Prezident İlham Əliyevin Türkmənistana səfəri
SİYASƏT

Prezident İlham Əliyevin Türkmənistana səfəri

Aşqabad Beynəlxalq Hava Limanında qarşılanma və Türkmənistan Prezidenti ilə görüş

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:

–Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-i bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.

Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnaməsini təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən, sadəcə, demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bizim gündəlikdə bir neçə məsələ var. Birinci - növbəti Sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü - növbəti Sammiti kim keçirəcək və Aşqabad Sammitinin yekun kommünikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz.

Prezident İlham Əliyev dedi:

–Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. İlk növbədə, bir daha qardaş Türkmənistana səfərə dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Sammitdə bizim iştirak etməyimiz təşkilatımızın prinsiplərinə sadiq olduğumuzu təsdiq edir.

Bakıdan buraya uçanda gözəl panoram, əkilmiş tarlalar, abad məhəllələr, qəsəbələr gördüm. Əlbəttə, Aşqabad burada olanları ilk dəqiqələrdən öz gözəlliyi və möhtəşəmliyi ilə heyran edir. Bildiyiniz kimi, mən dəfələrlə Sizin ölkənizdə olmuşam və Sizin rəhbərliyinizlə həm ölkənizin sosial-iqtisadi inkişafı, həm də abadlıq, şəhər infrastrukturunun yaradılması işində qazanılmış nailiyyətlərə heyran olduğumu həmişə bildirmişəm. Yadımdadır, ötən görüşümüzdə Sizin idman şəhərciyinizlə, bəlkə də idman şəhəri ilə tanış oldum. O vaxt Siz Asiadanı uğurla keçirdiniz. Bu, onu göstərir ki, dövlət öz gücünə, ənənələrinə, türkmən xalqının istedadına əsaslanaraq inamla irəliləyir. Bu, bizi ürəkdən sevindirir.

Əlbəttə, Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik. Bir daha sağ olun.

Prezident Qurbanqulu Berdiməhəmmədov: Bilirsiniz, mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sağ olun.

***

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Prezident Qurbanqulu Berdiməhəmmədov Zirvə Toplantısını açaraq tədbir iştirakçılarını salamladı. Türkmənistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu dedi. Təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək Zirvə Toplantısına sədrliyin Türkiyədən Türkmənistana keçdiyini bildirdi, İƏT-ə üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini vurğuladı, bu sahədə ölkəsində görülən işlərdən danışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan "Birlikdə gələcəyə" devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. Türkiyə Prezidenti dedi:

- Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür.

Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışdı, bu Qələbənin bölgədə normallaşdırma səylərini gücləndirəcəyini vurğulayaraq dedi:

- Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır.

Sonra dövlətimizin başçısı Zirvə Toplantısında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

–Cənab sədr, əziz qardaşım Qurbanqulu Məlikquliyeviç.

Hörmətli dövlət və hökumət başçıları.

Cənab Baş katib.

Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim.

Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm.

Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.

Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.

Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz "peyvənd millətçiliyi"nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.

Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.

Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.

Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.

Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Diqqətinizə görə sağ olun.

***

Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi də Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:

–Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm.

***

Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xosrov Naziri, İran Prezidenti İbrahim Rəisi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstanın Baş naziri Askar Mamin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladılar, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin zərurətindən danışdılar.

Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub

N oyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.

Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.

Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.

Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü

AZƏRTAC xəbər verir ki, noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Prezident İlham Əliyev: Salaməleyküm.

Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm. Necəsiniz?

Prezident İlham Əliyev: Sağ olun, çox yaxşıyam.

Prezident Seyid İbrahim Rəisi: Əhvalınız yaxşıdır, necəsiniz?

Prezident İlham Əliyev: Çox sağ olun, yaxşıyam. Şadam Sizi görməyimə.

Prezident Seyid İbrahim Rəisi: Mən də Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş nazirin müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər.

Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.

Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik.

Prezident İlham Əliyev: Çox sağ olun, hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.

Prezident Seyid İbrahim Rəisi: Mütləq elə olacaqdır.

Prezident İlham Əliyev: İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq.

***

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirildi.

Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı.

Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırıldı.

Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparıldı.

Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulandı.

Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalandı.

***

Sazişin imzalanmasından sonra dövlət başçıları İranın kütləvi informasiya vasitələrinə müsahibə verdilər.

Prezident İlham Əliyev: Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir.

Müxbir: Bir sənəd imzalandı, o barədə nə deyərdiniz?

Prezident İlham Əliyev: Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Sağ olun.

Müxbir: Cənab Prezident, yorulmayasınız. Bu gün müsəlman ölkəsi Azərbaycanla Sizin danışıqlarınız baş tutub. Danışıqlar barədə nə deyə bilərsiniz?

Prezident Seyid İbrahim Rəisi: Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir.

Müxbir: Təşəkkür edirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib

Noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.

 

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri noyabrın 28-də başa çatıb.

AZƏRTAC