Polad Həşimov
Sosial həyat

Polad Həşimov

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açıb. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. 1992-ci ildə  Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirmişdir. Polad Həşimovun babası İkinci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.

Polad 1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçmiş, hərbi təhsilini təkmilləşdirmişdir. 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlarda, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak etmişdir. Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşmuşdur.

O, 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuş, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır.

Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə, 24 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılmışdır. Həmçinin Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10, 90, 95, 100 yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur.

2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olmuş, döyüş zamanı yaralanmışdır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunmuşdur. Polad 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olmuşdur. Poladın nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. İyulun 15-də II Fəxri Xiyabanda dəfn olunmuşdur.  Davud və Teymur adında oğulları, Aybəniz adında qızı vətənə əmanətdir. 2021-ci ildə Polad Həşimovun qızı  Aybəniz Həşimova  Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. O, ilk dərs günü ağ xalatda atasının məzarını ziyarət edib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimovun adı verilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı və oğlu tərəfindən verilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim səhra forması-şalvar, kitel və papaqdan ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. Bu dəyərli materiallar muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunur.

Qardaşı İlham Həşimovun xatirələrindən: "On yeddi yaşında - 1992-ci ildə döyüş bölgəsində olub. Yəni Tovuz hadisələri bizim üçün ilk belə hal deyildi. Müharibə davam etdikcə döyüşlərdə iştirak edib. Təxminən 24-25 il cəbhə bölgəsində xidmətdə olub. Hər atəşkəs pozulanda biz təkcə Poladı yox, oradakı hər kəsi düşünmüşük. Aprel döyüşləri də anidən olub. O döyüşlərdən on gün sonraya qədər bizim Poladla heç bir əlaqəmiz olmayıb, danışa bilməmişik. Xalqımız isə sağ olsun, ən çətin günümüzdə yanımızda oldu... Qardaşımın ölüm xəbərini eşidəndə ilk düşündüyüm o oldu ki, anama bunu necə deyəcəyəm. Onun ölümünü biz yox, xalq dedi. Həyətə çıxanda o boyda izdihamı, o boyda dəstəyi gördük".

2020-ci ilin avqust ayında Qəbələ, Quba, Sumqayıt şəhərində mərkəzi küçələrin birinə, Türkiyənin Elazığ ilinin Keban ilçə Bələdiyyəsi küçələrin birinə adı verilib. 2020-ci il oktyabrın 28-də Bursa ilinin Osmanqazi ilçəsində Polad Həşimovun adını daşıyan bağın açılışı olub. 2021-ci il mayın 7-də Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilmişdir. Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.

                                                                                 M.MİRZƏ, 

                                                                                  “Respublika”.