Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilən imtahanda 175 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb
Digər xəbərlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilən imtahanda 175 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla inkişaf etdirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc mütəxəssislərin beynəlxalq standartlara uyğun, tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 24-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

İmtahan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq namizədlərin iştirakı ilə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçirilib. İmtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 363 namizəd imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış 175 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə media səhifələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

AZƏRTAC