POLİS AKADEMİYASININ 100 İLLİK ŞANLI TARİXİ
Digər xəbərlər

POLİS AKADEMİYASININ 100 İLLİK ŞANLI TARİXİ

Canpolad DAANOV,

DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki.

Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətimizin banisi Heydər Əliyevin dövlətçilik siyasəti dünya liderləri arasında seçilən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, həyata keçirilən islahatlar və quruculuq işləri həyatımızın bütün sahələrində müsbət nəticələrin əldə olunmasına, ölkəmizin dinamik inkişafına, qüdrətlənməsinə və beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuşdur.  Erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımızın öz torpaqlarına qaytarılması siyasətini prioritet hesab edən cənab İlham Əliyev ölkəmizin iqtisadi potensialını daim gücləndirməklə yanaşı, müasir dövrün tələblərinə cavab verən modern Silahlı Qüvvələrin yaranmasına da xüsusi önəm verirdi.

Aparılan bu siyasətin nəticəsidir ki, ən müasir hərbi texnika ilə təchiz olunmuş şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uzun müddət erməni işğalı altında olan torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu. Tarix boyu bu böyük qələbə arzusu ilə yaşadığımız müqəddəs vəzifənin həllində hərbi qüvvələrimizlə birgə respublikamızın daxili işlər orqanları da böyük fədakarlıqla vətənpərvərlik borcunu yerinə yetirmişdir.

Bu gün Azərbaycan polisinin prioritet amalı demokratik, hüquqi dövlət, sağlam vətəndaş-cəmiyyət quruculuğu işində yaxından iştirak etmək, əldə olunmuş müsbət nəticələri uğurla gələcəyə daşımaqdır. Çünki ümumbəşəri demokratik dəyərlərə inteqrasiya yolunu tutmuş Azərbaycanda yaranan yeni ictimai münasibətlər yeni yanaşma tərzini tələb edir. Təbii olaraq bu tələblərə cavab verə biləcək fəaliyyət XXI əsrin bütün təkmil parametrlərinə uyğun polis əməkdaşlarının yetişdirilməsini zəruri edir ki, bu da mütərəqqi texnologiyalara, dərin nəzəri və praktiki müddəalara əsaslanan elmə, yüksək maddi-texniki bazaya, intellektual səviyyəsi və dünyagörüşü yüksək olan pedaqoji kollektivə söykənən təhsil sisteminin mövcudluğunu şərtləndirir.

Azərbaycanda ali hüquq təhsilinin təşkili, vətənpərvər, istedadlı, savadlı hüquqşünas kadrların hazırlanmasında və bu missiyanın həyata keçirilməsində digər ali hüquq təhsili verən müəssisələr kimi,  Daxili İşlər Nazirliyinin struktur qurumu, eyni zamanda xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq Polis Akademiyasının da rolu vardır.

Polis Akademiyasının yaranmasının 100-cü ildönümünün Böyük Zəfər Qələbəmizin dövrünə təsadüf etməsi bizim üçün sonsuz iftixar hissi doğurur.

Polis Akademiyası ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Akademiya üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, daxili işlər orqanları ilə yanaşı, bir sıra digər hüquq-mühafizə orqanları üçün hüquqşünas kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Bundan irəli gələrək Azərbaycanın tanınmış alimləri, hüquq-mühafizə orqanları rəhbərləri, mütəxəssisləri arasında Akademiyanın çox sayda məzunları vardır.

 Akademiyanın tarixi ilə bağlı ilk öncə qeyd etmək lazımdır ki, Azərbaycanda milis orqanları üçün kadrların hazırlanması məqsədilə Azərbaycan SSR Xalq Komissarlığı Sovetinin 28 sentyabr 1921-ci il tarixli qərarı ilə Bakıda milis məktəbi açılmışdır.

Yarandığı dövrdən əldə etdiyi təcrübə, milis kadrlarının peşəkar hazırlığının yüksək səviyyədə həyata keçirilməsini nəzərə alaraq Bakı Milis Məktəbi 1957-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbi, 1968-ci ildə Novruz Kərim oğlu Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbi  adlandırılmışdır.

Azərbaycan Respublikası yenidən və əbədi müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli fərmanı ilə N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin nəzdində ali hüquq təhsili verən Azərbaycan Polis Akademiyası yaradıldı.

Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin  11 aprel 1995-ci il tarixli qərarına əsasən I dərəcəli ali təhsil müəssisələri sırasına, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə isə xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.

