Prezident İlham Əliyev Qalib Azərbaycanın lideri
Siyasət

Prezident İlham Əliyev Qalib Azərbaycanın lideri

Tarix sübut etmişdir ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. XX əsrin yetişdirdiyi görkəmli tarixi simalardan biri - Ümummilli liderimiz Heydər Əliyev 34 il müddətində Azərbaycan Respublikasına rəhbərlik etmiş, bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etmişdir. Bu yolda bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqından almış, ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqına arxalanmışdı.

Mənalı həyatının 60 ilini xalqının bugünü və sabahı ilə yaşayan ulu öndərin ömrünün son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə çox işlər görsə də, onun hələ tamamlanmamış perspektivli planları vardı. Təəssüf ki, səhhətində yaranan bəzi problemlər bu böyük insana başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermirdi. Buna baxmayaraq, 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün onun da namizədliyi irəli sürülüb, qeydiyyata alınmışdı. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq onun təbliğatını aparırdı. Məhz belə bir məqamda Heydər Əliyev xalqa müraciət edərək öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürür. O, xalqa müraciətində deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndər Heydər Əliyevin siyasətinə, onun müəyyən etdiyi siyasi kursa söykənərək Azərbaycanı daha yüksək zirvələrə qaldırmaq üçün 2003-cü ildə Prezident İlham Əliyev olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. O zaman Azərbaycan dövləti ulu öndərimiz tərəfindən qurulub möhkəmləndirilsə də, onun güclənməsinə müəyyən qədər vaxt lazım idi. Eyni zamanda, qarşıda beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, həm də ölkə daxilində mövqeləri daha da gücləndirmək və xalqımızın inam və etimadını da qazanmaq kimi çətin bir vəzifə dururdu. Lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli mövqeyə sahib olan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. Dərhal ciddi əhəmiyyət daşıyan proqramlara imza atdı,  struktur dəyişiklikləri apardı, eyni zamanda ulu öndərimiz tərəfindən  əsası qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin başa çatması və istifadəyə verilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə əslində ölkəmizdə xarici valyutanın axınını təmin etdi, həmçinin Azərbaycan Avropanın ən etibarlı partnyorlarından birinə çevrildi. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynadı.

Siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli mövqeyə sahib olan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı.

Həqiqətən də 18 illik qısa zaman kəsiyində Azərbaycan dövləti çox böyük uğurlara imza atdı. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan bir vaxtda bu ağır sosial yükü çiynində daşıyaraq onları həm də çadır şəhərciklərindən müasir evlərə köçürmək, həyat şəraitlərini yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi qüdrətini gücləndirmək üçün olduqca düşünülmüş və təkamülə söykənən islahatların daha ciddi şəkildə aparılması, digər tərəfdən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq səviyyədə diplomatik müstəvidə mübarizə aparması dövlət başçısının fəaliyyətinin əsas istiqaməti oldu. Nəzərə alsaq ki, beynəlxalq güclər Ermənistanın yanında idi və Azərbaycana qarşı ikili standartlar var idi və fərqli şəkildə işğala məruz qalan torpaqlarımızın erməniləşdirilməsi üçün ən müxtəlif səviyyələrdə ermənilərə yardımlar göstərilirdi. Belə bir çətin dövrdə həm də bunu gündəlikdə saxlamaq, müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda, həm xarici, həm də daxili auditoriyalarda ən qətiyyətli, cəsarətli bəyanatlar vermək, “Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir qondarma dövlətin yaradılmasına imkan verməyəcək” kimi bəyanatlar səsləndirərək bunun arxasında dayanmaq və ordunu ən müasir orduya çevirmək bu illər ərzində onun qarşıya qoyduğu ən ciddi vəzifə idi və bu vəzifələrin davamlı olaraq yerinə yetirilməsi 2020-ci ildə Azərbaycanı qələbəyə qovuşdurdu. Ölkəmiz 30 ilə yaxın bir müddəti əhatə edən erməni işğalına son qoydu, bu zəfər savaşında Prezident İlham Əliyev özünü Ali Baş Komandan kimi də yüksək səviyyədə təsdiq etdi və Azərbaycanı qalib dövlətə, bizi isə qalib xalqa çevirdi. Beləliklə, Azərbaycan 2020-ci ildən sonra öz inkişafının daha fərqli, daha yüksək mərhələsinə qədəm qoydu.

Prezident İlham Əliyev siyasi liderliklə yanaşı, zəfər çalmış Müzəffər sərkərdə obrazını da özündə birləşdirdi. Bu isə onun potensialının hüdudsuzluğunun daha bir göstəricisi idi. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var: siyasətdə sistemliliyi qoruyan, səbirlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən Vətən müharibəsində də o bir daha sübut etdi ki, hər şeyi doğru zamanda doğru edir.

Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda isə hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Azərbaycan Prezidenti müharibəyə kimi beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. 2006-cı il sentyabrın 18-də Antalyada keçirilən Türkdilli dövlətlərin toplantısında dediyi: “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial olduğunu göstərirdi. Bu prinsipiallığı onun yalnız Ermənistana qarşı yox, həm də beynəlxalq ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Ona görə də 2016-cı ildə “Rossiya seqodnya” BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində də qətiyyətlə bildirirdi: “Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən  müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz”. Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi.

Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda isə hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Müharibə ərzində Prezidentin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Onun çıxışları uşaqdan-böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Bu, lider-xalq birliyinin, inamın, sevginin göstəricisi idi. Çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi.

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatı, düşmənin kapitulyasiyası, Azərbaycanın və onun liderinin qəti qələbəsi idi.

Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr edilmiş Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu. Özəlliklə müharibə boyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu zəfər paradında İlham Əliyevlə birlikdə  olması bütün dünyaya xüsusi mesaj oldu. Danılmaz faktdır ki, iki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin, liderliyinin böyük rolu var.

Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı.

2003-cü il oktyabrın 31-də andiçmə mərasimində İlham Əliyev demişdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da  güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”.

Ötən 18 ildə Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi, Azərbaycanı qüdrətli, qalib ölkəyə çevirdi.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.