Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada “Türkiyənin yüz ili
Türk dünyası

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada “Türkiyənin yüz ili" proqramını elan edib

Toplantıda xarici ölkələrdən yalnız YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun

rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) "Türkiyənin yüz ili" (Türkiyənin əsri, Türkiyənin qarşıdakı yüz ili və s.) şüarı altında ümumrespublika təqdimat toplantısı keçirib.

AZƏRTAC xəbər verir ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən toplantıya Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan cəmi 11-i dəvət olunub.

Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.

Türkiyənin tarixini, əzəmətini, inkişaf dinamikasını, strateji hədəflərini, dəyərlərini əks etdirən film nümayiş olunub.

Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın ötən dövrdə qazandığı uğurlar barədə məlumat verib, "Türkiyənin yüz ili" strateji inkişaf proqramını açıqlayıb.

"Türkiyənin yüz ili bacarığın yüz ilidir!", "Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!", "Türkiyənin yüz ili, elimin yüz ilidir!", "Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!", "Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!", "Türkiyənin yüz ili qüdrətin yüz ilidir!" və digər şüarlar altında elan olunan proqram ölkənin növbəti yüz il üçün strateji yol xəritəsini özündə əks etdirir.

Yeni yüzillik zaman kəsiyinin mühüm hədəflərindən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Türkiyə xalqının birliyi və həmrəyliyi sayəsində bütün strateji məqsədlərə çatılacaq.

Qeyd edək ki, tədbirdə iştirak edən YAP nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da təmsil olunur.

AZƏRTAC