Prezidentin yüksək diqqəti bizi sevindirməklə yanaşı məsuliyyətimizi də artırır
Digər xəbərlər

Prezidentin yüksək diqqəti bizi sevindirməklə yanaşı məsuliyyətimizi də artırır

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən dövlət  gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə təltif edilənlər arasında adımın olmasından eləcə də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmağımdan qürur duyur və gənc nəslin nümayəndəsi olaraq dövlət başçısının  gənclərin fəaliyyətinə belə yüksək diqqəti və böyük qayğısına görə şad oluram. Sevindirici haldır ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Bir gənc olaraq mən bunu təhsil həyatımda və ictimai fəaliyyətimdə hiss edirəm.

Orta təhsilimi Qax rayonunda başa vurduqdan sonra Bakı Biznes Universitetində maliyyə və kredit ixtisası üzrə təhsilimi davam etdirdim Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət strukturlarında menecment ixtisasında magistr təhsili alıram.  2012-ci ildə Dövlət qulluğu imtahanından 91 bal yığaraq Qax Rayon Gənclər və İdman İdarəsinə rəis müavini vəzifəsinə təyin olunmuşam.  2018-2021-ci illərdə YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsində çalışmışam.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Gənclərlə işin təkmiləşdirilməsi” kursu, Azərbaycan Skautlar Assosiasiyasının həm ölkədaxili, həm də Türkiyə və Belarusda keçirilən düşərgə və təlimləri, Fransanın Strasburq şəhərində Avropa Şurasının Gənclər Departamentində  “Gənclərin Hüquqlara çıxışları” mövzusunda təlim kursu, Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli Dövlətlərin könüllü proqramlarının həyata keçirilməsi və əməkdaşıq mövzusunda konfrans, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Avropa şurasının Gənclər Departamentinin “Qeyri Formal Təhsil və Şəbəkələşmə” təlimi, həmçinin digər respublika və beynəlxaq tədbirlərdə iştirak etmişəm. Fəaliyyət dövrümdə Gənclər və İdman Nazirliyi, YAP  Mərkəzi Aparatı, Qax Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşam.

Ulu öndər Heydər Əliyevin gənclərə bəxş etdiyi 2 Fevral - Gənclər Günü ərəfəsində dövlət başçısı İlham Əliyev tərəfindən bir qrup gəncin fəaliyyətinin yüksək qiymətləndirilməsi bütövlükdə gənc nəslin əməyinə verilən  yüksək qiymət olmaqla cəmiyyətdə rolumuzu xeyli genişləndirəcək. Biz bu sonsuz diqqətə və böyük dəyəri olan stimula fəaliyyətimizlə cavab vermək əzmindəyik. Çünki dövlətin gənclərə yüksək qayğısı məsuliyyət hissimizi artırır.

Elvin HƏSİLOV,

Qax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini.