Qabriel Moyssen: İşğaldan azad olunmuş torpaqlardakı dağıntıları gəlib yerində görmək lazımdır, kədərli mənzərədir
MÜSAHİBƏLƏR

Qabriel Moyssen: İşğaldan azad olunmuş torpaqlardakı dağıntıları gəlib yerində görmək lazımdır, kədərli mənzərədir

İşğaldan azad olunmuş torpaqlardakı dağıntıları gəlib yerində görmək lazımdır. Kədərli mənzərədir. Müharibə yeni başa çatıb və Azərbaycan öz ərazilərini azad edib. Azad olunmuş torpaqlarda yenidənqurma işlərinin həyata keçirilməsi isə çox sevindiricidir. Bu işlər kifayət qədər vaxt və maddi resurs tələb edir.

Bu sözləri Füzuli rayonuna səfər zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Meksikanın ən nüfuzlu KİV-lərindən olan “El Universal” gündəlik qəzetinin əməkdaşı Qabriel Moyssen deyib.

Erməni işğalından azad olunmuş rayonlara səfər edən Cənubi Amerikadan gələn media qrupunun tərkibində yer alan Qabriel Moyssen bildirib ki, Meksika hökuməti və meksikalılar hər zaman bu torpaqları BMT qətnamələrinə və digər mötəbər beynəlxalq təşkilatların  sənədlərinə əsasən Azərbaycan ərazisi kimi tanıyıb.

“Meksikaya qayıtdıqdan sonra Azərbaycana səfərim, viran qoyulmuş bu yerlər haqqında silsilə yazılar yazacağam. Bu yazılarda müharibənin dəhşətləri, geriyə qalan problemlər, azad olunmuş ərazilərin yenidən qurulması üçün Azərbaycanın gördüyü işlər və qazanılan uğurlar əks olunacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 26-da Cənubi Amerikadan olan KİV nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Səfərin məqsədi cənubi amerikalı jurnalistlərin işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumatlandırılmasıdır. Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.

AZƏRTAC