Prezident Fərmanının işığında: Elm və təhsilin vəhdət zərurəti
Elm və təhsil

Prezident Fərmanının işığında: Elm və təhsilin vəhdət zərurəti

Müasir çağırışların və tendensiyaların gerçəkləşdirdiyi ümidlər və yeni reallıqlar bunu bir daha təsdiq etdi

Bu gün ölkəmizdə böyük islahatlar həyata keçirilir və bütün sahələrdə milli özünütəsdiq ruhunda aparılan bu proseslər fərəhli olmaqla yanaşı, ciddi və zəruri addımlar da tələb edir. Çünki illərlə formalaşmış bəzi sistemlərin yenilənməməsi, bir çox qurumlarda köklü islahatların və struktur dəyişikliyinin aparılmaması həmin təşkilatlarda dövrlə səsləşən yeniliklərin icrasını, mənəvi-psixoloji sarsıntılarla müşayiət olunsa da, mütləq edir. Bəllidir ki, müasir dövrdə ölkənin inkişafı iqtisadi göstəricilərdən, təbii sərvətlərdən, əhalinin həyat səviyyəsindən daha çox insan-cəmiyyət münasibətlərinin qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Tarixən insanın keçdiyi inkişaf yolu ilə cəmiyyətin inkişafı arasında bir əlaqə və uyğunluq mövcud idi. İndi isə cəmiyyətin inkişaf tempinin yüksək olması insanın onunla ayaqlaşmasına imkan vermir, konkret desək, bu müqayisədə insan çox geri qalır. Çağdaş insan əvvəlki insanlardan fizioloji, bioloji və intellekt cəhətdən fərqlənməsə də, sosial varlıq olaraq dəyişir. Cəmiyyət isə eksponensial sürətlə dəyişir. Müasir dövrdə də ən əsas problem insanın inkişaf tempinin cəmiyyətin inkişaf tempi ilə sinxronlaşdırılmasıdır. Bu vacib və əhəmiyyətli funksiyanı yerinə yetirmək isə təhsil sisteminin üzərinə düşür. Təhsil əsrlər boyu əldə olunan bilikləri, nailiyyətləri, təcrübəni müəyyən vaxt ərzində əlaqələndirib toplayaraq onlara yiyələnmək imkanı verir. Konkret desək, təhsil məlum bilikləri əhalinin müəyyən hissələrinə öyrətmək üçün genişmiqyaslı ictimai prosesdir. Təhsildə əldə olunan bilik və təcrübənin üç müxtəlif məqsədə xidmət etdiyi də hamımıza məlumdur:

- praktikada tətbiq üçün

- öyrətmək və yaymaq üçün

- yeni biliklər üçün.

Yeni biliklərin əldə edilməsi isə təhsilin yox, elmin funksiyasıdır. Başqa sözlə, elm məxsusi mənada təhsildir, yəni xalis təhsil sahəsidir.

Bu baxımdan da  müasir çağırışların və tendensiyaların gerçəkləşdirdiyi ümidlər və yeni reallıqlar bunu bir daha təsdiq etdi ki, elm və təhsilin vəhdəti zərurətdir.

Hazırkı dövrdə əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycanda ictimai həyatın bütün sahələrində ciddi dəyişikliklər gedir.

Yeni quruculuq işləri varislik prinsipi əsasında, xalqımızın əvvəlki dövrlərdə əldə etdiyi nailiyyətlərin, toplanmış təcrübənin, mövcud milli adət-ənənələrin davamı kimi həyata keçirilir. Bu proseslərdə iqtisadi, maddi-mənəvi sərvətlərin dağıdılmasına yol verilmir. Yaxşı xatirimizdədir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində digər sahələr kimi, Azərbaycan elminin taleyi də sual altında idi. Məhz quruculuq, yaradıcılıq ənənələri ilə xalqımızın qəlbində dərin iz buraxmış ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra elmin müstəqil, müasir Azərbaycanın maraqlarına və ehtiyaclarına uyğun surətdə yenidən qurulması, dövrün tələblərinə adekvat daha optimal şəkildə təşkilatlanması sahəsində ciddi tədbirlər həyata keçirildi.