Ulu öndər Heydər Əliyevin 1996-cı ildə 75 illik yubileyini qeyd edən Akademiyaya təbrik məktubunu göndərməsi təhsil müəssisəmizə dövlət başçısının diqqət və qayğısının bariz nümunəsi olmuşdur. Bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin 2007, 2013 və 2018-ci illərdə Polis Akademiyasını ziyarət etməsi isə qarşımızda böyük məsuliyyət qoymuşdur. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz və şərəfli yol keçmiş Daxili İşlər Nazirliyinin Polis Akademiyası öz fəaliyyətini  Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnamə ilə həyata keçirir.

Nizamnaməyə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiyanın yaranıb formalaşma prosesində idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi, habelə dövrün yeni çağırışlarına adekvat cavab vermək ehtiyacı onun strukturunda bəzi dəyişikliklərin edilməsini zərurətə çevirirdi. 2019-2020-ci illərdə Polis Akademiyasının strukturunda edilən mühüm dəyişikliklər tədrisin keyfiyyətinin, idarəetmənin çevikliyinin artırılması, daimi və dəyişkən heyətlə aparılan işin yaxşılaşdırılması məqsədi daşıyaraq, dövrün tələblərinə cavab verir.

Polis Akademiyasının I kateqoriyalı ali təhsil müəssisəsi kimi formalaşması, inkişafı, nailiyyətləri bilavasitə ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi, ölkəmizdə siyasi sabitliyin təmin edilməsi sayəsində qazanılmışdır.

Belə ki, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanlarda yüksək nəzəri bilik və peşə vərdişlərini formalaşdırmaq məqsədilə hər şeydən əvvəl ayrı-ayrı fənlərin tədrisinin mərkəzi olan kafedraların təşkili işi nizamlandı. Milis məktəbində mövcud olmuş silsilələrin nəzdində on bir kafedra yaradıldı.

Kafedraların işinin təşkili bir çox çətinliklərlə bağlı idi. Hər şeydən əvvəl milis məktəbində tədris olunan bütün fənlər SSRİ-nin dağılması ilə əlaqədar bu və ya digər mənada dəyişikliyə məruz qaldığından, proqramlar, dərs vəsaitləri yenidən işlənilməli, rus dilində olan dərsliklər və mühazirə fondu yeni tələblərə uyğun olaraq Azərbaycan dilində yenidən yaradılmalı, ümumilikdə yeni milli tədris planı tərtib edilməli idi.

Lakin qeyd edilən çətinliklərə baxmayaraq, Akademiyanın kollektivi tərəfindən tədris olunan fənlərin didaktik təminatı ilə bağlı xeyli işlər görüldü. İlk növbədə kafedralar üzrə əsas fənlərin tədris proqramları tərtib olundu və Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq edildi. Qısa müddət ərzində Akademiyada böyük mühazirə fondu, elektron prezentasiyalar yaradıldı, dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri və digər tədris-metodik vəsaitlər hazırlanaraq Akademiyanın kitabxana fonduna daxil edildi.

Hazırda Polis Akademiyasında müasir təhsil texnologiyaları əsasında ali təhsilin hər üç səviyyəsi-bakalavriatura, magistratura və doktorantura, əlavə təhsil proqramı üzrə isə ixtisasartırma, kadrların yenidən hazırlanması, təkrar ali təhsil üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Respublikanın ali hüquq təhsilinin dövlət təhsil standartlarına əsaslanaraq, xarici və respublika ali təhsil müəssisələrinin təcrübəsini və milli ənənələrin xüsusiyyətlərini nəzərə alaraq Polis Akademiyasının yeni tədris planı Təhsil Nazirliyi ilə razılaşdırılmış və Respublika DİN-in rəhbərliyi tərəfindən təsdiqlənmişdir.

Məlumdur ki, həyata keçirilən bütün tədbirlər, əlbəttə, nəticə etibarilə keyfiyyətli təhsilə nail olunmasına xidmət etməlidir. Polis Akademiyasının Elmi Şurasında mütəmadi olaraq müqayisəli şəkildə müzakirə olunan keyfiyyət göstəriciləri, mənimsəmə səviyyəsi onu göstərir ki, Akademiyada tədrisin keyfiyyəti ildən-ilə artmaqda davam edir.

