Praqa görüşü: mühüm diplomatik mərhələ
Siyasət

Praqa görüşü: mühüm diplomatik mərhələ

Azərbaycanın irəli sürdüyü beş prinsiplə sülh müqaviləsi ilin sonunadək imzalana bilər

"Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq". Bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa  Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə dördtərəfli görüşü olub. Bu görüş də sülhə doğru daha bir addım kimi dəyərləndirilir, ölkəmizin uğuru olaraq  təqdir edilir. Onu da qeyd edək  ki, Praqa görüşünə Azərbaycan növbəti dəfə güclü və üstün tərəf kimi qatılmışdı. Bu amil bütövlükdə danışıqların, müzakirələrin gedişində aydın müşahidə olunurdu. Belə ki, Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü inamlı göstərməyə çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və prinsipiallığı onun bu cəhdinə imkan vermədi.

Görüşün yekununda tərəflər arasında bəyanat qəbul edilib və sənəddə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı qeyd olunub. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı  İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi uğurlu siyasi fəaliyyətinin  parlaq təzahürüdür.

Ən önəmlisi  rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini bəyan etdi. Bu isə Azərbaycanın bütün ərazisi üzərində, o cümlədən Qarabağ üzərində suverenliyinin qəbul edilməsidir. BMT nizamnaməsinin əsas sənəd kimi götürüldüyü bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə razılıq veriblər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və sərhəd komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək. Bununla da Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilməyə məcbur edildi.

Növbəti mərhələdə sərhədlərin müəyyənləşdirilməsi vəzifəsi dayanır. Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına stimul və dəstək verəcək. Bu missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorunub. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük qələbəsidir və bu uğur dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir.

"Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik". Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən belə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfdən irəli sürülən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur: "Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir".

Təqdirəlayiq haldır ki, Avropa İttifaqı Şurası və onun Prezidenti Şarl Mişel  bir müddətdir Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmağa cəhd edir, bu məsələdə ciddi təşkilatçılıq və vasitəçilik missiyası həyata keçirir. Şarl Mişelin bu səyləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Praqada  Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə də  ikitərəfli  görüşü baş tutub. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunan danışıqlarda   Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Şarl Mişel bununla bağlı Prezident İlham Əliyevə  minnətdarlığını bildirib. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub. Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq". Prezident İlham Əliyev bu fikirləri Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Qardaş Türkiyə həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Azərbaycana mənəvi-diplomatik baxımdan böyük dəstək verdi və bu gün də verməkdədir. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində dəfələrlə Ermənistan hakimiyyətinə çağırışlar etdi, rəsmi İrəvanı Azərbaycanın sülh səylərini dəstəkləməyə, regionda vəziyyəti gərginləşdirməkdən imtina etməyə çağırdı.  Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar. Liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın baş naziri Viktor Orban da qoşulub. Türkiyə Prezidenti və  Ermənistanın Baş naziri ayrıca söhbət ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra Ermənistanla münasibətlərin normallaşacağına inandığını bildirib. Türkiyə lideri Praqada keçirdiyi mətbuat konfransında deyib: "Ermənistanın Baş naziri Paşinyanla görüşümüz oldu. Mən ürəkdən inanıram ki, bölgəmizdə mehriban qonşuluq münasibətləri əsasında tam normallaşma məqsədimizə nail olacağıq". 

Qeyd etmək lazimdir ki, oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclası keçirilib. "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. İlk dəfə keçirilən və  Avropa ölkələrinin liderlərini bərabərhüquqlu, birlik ruhunda bir araya gətirən Zirvə Toplantısına ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları qatılıb. Tədbirdə çıxış edən dövlətimizin başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil. Amma hər halda həm Avropa ailəsinə dəvət deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var.

M.MUSTAFAYEV,

"Respublika".