Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub
Digər xəbərlər

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 100 namizədin (1 nəfər müraciətinə əsasən yazılı imtahan işi yenidən yoxlanılıb qiymətləndirilərkən müvəffəqiyyət həddini keçərək müsahibə mərhələsinə buraxılıb) dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə dekabrın 3-dən 13-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə, yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 2021-ci il 15 dekabr tarixli qərarına əsasən artırılaraq 83 ştat vahidi müəyyən edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na əsasən, müsabiqə üzrə müvəffəqiyyət qazanmış 83 namizəd dekabrın 16-dan Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhərinin Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən 10 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən müharibəsinin iştirakçısıdır. Onlardan 7 nəfəri Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, müxtəlif medallarla təltif edilib.

 Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və "Qəbul otağı"nda yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

AZƏRTAC