Polis Akademiyasında kursantların  fiziki və hərbi hazırlığına, ekstremal vəziyyətdə silah və xüsusi vasitələrin tətbiqi, yüksək psixoloji dayanıqlığı, peşə sayıqlığının formalaşması və möhkəmləndirilməsinə xüsusi önəm verilir. Əgər əvvəl Akademiyaya Silahlı Qüvvələrdə xidmət keçmiş, daxili işlər orqanlarında xidmət edən əməkdaşlar qəbul olunurdusa, bu gün Akademiyanın əksər tələbələri ümumi orta məktəbi bitirmiş gənclərdir.

Akademiyada tələbələrin idman hazırlığı səviyyəsinə, mətin və cəsarətli polis əməkdaşlarının tərbiyə edilməsinə xüsusi diqqət yetirilir. Hazırda beynəlxalq standartlara cavab verən yeni avadanlıqlarla təchiz olunmuş idman zalları, Kross-fit idman şəhərciyi, müasir üslubda futbol, voleybol, basketbol meydançaları şəxsi heyətin istifadəsindədir. Fiziki sağlamlığa verilən diqqətin nəticəsidir ki, idmanın ayrı-ayrı növləri üzrə Respublika və Avropa çempionatlarında təmsilçilərimiz fəxri kürsünün yüksək pillələrinə qalxmışlar.

Akademiyanın elmi fəaliyyəti daxili işlər orqanlarının fəaliyyətinin aktual problemləri üzrə elmi-tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi-tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.

Akademiya apardığı elmi-tədqiqat işlərinin nəticələrinin daxili işlər orqanlarının fəaliyyətində və tədris prosesində tətbiqini və onların dərslik, monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi və praktiki konfrans, simpozium, seminarlarda məruzə edilərək yayılmasını təşkil edir.

Elmi potensialımızın artması nəticəsində Akademiyanın professor-müəllim heyəti tərəfindən son illərdə respublika mətbuatında 200-dən çox, xarici ölkələrin mətbuatında 60-dan çox elmi məqalə, müxtəlif hüquq sahələrinə aid 100-dən çox dərs vəsaiti, monoqrafiya, dərslik və digər tədris-metodik vəsaitlər nəşr olunmuşdur.

Elmi potensialın və elmi yaradıcılıq fəaliyyətində kəmiyyət və keyfiyyət göstəricilərinin artması bu sahədə elmi istiqamətli jurnalın yaranmasını şərtləndirdi. Artıq bir neçə ildir ki, elmi araşdırmaları özündə əks etdirən “Polis Akademiyasının Elmi Xəbərləri” jurnalı nəşr olunur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmiş, eyni zamanda beynəlxalq seriya kodu almışdır.

Akademiyada elmi-tədqiqat fəaliyyətinin inkişafı, elmi potensialdan səmərəli istifadə edilməsi, elmi nəticələrin təcrübədə istifadə olunmasının genişləndirilməsi məqsədilə təhsil müəssisəmizdə beynəlxalq və respublika səviyyəli elmi-praktik konfrans, seminar, dəyirmi masaların keçirilməsi, respublikamızın və  xarici ölkələrin görkəmli elm xadimləri, yüksək təcrübəli hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi ənənəvi xarakter  almışdır.

“İnsan hüquqlarının aktual problemləri”, “Azərbaycan polisinin tarixi və inkişaf perspektivləri”, “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri”, “Ailə-məişət zorakılığı” və digər mövzularda keçirilən beynəlxalq elmi-praktiki konfranslarda MDB, Avropa, Asiya ölkələrinin, respublikamızın görkəmli elm xadimləri, hüquq-mühafizə orqanlarının praktiki işçiləri, beynəlxalq təşkilatların nümayəndələri böyük maraqla iştirak etmişdirlər.

Bu ilin mayın 26-da DİN-in Polis Akademiyasının 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki videokonfrans keçirilmişdir. Konfransda respublikamızın xüsusi təyinatlı və digər təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Tacikistan dövlətlərinin ali və xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri və 80-dən artıq tanınmış alim və mütəxəssisləri iştirak etmişdir.