Müasir dövrdə də ölkəmizdə mövcud elmi potensialdan səmərəli istifadə etmək, onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək ümdə vəzifələrdəndir. Bunun üçün elmin təşkilati strukturunun milli xüsusiyyətlərə, imkanlara və çağdaş tələblərə uyğun surətdə optimallaşdırılmasına, müxtəlifyönlü və fərqli tabeli qurumlardakı elm-təhsil, elmi-tədqiqat müəssisələrinin, o cümlədən sahə elmlərinin əlaqələrinin təkmilləşdirilməsi məqsədilə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac vardı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi yolunda mühüm sənəddir. Sənədə əsasən AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları, habelə digər qurumları Elm və Təhsil Nazirliyinin, bir neçə muzeyi Mədəniyyət Nazirliyinin tabeliyinə verilir. Həmçinin AMEA-nın yeni strukturunun və yeni Nizamnaməsinin hazırlanıb təsdiq edilməsi nəzərdə tutulur. Göründüyü kimi, keçmiş SSRİ Elmlər Akademiyasının orbitindən qopmuş və təşkilati forması yeni masştabda tələblərə uyğun olmayan AMEA-nın hazırkı vəziyyətini qoruyub saxlamaqdansa, mövcud elmi potensialdan, bu sahədəki sərvətlərimizdən səmərəli istifadə etməklə daha mobil, çevik, optimal və məqsədyönlü bir qurum yaratmaqdır, yəni qısaca desək, məqsəd EA-nı deyil, elmi potensialı böyük intellekt sahiblərini qoruyub saxlamaq və bu elmi potensialın bazasında rentabelli, işlək bir elm modeli qurmaqdır.

Beləliklə, Azərbaycanda elmin və MEA-nın taleyi ilə bağlı perspektivə, gələcəyə hesablanmış məqsədyönlü islahatlara alternativ yoxdur. Eyni zamanda nəzərə alaq ki, vəziyyət belə də uzun müddət davam edə bilməzdi.

Bəllidir ki, elm planetar, ümumbəşəri hadisədir. Yəni elm fərdi miqyas daşıya bilməz, elm fərdlərin mənəvi tələbatı, intellektual əyləncəsi deyil, ixtiyari ictimai fəaliyyət sahəsinin - sənayenin, təsərrüfatın, iqtisadiyyatın və s. inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Dünya elminə daxil olmaq üçün planetar miqyasda əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaq gərəkdir. Əks halda, bu, elm sayıla bilməz.

Elmi-tədqiqat sahələri ilə ictimai fəaliyyət sahələri arasında ölkə miqyasında həyata keçirilən çoxşaxəli proses - texnoloji proses dayanır. Bu proses düzgün tənzimlənən cəmiyyətlərdə elmə, elmi-tədqiqat sahəsinə qoyulan vəsait səmərəli olmaqla çox böyük gəlir gətirir. Nəzərə alsaq ki, elm sahəsinə qoyulan kapitalın dövriyyə müddəti adətən uzun olduğundan sahibkar elmi-tədqiqat sahəsinə investisiya qoymaqda maraqlı olmur. Əksinə, bu adla pərdələnmək, müasir elmtutumlu müəssisə imici qazanmaq üçün reklam texnologiyasına söykənən psevdoelmi mühit yaradır. Nəticədə həqiqi elm arxa plana keçməklə psevdoelmlə əvəz olunur. Bu isə görüntü yaratmaqla cəmiyyəti aldatmaq olduğundan yol verilən hal deyil.

