Peyk müşahidəsi xidmətləri
Digər xəbərlər

Peyk müşahidəsi xidmətləri

Bu sahənin inkişafı ölkəmizin elmi-tədqiqat və ixrac potensialını da yüksəldəcək

Ölkəmizdə müasir kosmik sənayenin yeni səhifələrinin açılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu sahənin yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması dövlət başçısının uzunmüddətli strateji yanaşması ilə mümkün olub.

2008-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzaladı. 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqləndi, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi.

2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk peyki - “Azerspace-1” orbitə buraxıldı. Bu möhtəşəm hadisə Azərbaycanın növbəti böyük uğuru kimi səciyyələndirildi. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqını təbrik etdi: “Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə, Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm”.

2014-cü il iyunun 30-da “Azersky” Yerin məsafədən müşahidəsi, bir neçə il sonra isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı.

2018-ci il sentyabrın 26-da “Azerspace-2” peyki orbitə buraxılanda Prezident peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədlərini vurğulayaraq xalqımızı yenə də təbrik etdi.

Beləliklə, orbitdəki peyklərimiz ölkənin informasiya və milli təhlükəsizliyinin təmin olunmasına xidmət etmək kimi əsas vəzifəni yerinə yetirir. Televiziya kanallarımızın fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin edir.

Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin rolu xüsusi qeyd olunmalıdır. Bu peykin fəaliyyəti nəticəsində sözügedən sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırıldı və bir çox ölkələr üçün peyk xidməti göstərilir.

Yeri gəlmişkən, fəxrlə onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı  Qələbədə peyk sisteminin əhəmiyyətli rolu olmuşdur. Belə ki, peyklərimizin, xüsusilə “Azersky” məsafədən müşahidə peykimizin imkanları bizə böyük üstünlüklər qazandırmışdır. Müharibənin gedişində “Azersky”dan əldə olunan təsvirlər operativ surətdə ordumuz üçün lazımi informasiyanın ötürülməsində xüsusi rol oynamışdır. Hansı ki, bu informasiyaların əsasında erməni faşistlərinin hərbi obyektləri və anbarları, zirehli texnikaları darmadağın edilmişdir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resurslarından istifadənin genişləndirilməsi məqsədilə  2018-ci il noyabrın 15-də Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dörd il müddətində icra olunacaq proqram 30-dək dövlət qurumunu əhatə etməklə iqtisadiyyatın əksər sahələrində yeni və alternativ məlumat mənbəyi kimi peyk müşahidəsini həyata keçirəcək. Məqsəd Yerin məsafədən müşahidəsi peyklərinin resurslarından müxtəlif sahələrdə - kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə edilməsi, hasilat sənayesi, meliorasiya və su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizmin inkişafı, xəritəçəkmə və şəhərsalma, dövlət əmlakının idarə olunması, kadastr işləri və naviqasiyada istifadəni genişləndirməkdir.

2013-cü ildə “Azerspace-1” telekommunikasiya peykini orbitə çıxarmaqla, dünya kosmik klubunun üzvünə çevrilmiş Azərbaycan Respublikasında optik müşahidə peykinin istismara verilməsi ilk günlərdən əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında və digər konseptual sənədlərdə öz əksini tapmışdır. Peyk müşahidəsi bazarına Azərbaycanın birbaşa çıxışı 2014-cü ildə milli peyk operatoru “Azərkosmos” ASC ilə Fransanın “Airbus DS” şirkəti arasında imzalanmış strateji əməkdaşlıq sazişinə əsasən yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın satınalınması ilə başlanmışdır. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən elektron kənd təsərrüfatı sisteminin qurulmasında, xəritəçəkmədə, yol infrastrukturunun planlaşdırılmasında və monitorinqində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində və digər sahələrdə istifadə edilmişdir. Bununla yanaşı, “Azərkosmos” ASC-nin Abşeron rayonu ərazisində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində qurulmuş Universal Yerüstü Stansiya vasitəsilə Azərbaycan üzərindən keçən bütün peyklərdən təsvirlərin alınması texniki cəhətdən mümkün olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkə ərazisinin rəqəmsal xəritələrinin hazırlanması mühüm tədbir kimi müəyyən olunmuşdur.

“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda peyk müşahidəsi xidmətlərinin inkişafına xüsusi təkan verəcək, peyk müşahidəsi xidmətləri vasitəsilə bir çox sahələrin  effektivliyini artıracaq, ölkədə bu sahə ilə bağlı elmi-tədqiqat və ixrac potensialını yüksəldəcəkdir.

Ölkənin dinamik inkişafı hazırkı mərhələdə peyk müşahidəsi xidmətləri üzrə dövlət səviyyəsində konkret hədəfləri göstərən vahid konseptual sənədin qəbulunu zəruri edir və bu Dövlət Proqramı 2019-2022-ci illərdə peyk müşahidəsi xidmətlərinin inkişafını nəzərdə tutur.

Dövlət Proqramının məqsədi peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsidir. Bu məqsədə nail olmaq üçün:  “Azersky” və digər yüksək ayırdetməli məsafədən Yerin müşahidəsi peyklərinin resurslarından optimal istifadə edilməsi;  peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə iqtisadi dəyər yaradılması və kommersiya faydasının əldə edilməsi üçün iqtisadi və texnoloji mühitin formalaşdırılması;  peyk təsvirlərindən istifadə etməklə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verilməsi;  peyk təsvirlərindən istifadə etməklə elmi-tədqiqatların səmərəliliyinin artırılması; peyk təsvirlərinin emalı və satışı sahəsində ixrac potensialının genişləndirilməsi kimi vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.  

Dövlət Proqramının əsas istiqamətləri isə demək olar ki, peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarında  aktiv istifadənin:  kənd təsərrüfatında, ətraf mühitin mühafizəsində, fövqəladə halların idarə edilməsində, hasilat sənayesində, meliorasiya və su təsərrüfatı sahələrində, nəqliyyat və yol infrastrukturunun, turizmin inkişafında, xəritəçəkmə və şəhərsalmada, dövlət əmlakının idarə olunmasında, kadastr işlərində və naviqasiyada peyk müşahidəsi xidmətlərindən istifadənin genişləndirilməsi təşviq ediləcəkdir.

Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr  peyk təsvirlərinin əldə edilməsi və emalı ilə bağlı məsrəflərin optimallaşdırılması, respublikanın peyk resurslarından istifadənin səmərəliliyinin artırılması;  peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə daha çox iqtisadi dəyər əldə edilməsinə və ölkədə rəqəmsal coğrafi məlumatların operativ əldə olunması məqsədilə qurumlararası koordinasiya mexanizminin yaradılması;  peyk müşahidəsi sahəsində elmi tədqiqatla məşğul olan qurumların səmərəli elmi-tədqiqatlar aparması üçün maddi-texniki bazanın və peyk təsvirlərinə çıxış imkanlarının genişləndirilməsi, peyk müşahidəsi sahəsində kadr potensialının genişlənməsi  və sairdən ibarət olacaqdır.

“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nda Energetika Nazirliyinin 2020-ci il ərzində icraçı olduğu tədbirlər barədə məlumatlarda bildirilir ki, peyk təsvirləri əsasında alternativ enerji mənbələri üzrə potensialın müəyyənləşdirilməsi, eləcə də külək elektrik parkları və günəş elektrik stansiyalarının layihələndirilməsi  üzrə peyk təsvirləri və enerji potensialı xəritələri əsasında işğaldan azad olunmuş ərazilərin bərpa olunan enerji potensialı qiymətləndirilmişdir. 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında Günəş Elektrik Stansiyalarının  tikintisi üçün perspektiv 7 ərazi müəyyən edilmiş, onların sahəsi, koordinatları və digər parametrləri təyin edilmişdir. Eyni zamanda Laçın və Kəlbəcər rayonlarının sərhəd zonalarında külək potensialı olan ərazilər öyrənilmişdir. Müəyyən olunmuşdur ki, kiçik su elektrik stansiyalarının böyük əksəriyyəti Laçın və Kəlbəcər rayonlarının ərazisindən keçən Tərtərçay və Həkəri çaylarının üzərində yerləşir. İşğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarda mövcud olan kiçik su elektrik stansiyalarının gələcəkdə paylayıcı elektrik şəbəkələri ilə əlaqələndirilməsi üçün yerləşmə nöqtələrinin təyini məqsədilə peyk təsvirlərindən istifadə olunub. Ümumilikdə gücü 100 MVt-a yaxın 25 kiçik su elektrik stansiyalarının yerləşmə sahələri təyin edilib.

Peyklərimiz elmi-tədqiqatların aparılmasına da dəstək verir və kadr potensialını inkişaf etdirir. Ötən illər ərzində peyk xidmətləri sahəsində qazanılan təcrübə və bu sahədə formalaşmış insan kapitalı imkan verir ki, kosmik sənaye quruculuğu yolunda daha irəli addımlayaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycan orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun dəyərli üzvlərindən birinə çevrilib”.

Hazırda peyklərimizin idarə edilməsi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Kosmik sahə beynəlxalq əməkdaşlıq üçün çox möhkəm zəmindir. Belə ki, “Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qurur. Bu da, öz növbəsində, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Bu gün peyklərimiz dünyanın müxtəlif regionlarında insanların informasiyaya çıxışına imkan yaradır, regionlar arasında rəqəmsal uçurumun aradan qaldırılmasına dəstək verir. Eləcə də meşə yanğınları və neft çirklənmələri kimi təbii fəlakətlərin və fövqəladə halların aradan qaldırılmasına köməklik göstərir.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.