Bu gün Akademiyada fəaliyyət göstərən Kursant Elmi Cəmiyyəti istedadlı və bacarıqlı kursantları müəyyənləşdirməkdə mühüm rol oynayır. Polis Akademiyasında kursantların elmi-tədqiqat fəaliyyəti tədris prosesinin bütün mərhələlərində və bütün təşkilati səviyyələrdə aparılır. Yüksəkixtisaslı hüquqşünas kadrlarının hazırlanmasında mühüm rol oynayan amillərdən biri də zəruri maddi-texniki və tədris bazasının yaradılmasıdır. Qısa müddət ərzində Polis Akademiyasında müasir tələblərə cavab verən çoxmərtəbəli iki inzibati bina və üç tədris korpusu, 13 mühazirə zalı, 60-dan çox seminar-məşğələ auditoriyaları, təcrübi laboratoriyalar, kriminalistik poliqon, qapalı atıcılıq tiri, qapalı və açıq idman zalları, konfrans zalları, yeni yataqxana kompleksi inşa edilərək istifadəyə verilmişdir. Sahəsi 160 kv/m olan kriminalistika sınaq meydançasında aparılan təcrübi dərslərdə müasir texniki kriminalistik vasitələrdən, istintaq avadanlıqlarından, kompüterlərdən istifadə edilir.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən açılışında iştirak etdiyi Akademiyanın “Heydər Əliyev Mərkəzi” zabit, kursant və dinləyicilər tərəfindən ümummilli lider, Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi, onların intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri olan bütün avadanlıqlarla təchiz edilmişdir.

Mərkəzdə yaradılmış “Ulu öndərin irsini öyrənən bölmə”nin əsas məqsədi Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin və vətənpərvərlik ideyalarının gənc nəslə aşılanmasından ibarətdir.

Bu gün Polis Akademiyası əsası XX əsrin 20-ci illərində qoyulmuş, müxtəlif adlarda 100.000-dən artıq, eyni zamanda ixtisas fənləri üzrə müasir biliklərə yiyələnmək, elmi araşdırmalar və cinayət statistikası ilə tanış olmaq məqsədilə 33.000-dən artıq zəngin fondu olan kitabxanaya malikdir.

Akademiyada təhsilalanların istifadəsinə verilmiş elektron kitabxana həm kitabxanada çalışan əməkdaşlarımızın işini asanlaşdırmış, həm də təhsilalanların onlara lazım olan tədris vəsaitləri əldə etməsini sürətləndirmişdir. Görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda Polis Akademiyası Beynəlxalq ELNİT assosiasiyasına üzv seçilmişdir. Həmçinin, dünyanın ən böyük kitabxanalarının beynəlxalq informasiya şəbəkələrinə çıxış əldə edilmişdir.

Eyni zamanda təhsil sahəsinin informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır.

Yüksəkixtisaslı, peşəkar hüquqşünas kadrlar hazırlayan ali təhsil müəssisəsi kimi DİN-in Polis Akademiyası da öz növbəsində bu proseslərdən kənarda qalmamış, qısa müddət ərzində nəzərəçarpacaq uğurlara imza atmışdır. Belə ki, Daxili işlər nazirinin diqqət və qayğısı əsasında Akademiyanın bütün mühazirə zallarında, fənn kabinetlərində texniki-nəzarət vasitələri quraşdırılmışdır. Son illərdə Akademiyada tədris prosesində geniş tətbiq olunan multimedia sistemləri, interaktiv lövhələr və müasir proyeksiya avadanlıqları da öz bəhrəsini verir. Bu sistem və avadanlıqların vasitəsilə professor-müəllim heyəti slaydlardan, sxemlərdən, diaqramlardan istifadə etməklə dərslərin daha canlı keçirilməsini təmin edir, qısametrajlı videogörüntülərdən istifadə etməklə, xüsusilə də ixtisas fənləri üzrə, nəzəriyyə ilə təcrübənin əlaqəsini təmin edirlər.

Müasir dövrdə polis təhsilinin və hazırlığının özünəməxsus mürəkkəbliyi, qarşılaşdığımız çətinliklər bu sahədə fəaliyyət göstərən mütəxəssislərin səylərinin birləşdirilməsini, mövcud problemlərin həlli üçün potensialımızdan daha səmərəli istifadəni tələb edir. Bu səbəbdən də ali təhsil müəssisələri arasında həm ölkədaxili, həm də beynəlxalq əlaqələrin yeni mərhələlərə transformasiya zəruriyyəti yaranır.

Akademiya respublikanın elm və təhsil müəssisələri ilə yanaşı,  beynəlxalq əlaqələri də davamlı olaraq inkişaf etdirmişdir. Ali təhsil müəssisəmizin MDB, Avropa, Asiya dövlətlərinin DİN-in xüsusi təyinatlı təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq protokolları imzalanmışdır. Aparılmış məqsədyönlü işlərin nəticəsində Akademiya Avropa Polis Kollecləri Assosiasiyasının üzvüdür, Beynəlxalq Polis Akademiyaları Assosiasiyasında (İNTERPA) müşahidəçi qismində çıxış edir.

