Prezident İlham Əliyevin imzaladığı yeni qanunlar hərtərəfli inkişafa və əhalinin rifahına xidmət edir
Sosial həyat

Prezident İlham Əliyevin imzaladığı yeni qanunlar hərtərəfli inkişafa və əhalinin rifahına xidmət edir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanan ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş ərazilərimiz nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. Eyni zamanda, müasir çağırışlara uyğun hərtərəfli islahatlar uğurla davam etdirilir. Dövlətimizin başçısının imzaladığı yeni qanunlar, strategiyalar ölkə həyatının bütün sahələrini əhatə etməklə davamlı sosial-iqtisadi tərəqqiyə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir.

Bu fikirləri yanvarın 28-də Ədliyyə Nazirliyində keçirilmiş müşavirədə nazir müavini Azər Cəfərov deyib. Bildirib ki, respublikamızda aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların qəbul olunması ilə müşayiət olunur. Ədliyyə Nazirliyi qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edir, yeni qanun layihələri hazırlayır, onlara hüquqi rəy verir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev sosial, iqtisadi, inzibati, hərbi və digər məsələlərlə bağlı nazirlik tərəfindən 2021-ci ildə hazırlanan yeni hüquqi akt layihələrinin sayının 35 faiz artdığını, onların hüquqi ekspertizası zamanı sui-istifadəyə, hüquqi qeyri-müəyyənliyə yol verilməməsi, habelə insan hüquqlarının təminatı, digər qanunvericilik aktlarına və beynəlxalq hüquqi sənədlərə uyğunluğu məsələlərinə xüsusilə diqqət yetirildiyini bildirib.

Dövlətimizin başçısının yeni fərman və sərəncamlarının, qəbul olunan qanunların iqtisadi inkişafa, əhalinin, o cümlədən həssas təbəqədən və xüsusi qayğıya ehtiyacı olan insanların sosial və maddi rifahının yaxşılaşmasına yönəldiyi qeyd olunub. Vurğulanıb ki, Vətən müharibəsi iştirakçılarının, o cümlədən şəhid ailələrinin və əlillərin sosial təminatları və onlara güzəştli imtiyazların müəyyən edilməsi, Şuşa şəhərinin tarixi-mədəni irsinin bərpası və qorunması, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişafın və dayanıqlı məskunlaşmanın təmin edilməsi ilə bağlı yeni qanunlar, milli strategiyalar və prioritetlər qəbul olunub.

Eyni zamanda, Azərbaycan Prezidentinin Fərmanı ilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət keçmiş və əlil olmuş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə birdəfəlik ödəmələrin müəyyən edildiyi, onların verilməsi qaydasına dair təkliflərin hazırlandığı bildirilib.

Tədbirdə, həmçinin ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir çağırışlara uyğun hüquqi tənzimlənməsi ilə bağlı görülən işlər qeyd edilib, dövlətimizin başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində yeni mühüm qanun layihələrinin hazırlanaraq qəbul olunduğu diqqətə çatdırılıb. Ötən il məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar hərracların elektron qaydada təşkili və keçirilməsi, ölkəmizdə arbitraj institutunun təşviqi, məhkəmə icraatının elektronlaşdırılması, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin funksionallığının artırılması və digər məsələlərlə bağlı qanunvericilik layihələrinin hazırlanmasından bəhs olunub.

Həmçinin əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə nazirliyin elektron qanunvericilik bazasının daim yenilənməsi və interaktivliyi təmin edilib. Funksionallığı və əlçatanlığı ilə fərqlənən vahid "e-qanun.az" internet informasiya resursundan istifadə edənlərin sayı ötən il 26 faiz artıb.

Eyni zamanda, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların, şəhid ailələrinin və hərbçilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq 300-dək müraciətə baxılıb və onların sosial, o cümlədən əmək və ailə münasibətləri, pensiya təminatı, mənzil, habelə torpaq mübahisələri, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin hüquqları və qaldırdıqları digər məsələlərlə bağlı müvafiq qanunvericiliyin ətraflı izahı verilib.

İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunaraq yeni qanun layihələrinin hazırlanması və hüquqi ekspertizası, onların qüvvədə olan qanunvericilik aktlarına uyğunlaşdırılması işinin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə bağlı konkret tədbirlər müəyyən edilib.

Müşavirəyə yekun vuran nazir müavini bu sahədə fəaliyyətin dövlət başçısının yüksək tələblərinə uyğun səmərəliliyinin və keyfiyyətinin artırılması, nazirliyə daxil olan sənədlərin vaxtında, dürüst və keyfiyyətlə icrasının təmin edilməsi, işçilərin təşəbbüskarlığının və məsuliyyət hissinin artırılması, əmək və icra intizamına, etik davranış qaydalarına dönmədən əməl olunması ilə bağlı və digər müvafiq tapşırıqlar verib.

AZƏRTAC