Prezident İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib
Siyasət

Prezident İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Zorana Mixayloviç azad edilmiş torpaqlarımızda dağıntılar barədə məlumatlı olduğunu bildirərək, bununla əlaqədar ölkəmiz və xalqımız naminə görülən işlər, o cümlədən azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı dövlətimizin başçısını təbrik etdi.

Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğuladı.

Dövlətimizin başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışdı.

Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edildi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Zorana Mixayloviç Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

AZƏRTAC