Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin ilkin mərhələsi - test imtahanı oktyabrın 8-də keçiriləcək
Digər xəbərlər

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin ilkin mərhələsi - test imtahanı oktyabrın 8-də keçiriləcək

Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirakını təmin edən və Azərbaysan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə əsasən, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul edilmək arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə mayın 31-də elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi sentyabrın 30-da saat 18:00-da başa çatdırılacaq.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədlərini təqdim etmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə oktyabrın 8-də saat 10:00-dan və 15:00-dan başlayaraq üç saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən inzibati binasında keçiriləcək. Namizədlərə imtahanda iştirak etməli olduqları vaxt barədə Baş Prokurorluğun Kadrlar İdarəsi tərəfindən əvvəlcədən məlumat veriləcək.

Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana bir saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks olunacaq. Namizədlərin "Yaddaş kitabçası" (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı sentyabrın 6-da kütləvi informasiya vasitələrində dərc edilib və Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

AZƏRTAC