Elmin təşkili praktikasında ictimai-iqtisadi formasiyaların da rolu olmuşdur. Məsələn: elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə həyata keçirilməsi daha çox sosializm cəmiyyəti üçün xarakterik idi. Elmlər Akademiyası da bu sistemdə mərkəzləşdirilmiş elmi-tədqiqat formalarından biri idi. Lakin iqtisadiyyat üzərindən dövlət monopoliyasının götürülməsi və bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olmasının bir çox sahələrlə yanaşı, elmin də mərkəzləşdirilmiş qaydada fəaliyyətində çətinliklər yaratdığı məlumdur.  Həmin çətinlikləri aradan qaldırmaq, elmi və intellektual potensialı qoruyub saxlamaqla, ondan milli inkişaf naminə praqmatik düşüncə ilə maksimum faydalanmaq dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir. Dövlət başçısının imzaladığı Fərmanda Elmlər Akademiyası ilə bağlı nəzərdə tutulan tədbirlərdə əsas məqsəd mövcud elmi potensialı, elmi mühiti rasional əsaslarla işlək mexanizm vəziyyətinə gətirməklə elmin rentabelli fəaliyyət modelinin hazırlanmasıdır. Həmçinin təkcə EA ilə deyil, elmin yeni tələblərlə ayaqlaşa biləcək təşkilati strukturunun formalaşdırılması və elmin inkişaf strategiyası ilə bağlı zəruri islahatların reallaşdırılması nəzərdə tutulur.

Ulu öndər Heydər ƏLİYEV: Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha çox istifadə etməliyik.

Qeyd edək ki, "elm" anlayışı milli və ümumbəşəri dəyərlərlə əlaqəliliyi baxımından adətən belə təsnif olunur: tətbiqi elmlər, fundamental elmlər və ictimai elmlər.

Tətbiqi elmlər fundamental elmlər sahəsində əldə olunmuş biliklər üzərində qurulduğundan ondan bir neçə il geri qalır. Çünki tətbiqi elmlər fundamental elmlərin əldə etdiyi nəticələrdən yararlanır. Bu baxımdan da planetimizdə ancaq superdövlətlər fundamental elmlərin inkişafında xüsusilə maraqlıdır. Əslində bütün tətbiqi elm sahələrində fəaliyyət göstərmək mümkün də deyil. Tətbiqi elmlərin əsas təkanverici qüvvəsi milli iqtisadiyyatın ehtiyacları olsa da, bu elm sahəsi sənaye, kənd təsərrüfatı, mədəniyyət və s. sahələrlə qarşılıqlı əlaqədə inkişaf edir. Tariximizdən buna çoxlu nümunələr də sadalamaq olar, xüsusilə neft sənayesində, taxılçılıqda və s. tətbiqi elmlər sahəsində fəaliyyətin konkret tələb və təklif, yəni müqavilə və sifariş əsasında aparılması əvvəlcədən məlum olmasa da, yerli iqtisadiyyatın tələblərinə uyğun olacağı məlumdur. Buna görə də bu sahədəki işlər maddi və mənəvi baxımdan stimullaşdırılmalıdır.

Fundamental elmlərdə isə əvvəlcədən heç nə müəyyən olmur, yəni əldə edilən elmi nəticələrin nə vaxt, harada (və ya hansı ölkədə) istifadəsi məchul olur. "Elm üçün elm" prinsipi ilə işləyən fundamental elmlər əsasən milli ideallara deyil, ümumbəşəri dəyərlərə xidmət edir. Bu sahədə təbiət elmləri öndədir. Fundamental elmlər sahəsində ancaq yüksək texnologiya və texnikaya malik ölkələrdə praktik nəticələr əldə etmək olar.

Əsrimiz yeni texnologiyalar əsridir. Yeni və müasir texnologiyalara sahib olan ölkələr beynəlxalq miqyasda öz maraqlarını, milli təhlükəsizliklərini daha etibarlı şəkildə müdafiə edə bilirlər. Bu baxımdan da dövlətimizin başçısı cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında  qeyd etmişdir ki, Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Biz çalışırıq ki, ən müasir texnologiyalar Azərbaycana gətirilsin və alimlərimiz də öz işlərini bu texnologiyalar əsasında daha səmərəli qura bilsinlər.

Dövlətimizin gələcəyə baxış strategiyası bəllidir: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. İlk növbədə fundamental və tətbiqi elmlər ölkəmizin ümumi inkişafına öz töhfəsini verməklə inkişaf etməlidir. Yəni elmi tədqiqatlar sadəcə araşdırma üçün deyil, milli iqtisadiyyatımızın inkişafına və onun təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.

