QABAQTƏPƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL
Region

QABAQTƏPƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qabaqtəpə kəndində keçirilib. Səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək demişdir: "Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramı uğurla icra olunur. Pandemiyadan müvəffəqiyyətlə çıxmış, torpaqlarını erməni işğalçılarından azad edərək böyük zəfər qazanmış ölkəmizi qarşıda daha böyük işlər, yerinə yetiriləsi vəzifələr gözləyir. Azərbaycan xalqı əmindir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərə ən qısa müddətdə çatacaqdır".

Eyni zamanda, rayon rəhbəri çıxışında ötən illərdə Qabaqtəpə kəndində görülən işlərdən də danışıb. O qeyd edib ki, Qabaqtəpə kəndi ərazisində tikilmiş hər birinin ümumi uzunluğu 28.4 metr, eni 11 metr, avtomobillərin hərəkət hissəsi 8 metr olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında - möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ad günündə sakinlərin istifadəsinə verilmişdir. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı surətdə yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda isə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri davam etdirilir. Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. 96 şagird yerlik modul tipli Qabaqtəpə kənd tam orta məktəbinin tikinti işləri başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərin həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Zabit XƏLİLOV,

"Respublika".