Təhsil müəssisəmiz BMT, BMqT, UNİCEF, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə treninqlər keçirir və həmin təşkilatlarla sıx əməkdaşlıq edir.

Akademiyada xidmət edən professor-müəllim heyətinin xarici ölkələrdə ixtisasının artırılması və həmin ölkələrin qabaqcıl təcrübəsinin öyrənilərək tədris-təlim prosesində tətbiqinə böyük əhəmiyyət verilir. Bu məqsədlə Polis Akademiyasının əməkdaşları İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Macarıstan, Ukrayna, Belarus və digər ölkələrdə keçirilən konfrans, seminar, təlim və beynəlxalq intellektual müsabiqələrdə  iştirak etmişlər.

Bu il Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Polis Akademiyasında müəllim heyətinin pedaqoji məharətinin yüksəldilməsi məqsədilə onlayn ixtisasartırma təlimi keçirilmiş və uğurla başa çatmışdır.

Cəmiyyətdə gedən yeniləşmələr, dövlətimizin davamlı inkişafı, müasir tələblər baxımından münasibətlərin formalaşması təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyur. Azərbaycan Respublikasının təhsil siyasətinin başlıca vəzifəsi bu siyasətin fundamentallığını saxlamaq şərtilə, şəxsiyyətin, cəmiyyətin və dövlətin aktual və perspektiv tələbatlarından irəli gələrək, təhsilin müasir keyfiyyətini, modernləşməsini təmin etməkdir.

Respublikamızın dünyada gedən proseslərə inteqrasiya olunması, qloballaşma, cinayətkarlığın transmilli xarakter alması polis təhsilinin daima inkişaf etdirilməsini zəruri edir. Həyatın reallıqları bizdən peşəkar hazırlıq səviyyəsinin beynəlxalq prinsip və normalara uyğun olmasını, polis elit- korporativ ənənələrin və ayinlərin formalaşmasını, transmilli cinayətkarlıqla mübarizədə hüquqi, inzibati, etik və ictimai normalara, beynəlmiləlçilik, tolerantlıq, humanistlik prinsiplərinə müvafiq fəaliyyət göstərə bilən kadrların hazırlanmasını tələb edir.

Polis Akademiyasında peşəkar professor-müəllim heyətinin fəaliyyət göstərməsi və günün tələbinə cavab verən maddi-texniki bazanın mövcud olması bu vəzifələrin öhdəsindən gəlməyimizə imkan yaradır.

Əlbəttə, əldə olunmuş bütün nailiyyətlər Polis Akademiyası və bütövlükdə DİN-in uğurlarıdır. Lakin bizi qarşıda daha çox işlər, daha böyük perspektivlər gözləyir. Çünki Respublika Prezidenti cənab İlham Əliyev və Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov  tərəfindən böyük etimad göstərilərək çox müqəddəs bir missiya bizə həvalə olunmuşdur. Bu elə bir missiyadır ki, burada geriyə yol yoxdur. Çünki ümummilli lider Heydər Əliyev bu yol haqqında demişdir: “Öz xalqına, öz millətinə, öz doğma vətəninə sədaqət andı içmiş insanın öz andını pozması çox böyük cəza tələb edir. Ona görə də bu gün hər bir polis nəfəri, Daxili İşlər Nazirliyində xidmət edən hər bir şəxs bizim Silahlı Qüvvələrimizdə olduğu kimi, anlamalıdır, dərk etməlidir ki, əgər bu peşəyə yiyələnib xidmət etmək istəyirsə, buna onun imkanı varsa, bunun üçün qabiliyyəti varsa və müvafiq dövlət orqanları bu şəxsin bu peşədə xidmət etməsini qəbul edirlərsə, o, and içirsə, bu andına daim sadiq qalmalıdır. Dövlətə sədaqət andına xəyanət etmək olmaz... Bu andı pozmaq hər kəs üçün yolverilməzdir. Sizin peşəniz bu cəhətdən elə bir peşədir ki, gərək onu şüurlu dərk edəsiniz. Bu peşəni sadəcə özünə iş tapmaq üçün yox, yaxud da qazanc əldə edib yaşamaq üçün qəbul etmək olmaz. Bu peşəni, polis peşəsini qəbul edən Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir”.

Şərəfli 100 il keçmiş Akademiya bu ideyalar və missiyanı hüquqşünas hazırlığı sahəsində təhsilin inkişafı naminə uğurla davam etdirəcək, müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəməyəcək, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali hüquq təhsilinin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atacaqdır.