Fundamental elm texnoloji ideya və layihənin köməyi ilə tətbiqi elmə çevrilməklə istehsala yol tapır. Nəticədə rentabelli dinamik elm modeli formalaşmış olur. Ölkəmizdə bu sahənin əsasən nəzəriyyəsi ilə, konkret desək, riyaziyyatı ilə məşğul olunur. Çünki riyaziyyatla məşğul olmaqla, eksperimental baxımdan və ona daha çox yaxın elm sahələrində intellektin və istedadın sayəsində müvafiq texnolojiyə malik olmadan da elmin ön cəbhəsində, böyük uğurlar əldə etməklə dünya elminə çox mühüm töhfələr vermək olar. Məsələn: riyaziyyat sahəsində öz elmi nəticələri ilə elmdə yeni istiqamətlərin əsasını qoyan neçə-neçə görkəmli alimlərimiz var. Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəlində ən yüksək sərvətimiz olan intellektual potensialımızdan rasional düşüncə ilə səmərəli istifadə olunmadı. Həmin dövrdə çoxlu sayda yüksəkixtisaslı elmi kadrlar (açığını deyək ki, onların bir qisminin elmi səviyyəsi dünya standartları səviyyəsində idi) uyğun elmi mühit və maaş təminatı olmadığından işləmək, elmi fəaliyyətlərini davam etdirmək üçün xarici ölkələrə üz tutdular. Bu, həmin dövrdə Azərbaycan üçün böyük itki idi. İntellektual mülkiyyət müstəvisində "beyin axını" kimi yanaşsaq, ən böyük itki idi. Bura bir çox elm adamlarının obyektiv səbəblər üzündən, ümumiyyətlə elmi fəaliyyətdən uzaqlaşdığını da əlavə etsək, həmin illərdə ölkəmizin özünün ən dəyərli milli sərvətindən tədricən necə məhrum olduğunun miqyası bəlli olur.

Ölkənin milli maraqları ilə bilavasitə bağlı olan ümumbəşəri dəyərlərə dolayısı ilə daxil olan, xalqımızın, millətimizin tarixi, dili, dini və mədəniyyəti ilə bağlı elmlər ictimai elmlər və ya humanitar elmlər adlanır. İctimai elmlər millətin maraq dairəsinə uyğun olmaqla ümumbəşəri dəyər kəsb edir. Belə ki, ümumdünya tarixi, iqtisadiyyatı, fəlsəfi fikri ilə bərabər, milli tariximiz, iqtisadiyyatımız, fəlsəfi fikrimiz ciddi və obyektiv tədqiq olunmalıdır. Daha dəqiq desək, bizə aid olanları kimsə bizim qədər təfərrüatı ilə və obyektiv, milli maraqlarımıza adekvat tədqiq etməyəcək. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır". Bu fikirlərdən də aydın olur ki, bu sahədə elmi tədqiqatlar müntəzəm və mütəşəkkil qaydada təşkil olunmalıdır. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Qarabağ problemi ilə bağlı müzakirələrdə üzə çıxan həqiqətlər sübut etdi ki, ictimai elmlər sahəsində xüsusilə tariximizlə, mədəniyyətimizlə bağlı tədqiqatlar elmin prioritetlərinə aid olmalıdır. Axı bəllidir ki, xalqın, millətin tarixi taleyi ilə bağlı olan, onun milli hisslərinə ən çox təsir edən ictimai elmlərdir.

