Qabaqcıl təhsil müəssisəsi
Elm və təhsil

Qabaqcıl təhsil müəssisəsi

Hansı sahədə çalışırsansa çalış, hansı kollekti və rəhbərlik edirsənsə et, qarşıya qoyulan məqsədə çatmaq istəyirsənsə gərək ilk növbədə o işin başında duran, o kollektivə rəhbərlik edən şəxsin özü hamıdan fəal, təşəbbüskar, işgüzar, bacarıqlı olsun. Aqillərin süzgəcindən, həyatın sınağından süzülüb gəlib bu fikirlər. Qax rayonunun Qaxbaş kəndindəki 2 nömrəli məktəbdə olanda, kiçik kollektivin ötən illərdən üzü bu yana qazandığı uğurları nəzərdən keçirəndə də yuxarıdakı fikirlərin təsdiqini gördüm. Gördüm ki, insan zirvəyə can atmaq üçün özü üçün möhkəm inam və baza yaratmalıdır.  Sözügedən məktəbdə olduğu kimi.

Altmış dörd illik ömrünün qırx bir ilini müəllimliyə həsr edən Rasim Çələbiyev həmişə öz fəallığı, təşəbbüskarlığı ilə seçilib, kollektivin adının həmişə yaxşılar sırasında çəkilməsi üçün bilik və bacarığını əsirgəməyib.

Rasim Çələbiyevin rəhbərlik etdiyi pedaqoji kollektivin adı həmişə öncüllər sırasında çəkilib. Qax Rayon Təhsil Şöbəsinin müdiri Babək Heydərov bizimlə söhbətində bildirdi ki, qabaqcıl təhsil ocaqlarımız çoxdur, elə Rasim müəllimin direktoru olduğu təhsil ocağı da rayonun ictimai, siyasi, sosial, iqtisadi həyatında həmişə fərqlənib. Məktəbin direktoru uğurlardan söhbət açaraq dedi:

- Rayon məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə görə dəfələrlə məktəbimizin adı ən yaxşıların sırasında olub. Rayon və respublika səviyyəli müxtəlif müsabiqə və layihələrdə də müəllimlərimiz yaxından iştirak edirlər. Bütün bu uğurlara görə əməyimiz həmişə Təhsil Nazirliyi tərəfindən layiqincə qiymətləndirilib. Məktəbin riyaziyyat müəllimi Möhtərəm Heydərova, fizika müəllimi Südabə Əhmədova Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.

Otuz illik arzuların həsrətinə qırx dörd gündə qovuşan insanlar bu gün yenidən öz doğma ocaqlarının ətrindən, azadlığından güc alırlar. Bu arzulara cəmi qırx dörd  gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm və tarixə qızıl hərflərlə həkk olunan qələbə ilə qovuşduq, torpaqlarımızı erməni işğalından azad etdik. Bu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasi, iqtisadi və hərbi siyasətinin parlaq təzahürüdür.

Vətən müharibəsində qaxlı igidlər də əsl fədakarlıq, şücaət göstəriblər. Onlardan 29 nəfəri şəhidlik zirvəsinə ucalıb. Çoxlu sayda qazilərimiz var. Bu igidlərin sırasında Birinci Qarabağ müharibəsində şəhid olan Müslüm Heydərovun, 2015-ci ilin aprel döyüşlərinin şəhidi Abdulla Mollayevin, Vətən müharibəsinin şəhidi Əfəndi Səfərovun da adları var. İkinci Qarabağ müharibəsində məktəbimizin hərbi rəhbəri Polad Seyidli könüllü olaraq erməni işğalçılarına qarşı vuruşmuşdur.

Bütün bunlar məktəbdə hərbi- vətənpərvərlik tərbiyəsi işinin yaxşı təşkil olunduğunu göstərir. Məktəbdə Vətən müharibəsi iştirakçıları, milli qəhrəmanlar və şəhidlər haqqında fotostendlər təşkil olunub, şagirdlərə vaxtaşırı tarixi qələbəmiz, bu gün ölkəmizdə Qarabağa Qayıdışla bağlı həyata keçirilən genişmiqyaslı işlər barədə ətraflı məlumatlar verilir.

Məktəbin pedaqoji kollektivi şəhid ailələrini, qaziləri heç vaxt yaddan çıxarmır. Şəhid atası Cahangir Səfərov, müharibə iştirakçısı Fuad Abdullayev məktəbə işə qəbul olunmuşlar.

Haqqında söhbət açdığımız təhsil müəssisəsinin kiçik olmasına baxmayaraq, böyük uğurlar qazanması, daha gözəl nəticələr üçün öz imkanlarından lazımi səviyyədə istifadə etməsi bir daha deməyə əsas verir ki, rayonda digər sahələrdə olduğu kimi, təhsildə də yaxşı ənənələr üzərində qurulan bünövrə daha da ucaldılır.

Rasim AMANOV,

"Respublika".