Prokurorluq işçilərinin peşə bayramı günü və Vətən müharibəsinin ildönümü ilə əlaqədar Baş Prokurorluqda görüş keçirilib
Sosial həyat

Prokurorluq işçilərinin peşə bayramı günü və Vətən müharibəsinin ildönümü ilə əlaqədar Baş Prokurorluqda görüş keçirilib

1 oktyabr - Azərbaycan Respublikası Prokurorluq işçilərinin peşə bayramı günü və Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri" İctimai Birliyinin üzvləri, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş prokuror Kamran Əliyev ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə ölkədə həyata keçirilmiş uğurlu fəaliyyətin müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilməsi və doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından danışıb, qısa müddətdə həmin bölgələrdə infrastrukturun bərpa olunduğunu, quruculuq işlərinin sürətlə davam etdirildiyini, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini, həmçinin Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının yaradıldığını tədbir iştirakçılarının nəzərlərinə çatdırıb.

Sonra Vətən müharibəsi iştirakçıları olan prokurorluq əməkdaşlarına Fəxri fərman və medallar təqdim edilib.

Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

AZƏRTAC