Haqqında söhbət açdığımız Fərmana əsasən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən qurumların siyahısına fikir versək,  ictimai və ya humanitar elmlər sahəsinə xüsusi həssaslıqla yanaşıldığı aydın olur. Fərmanın 6-cı və 8-ci bəndlərində qeyd olunur ki, AMEA-nın yeni strukturu və Nizamnaməsi hazırlansın. İnanırıq ki, daha böyük səriştə və yüksək vətəndaşlıq ruhunda sağlam qüvvələri səfərbər etməklə gənc elmi işçilər ciddi və prinsipial meyarlar əsasında seçiləcək, onlara qayğı göstəriləcək və elmin təşkilati strukturu təkmilləşdiriləcək. Müasir və müstəqil Azərbaycanımızın, xalqımızın, millətimizin tarixi, dini, dili, ədəbiyyatı, bütövlükdə mədəniyyəti və fəlsəfi fikri, bir sözlə, sosial cəmiyyətlə bağlı problemlərin öyrənilməsi üçün kompleks tədqiqat proqramları yaradılmaqla bu işdə istedadlı gənclərin intellektindən səmərəli istifadə olunacaq.

Tətbiqi və fundamental elmlərin texnoloji əsaslarla, mühəndis layihələndirilməsinin, alqoritmlərin köməyi ilə istehsal prosesinə yol tapması müntəzəm xarakter alsa da, ictimai elmlərin həyatla əlaqələndirilməsi və ya tətbiqi indi də problem olaraq qalır. Ötən əsrdə də bu elmlərin tətbiq hüququ təbliğat funksiyası ilə əvəzlənmişdir.

Göründüyü kimi, tətbiqi, fundamental və ictimai elmlər spesifik xüsusiyyətlərə malikdir. Əslində inkişaf etmiş ölkələrdə elm deyəndə əsasən təbiət elmləri nəzərdə tutulur. Çünki həmin ölkələrdə oturuşmuş ictimai-siyasi formasiya və iqtisadi münasibətlər sistemi bərqərar olduğundan digər problemlərlə deyil, əsasən təbiət elmləri ilə məşğul olmağa üstünlük verirlər.

Bu gün Azərbaycanda müqayisəli şəkildə desək, kifayət qədər güclü və böyük elmi potensial mövcuddur. Bu potensialın yaranmasında EA-nın da rolu olmuşdur. Lakin elmin inkişaf yükünü təkcə EA-nın üzərinə istiqamətləndirmənin qüsurlu yanaşma olduğunu həyat da sübut etdi. Bu səbəbdən də superdövlət olan keçmiş Sovetlər İttifaqı EA formasında mərkəzləşdirilmiş elmi-tədqiqat sistemi yaratmaqla elmin inkişafını əsasən EA ilə bağlasa da, özünün müstəqil elmini yarada bilmədi.

Sönməkdə olan yaradıcılıq mühitinin bərpası, əsl elmi araşdırıcılıq atmosferinin yaradılması üçün elmin inkişafının təkcə EA ilə deyil, həm də ali təhsil müəssisələri ilə, xüsusən də universitetlərlə sıx surətdə bağlanması gərəkdir. Çünki elmi mühitin və nəzdində elmi-tədqiqat institutunun olması universitetin digər ali təhsil müəssisələrindən əsas fərqi, eyni zamanda üstünlüyüdür. Əks halda, həmin təhsil müəssisəsi universitet sayıla bilməz.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi yolunda mühüm sənəddir.

Dövlət başçısının imzaladığı bu mühüm Fərmanda da elm və təhsil vahid məkanda cəmləşdirilməklə Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması, həmçinin EA-nın 40-a yaxın elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin prioritetli əlaqələndirilməsi baxımından yuxarıda deyilən məqsədlərə xidmət edir. Bu Fərmanla bir daha təsdiq olundu ki, köhnə təşkilati quruluşlara, qazanılan nəticələrə, formalaşmış ənənələrə qayğı ilə yanaşaraq, yeni, daha çox fayda verə biləcək, müasir dövrün tələblərinə, çağırışlarına uyğun optimal təşkilat formalarına üstünlük verilməlidir.

