Professor Yücel Acer: Ermənistan Azərbaycana qarşı ağır beynəlxalq cinayətlər törədib
MÜSAHİBƏLƏR

Professor Yücel Acer: Ermənistan Azərbaycana qarşı ağır beynəlxalq cinayətlər törədib

Ermənistan dövləti Azərbaycana qarşı istər işğal dövründə, istərsə də 44 günlük Vətən savaşı zamanı dinc əhalini və mülki obyektləri hərbi hədəfə almaqla ağır cinayətlər törədib. Bütün bunlar beynəlxalq hüquq tərəfindən qadağan olunan və konkret məsuliyyət müəyyən edilən fəaliyyətlərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının (TİHEK) nəzdində yaradılan Qarabağda İnsan Haqları Müşahidə Qrupunun üzvü, Ankara Yıldırım Bəyazit Universitetinin professoru Yücel Acer söyləyib.

Müharibədən sonra Azərbaycanın işğaldan azad olunan bölgələrinə səfər etdiklərini, dəhşətli və utancverici vəziyyəti, amansız dağıntıları öz gözləri ilə gördüklərini diqqətə çatdıran professor Yücel Acer deyib: "Qarabağda İnsan Haqları Müşahidə Qrupu bir illik fəaliyyəti əsasında müəyyən edib ki, Ermənistan dövləti Azərbaycana qarşı həyata keçirdiyi bəşəri cinayətlərlə insan haqlarının bütün təməl prinsiplərini tam şəkildə pozub. Təmsil olunduğum qrup həmin cinayətlərin mahiyyətini geniş şəkildə araşdıraraq hesabat hazırlayıb. Bütün bu bəşəri cinayətlərə görə Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır".

Qeyd edək ki, TİHEK-in nəzdində fəaliyyət göstərən Qarabağda İnsan Haqları Müşahidə Qrupu işğaldan azad olunan ərazilərdə monitorinqlər aparıb və rəsmi məlumatlar əsasında Ermənistanın cinayətlərini özündə əks etdirən beynəlxalq səviyyəli hesabat təqdim edib.

AZƏRTAC