsuluna məxsus olan hüquqlardan söhbət açılır.

Lakin əqli mülkiyyətin (ƏM) anlayışı və onun dərk edilməsi yenilənir. Çünki bu institutun fəaliyyət dövriyyəsi ənənəvi kontekstdən fərqli olaraq, müasir zamanda yeni çağırışlarla rastlaşır. Bunun səbəbi isə ilk növbədə cəmiyyətimizin əhəmiyyətli texnoloji dəyişikliklərlə üz-üzə gəlməsidir, ƏM landşaftına artan təsiridir və həmin çağırışların ƏM-in evolyusiyasını anlamaq üçün vacibliyidir.

ƏM kateqoriyasının müasir, yeniləşmiş təsəvvürü onun ikili təbiətinə əsaslanır: ƏM obyekti bir tərəfdən qeyri-maddi aktivdir (hüquqlardır), digər tərəfdən isə qorunma bu obyektlərə obyektiv formada olduğu halda təqdim edilməsidir (maddi obyekt).

"Zənnimizcə, ƏM-in müasir kateqoriyası anlayışında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) yalnız müstəsna hüquqlar yox, onlarla yanaşı bilavasitə ƏFN də nəzərə alınmalıdır, çünki bazarda tələb və təklif kimi hüquqlar deyil, hüquqlar şamil edildiyi ƏFN birbaşa iştirak edir. Əqdlərdə isə qorunan hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Bu cür yanaşma bir tərəfdən ƏM institutunun sinergetikasını, emergentliyini nəzərə alır, hüquq (yurisprudensiya) ilə yanaşı, onun iqtisadiyyatına və sosiologiyasına diqqət yetirir. Digər tərəfdən isə ƏM ekosisteminin institusional dəyişikliklərini gündəmə gətirir", - deyə Kamran İmanov bildirib.

Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir. Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs, eyni zamanda, fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasına malikdir.

"Hazırda çalışan dövlət qulluqçularının sayı 43 nəfər, işləyənlərin ümumi sayı isə 32 nəfər azaldılaraq, il ərzində bir milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək mümkün olub. Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməkhaqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir.

Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir", - deyə Kamran İmanov qeyd edib.

O deyib ki, həyata keçirilən digər infrastruktur layihəsi bu qurumun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin birgə təsisçiliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər olan "Əqli Mülkiyyət Milli Təlim Mərkəzi", habelə Agentliyin nəzdində Bakı Dövlət Universitetinin Əqli Mülkiyyət Hüququ kafedrasının filialının yaradılmasıdır. Burada tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılıb.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır. Bu sahədə tətbiq edilən "vahid pəncərə" və "istənilən yerdən xidmətə əlçatanlıq" prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərmiş, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.

Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb. Bununla əlaqədar Agentlikdə prosesə nəzarət edəcək mütəxəssislər müəyyən edilib və zəruri texniki işlər görülüb.

İnfrastrukturun yeni layihələri sırasında yaradılmış "Çağrı mərkəzi"nin fəaliyyəti əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının daha da artmasına müsbət təsirini göstərib. 2022-ci il ərzində əqli mülkiyyət məsələlərinə dair "Çağrı Mərkəzi" vasitəsi ilə daxil olmuş 31730-dan artıq müraciət cavablandırılıb. Keçirilmiş sorğulara əsasən "Çağrı Mərkəzi"nin fəaliyyəti ictimai rəydə ən yüksək qiymət alıb.

2022-ci ildə Agentliyə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 271 iddia sənədi (keçən illə müqayisədə 83 ədəd çox) Bu artım ixtira fəaliyyətinin stimullaşdırılması nəticəsində baş verib.

Dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vacib vəzifələr açıqlanıb. Bu sırada "İnnovasiya ekosisteminin inkişafı" istiqaməti üzrə əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması; effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması; həmçinin patent məlumatlarının beynəlxalq göstəriciləri əsasında ölkənin texnoloji profilinin (patent landşaftının) və tədqiqat istiqamətlərinin müəyyən edilməsi və texnologiya inkişaf səviyyəsinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, Agentlik Azərbaycan məhsullarının və "Made in Azerbaijan" brendinin hədəf bazarlarda aktiv təşviqi və bu sahədə ixrac potensialının gücləndirilməsində, əqli mülkiyyət, eləcə də idarəetmə üzrə mexanizmlərin formalaşdırılmasında fəal iştirak edir.

Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə (2022-ci ilə görə Hesabat hələlik dərc olunmamışdır), Azərbaycan 141 ölkə arasında "əqli mülkiyyətin qorunması" göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.

132 ölkəni əhatə edən "Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022 Hesabatı"nda Azərbaycan "İnnovativ resurslar" altindeksi üzrə reytinqdə 79-cu yeri tutur. "Tədqiqat və inkişaf" inteqral göstəricisində ölkəmiz mövqeyini yaxşılaşdıraraq 76-cı yerə yüksəlib.

2022-ci ildə daha bir beynəlxalq təşkilat - "Mülkiyyət Hüquqları Alyansı" (The Property Rights Alliance) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən Hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutub.

Qadınlarımız istənilən millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir.

Son illərdəki müşahidələr göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur.

"Söylədiklərimiz gender bərabərliyinin iqtisadi əhəmiyyətidir. Bununla yanaşı, müasir "biliklər cəmiyyəti"ndə, "biliklərə əsaslanan iqtisadiyyatda" ƏM-in qorunması kreativlik və yenilikçiliyin stimullaşdırılmasında, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, innovasiyalı mühiti formalaşdıran əsas vasitədir.

Lakin ƏM ilə bağlı siyasətdə təəssüflər olsun ki, qadınlar kişilərlə müqayisədə hələlik geridədirlər və bu fərq tezliklə aradan qaldırılmalıdır. Bu yalnız mənəvi borc deyil, bugünkü rəqəmli dünyanın inkişafının mütləq şərtidir", - deyə Kamran İmanov qeyd edib.

Konfransın açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət naziri Adil Kərimli çıxış ediblər. Çıxışlarda Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib, konfransın mövzusunun aktuallığı vurğulanıb.

Mustafa KAMAL,

“Respublika”.