Fərmanda həmçinin elm və təhsil qurumlarının əlaqəli şəkildə birgə fəaliyyət konsepsiyasının hazırlanması nəzərdə tutulur. Elm və təhsilin əlaqələndirilməsi işində ilk növbədə Akademiya sistemində olan institutlarla universitetlərin nəzdindəki Elmi-tədqiqat institutları və mərkəzləri arasında dəqiq koordinasiya aparılmalı, həm təşkilati, həm də tədqiqat baxımından təkrarçılığa yol verilməməlidir. Belə ki, elmi idarəçilik prinsipi baxımından iki qurumun birgə fəaliyyəti fonunda birləşmə, yoxsa əlaqələndirmə - hansının seçilməsi konkret və həssas yanaşma tələb etdiyindən vahid bir mexanizmin hüquqi əsasları ciddi şəkildə aidiyyəti qurumlar tərəfindən, nüfuzlu elm adamlarının, bu sahədə təcrübəli və intellekt sahiblərinin iştirakı ilə hazırlanmalıdır. Proses çətin və yorucu olsa da, bunu etməliyik. Ümummilli lider Heydər Əliyevin dediklərini xatırlayaq: "Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha çox istifadə etməliyik".

Həssas yanaşma tələb edən və çağdaş dövrümüzün aktual məsələlərindən biri də istedadlı gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması, onların intellektindən səmərəli istifadə edilməsidir. Nəzərə alaq ki, elmdə hərfi mənada yaşın gəncliyi, fiziki gücü deyil, düşüncənin, fəhmin, intellektual potensialın, həvəsin, entuziazmın və enerjinin böyüklüyü əsasdır. Bu keyfiyyətlərə malik insanlar normal ehkamlarla, standart təfəkkür üslubu ilə kifayətlənmədiklərinə görə həlli axtarılan problemə tamamilə fərqli, əksəriyyətin düşünmədikləri mövqedən yanaşdıqları üçün müsbət nəticəyə daha optimal müddətdə, orijinal forma və məzmunda nail olurlar. Fikrimizin təsdiqi kimi elm tarixindən çoxlu sayda belə nümunələr sadalamaq olar. Məsələn: E.Qalua gənc yaşlarında (20 yaşında) etdiyi çox mühüm kəşflərlə məşhurdur.

Yeri gəlmişkən, qeyd edək ki, bu fitri istedad haqqında L.İnfeldin yazdığı, “Görkəmli adamların həyatı” silsiləsindən olan "Evarist Qalua" kitabını ana dilimizə tanınmış jurnalist, diplomat, nazir, tərcüməçi, öz vətənpərvərliyi, xeyirxahlığı, istedadı və yaxşı əməlləri ilə daim fərqlənən və xatırlanan Bağır Seyidzadə tərcümə etmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi, cəmiyyət çox sürətlə dəyişib inkişaf etdiyindən, belə demək mümkünsə, cəmiyyət cavanlaşır, problemlər, elm isə qocalır, yəni elmi informasiya və nailiyyətlər üst-üstə toplanmaqla çoxalır. Sadəcə belə vəziyyətdə gənc nəslin tədqiqat imkanları əvvəlki nəsildən miras qalmış mükəmməl texnologiya və metodika sayəsində artmış olur. Bu isə onların, öz növbəsində, elmin problemlərinin həllinə nüfuzetmə şanslarını yüksəldir. Unutmayaq ki, artıq elm özü də tək fərdin fəaliyyət meydanı deyil. Elm üçün kadr hazırlığı əsas şərtdir, yəni təhsil sistemində sağlam sosial-mənəvi mühitin yaradılmasından başlamalıyıq. Gənclərimizi də yetişdirmək üçün ilk növbədə elmi mühit - elmi məktəblər yaradılması vacibdir. Çünki şəxsiyyət sosial mühitdə yetişdiyi kimi, alim də elmi mühitdə yetişir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın yubileyinə həsr olunmuş ümumi yığıncağında alimlərlə görüşərkən bu barədə çox konkret demişdir: "Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycan elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi". Deməli, iqtisadiyyatımızın əsasını təşkil edən ənənəvi neft-qaz sahəsində elmi məktəb yaradılmasına nail olmuşuq. Ölkəmizin ümumi inkişaf dinamikasına uyğun olaraq digər sahələrdə də öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilməkdən, inkişaf etmiş ölkələr sırasına daxil olmaqdan ötrü elmi potensialın səviyyəsi yüksəldilməlidir. Bəllidir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə sıx və kəsilməz olmaqla düz mütənasibdir.

Prezident İlham ƏLİYEV: Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycan elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi.

Fərmanın əsas özəlliklərindən biri də bu baxımdan çox təqdirəlayiqdir. Belə ki, Akademiya sistemində çalışan alimlərimizin təhsil prosesinə, dəqiq desək, tədrisə cəlb olunması elmi kadrların yetişməsində əvəzsiz rol oynaya bilər. Belə ki, yüksəkixtisaslı alimlərimizin gənclərlə birbaşa kontaktda olması həm əks-əlaqə baxımından, həm də yüksək hazırlığı, marağı, qabiliyyəti olanları elmi-tədqiqat işlərinə həvəsləndirməklə elmi məktəblərin formalaşması baxımından çox önəmlidir.

BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kadr islahatlarından danışarkən demişdir: "Kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla... Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var... Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə". Doğrudan da, belə olanda gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi milli dəyərlər əsasında tərbiyə alıb, bilik, savad qazanmaqla, yaxşı və təminatlı gələcəyini təmin etməklə, ölkəmizin dövlət müstəqilliyini gücləndirməklə onu gələcəyə inamla aparacaqlar.

Elm və təhsil sahəsində tənzimlənmənin həyata keçirilməsi, gələcəyin təməl prinsiplərini yaratmaq, elmi fikir ocağı və ya standartlar səviyyəsində elmi məktəblər formalaşdırmaq üçün təhsilin "doktorantura" mərhələsinə də xüsusi diqqət ayrılmalıdır. Bu barədə polemika baxımından bir fikir söyləmək yerinə düşərdi. Belə ki, bu mərhələdə təsadüfdənmi, yoxsa hansısa məqsəd naminə yaradılmış ikipilləlik də aradan qaldırılmalıdır. Çünki dünya təcrübəsində də magistraturadan sonra elmi dərəcə almaq üçün bir daha yüksək təhsil pilləsinin vacibliyini qəbul edirlər. Təhsilin növbəti mərhələsinin adı şərtidir - "aspirantura", yaxud da "doktorantura". Təklif ondan ibarətdir ki, təhsilin yüksək pilləsini başa vurub, dissertasiya işi müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra elmlər doktoru elmi dərəcəsi almaq üçün yenidən imtahanlar haqqında düşünməyə ehtiyac varmı? Yüksək elmi dərəcəni - elmlər doktoru dərəcəsini almaq üçün universitetdaxili sənədləşmə prosesini koordinasiyalı şəkildə aparmaqla daha yüksək səviyyəli tədqiqat (dissertasiya) işi üzərində işləyərək, elmi yaradıcılığı davam etdirmək kifayət edər. Bu mərhələnin sonunda isə, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlərlə yanaşı, yüksək impakt faktorlu jurnallarda, həmçinin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan elmi nəşrlərdə dərc olunan məqalələr, beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə iştirakın əsas hesab olunması yetərli ola bilər.

Nəzərə alaq ki, yeni sistemlər qurularkən, keçmiş tarixə diqqətlə yanaşılmalı, yaxşı ənənələr qorunub saxlanılmalı, inkişaf etmiş ölkələrin qabaqcıl, müasir təcrübəsi nəzərə alınmalıdır. İcra prosesində həmçinin mövcud elmi potensial yüksək qiymətləndirilməklə, ondan müstəqil Azərbaycanın gələcək inkişafı naminə məqsədəuyğun qaydada istifadə olunmalıdır.

Elm və təhsil sahəsindəki identifikasiyanın reallaşdırılması milli, mənəvi əsaslara söykənməklə ümumbəşəri dəyərlərdən yararlanmalıdır. Elm və təhsil arasındakı əlaqə qırılmadan elmin ilkin fazası olan təhsilin fasiləsizlik prinsipi gözlənilməklə elmi-tədqiqat işləri sadəcə plan və ya maraq üçün deyil, real problemlərin həlli naminə inkişaf etdirilməlidir.

Hümbət MUSAYEV.