Prokurorluq işçilərinin nəzəri biliklərinin artırılması və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilib
Digər xəbərlər

Prokurorluq işçilərinin nəzəri biliklərinin artırılması və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş geniş əməliyyat müşavirəsinin yekununa dair prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədilə tədris tədbirlərinin təşkil olunması qərara alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı Baş prokuror iyulun 29-da “İstintaq, dövlət ittihamının müdafiəsi və cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi və qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi” üzrə təlimlərin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, cari ilin avqust-dekabr aylarında prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliyinin artırılması məqsədilə müxtəlif aktual mövzuları əhatə edəcək silsilə tədris tədbirlərinin təşkil olunması nəzərdə tutulub.

Qeyd olunan tədbirlərdən birincisi avqustun 13-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilib. Təlimdə dinləyici qismində Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun aidiyyəti idarə və şöbələrinin, Bakı şəhəri, o cümlədən respublikanın bir sıra rayon (şəhər) prokurorluqlarının məsul əməkdaşları cəlb olunublar. Tədris zamanı müvafiq sahələr üzrə zəngin təcrübəsi olan mühazirəçilər tərəfindən dinləyicilərlə həyat və sağlamlıq əleyhinə cinayətlər üzrə vahid istintaq və məhkəmə təcrübəsinə aid məsələlər, o cümlədən qəsdən adam öldürməyə cəhd və sağlamlığa ağır zərər vurma, eləcə də xuliqanlıq niyyəti və ya xüsusi amansızlıqla adam öldürmə və sadə tərkibli qəsdən adam öldürmə cinayətlərinin tövsifi problemləri barədə geniş məlumat verilib, iştirakçıların maraq doğuran sualları cavablandırılıb.

Bununla yanaşı, iştirakçılara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlərlə yanaşı milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali məhkəmələrin plenum qərarları barədə ətraflı məlumat verilib.

Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

AZƏRTAC