Poliatlon çoxnövçülüyü üzrə rayon turniri
Region

Poliatlon çoxnövçülüyü üzrə rayon turniri

Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin və UGİŞM-in təşkilatçılığı ilə Kürdəmir rayon mərkəzi stadionunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsinə həsr olunmuş  “Vətənin müdafiəsinə hazıram” Poliatlon (çoxnövçülüyü) üzrə rayon turniri keçirildi.
Turnirin açılış mərasimində  ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, rayon Təhsil şöbəsinin əməkdaşı Mehman Osmanov, UGİŞM-in direktoru Samir Şükürov və Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildirdilər ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı və qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçərək  düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.

Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Bu müharibədə döyüşənlər,  əsasən son on ildə “Vətənin müdafiəsinə hazıram”, “Şahinlər” və  digər hərbi idman yarışlarında iştirak etmiş gənclərimiz olub.

Turnirdə rayonun ümumtəhsil  məktəblərinin  100-ə yaxın şagirdi  iştirak edirdi.  Komandalar qumbaraatma, turnikdə dartınma və estafetlə qaçış mərhələlərində yarışdılar.

Yarışda keçirilən oyunların yekun nəticələrinə görə yerlər müəyyən olundu.
Turnirdə qalib gələn idmançılar və komandalar  Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə  mükafatlandırıldı.

                                                Tofiq HÜSEYN,

                                          “Respublika”.