Prokurorluq əməkdaşları “Zəfər
Sosial həyat

Prokurorluq əməkdaşları “Zəfər" yarmarkasında olublar

Prokurorluq orqanlarında milli ruhlu kadrların yetişdirilməsi, gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, onların milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi kimi məsələlər də xüsusilə diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, noyabrın 6-da Baş Prokurorluğun əməkdaşlarının Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan "YAŞAT" Fondunun "Zəfər" yarmarkasına səfəri təşkil edilib.

"Qarabağ qəhrəmanlarının izi ilə" mövzusunda təşkil edilmiş yarmarkada prokurorluq əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə istifadə olunmuş hərbi texnikalar, Müdafiə Nazirliyinin təqdim etdiyi çadırlarda təqdim edilən müxtəlif silah-sursat nümunələri, hərbi geyim və hərbçilərin qida təminatı ilə yaxından tanış olublar.

Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadanlara arzuların çatdırılması məqsədilə təşkil olunmuş "#Zəfər Arzuları" adlı guşədə prokurorluq əməkdaşları öz arzularını müəyyən olunmuş lövhəyə yazıblar.

29 oktyabr-9 noyabr tarixlərini əhatə edəcək yarmarka prokurorluq əməkdaşlarının böyük marağına səbəb olub.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC