Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci - yazılı imtahan mərhələsinə yekun vurulub
Digər xəbərlər

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci - yazılı imtahan mərhələsinə yekun vurulub

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci - yazılı imtahan mərhələsinə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 99 namizəd "İşin Təşkili Qaydaları"na əsasən, tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinədən keçmək üçün dekabrın 1-dən 3-dək şəxsiyyət vəsiqəsi ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

AZƏRTAC