PEŞTƏTÜK KƏNDİNDƏ “ZƏFƏR PARKI”
Region

PEŞTƏTÜK KƏNDİNDƏ “ZƏFƏR PARKI”

Vətən müharibəsində 46 nəfər lerikli şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə rayon mərkəzində, kəndlərdə parklar salınıb, abidə-bulaq kompleksləri tikilib, anım mərasimləri keçirilir.

Bu günlərdə Peştətük kəndində şəhidlərin xatirəsi şərəfinə inşa olunmuş “Zəfər parkı” memorial abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak edirdi.

Əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Zəfər parkı” memorial abidə kompleksinin rəsmi açılışını bildirən lent kəsildi. Kompleksin önünə əklil və gül dəstələri  qoyuldu.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirdi ki, noyabr ayının 8-də rayonda Zəfər Günü böyük təntənə ilə qeyd olundu.

44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi  ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq, şanlı səhifəsidir. Azərbaycan xalqı öz liderinin--Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini, qəhrəmanlığını nümayiş etdirdi.

Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Düzdür, qələbə heç də asan başa gəlmədi. Üç minə yaxın şəhid verdik. Qazandığımız möhtəşəm qələbəyə görə qətiyyətli sərkərdəmizə, cənab Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, qüdrətli Azərbaycan ordusuna borcluyuq. Bütün şəhid valideynlərinin qarşısında baş əyir, onlara sonsuz məhəbbət və ehtiramımı çatdırıram,-deyə Cəlil Baxşıyev bildirdi.

Mərasimdə Vətən müharibəsində iştirak edən leriklilər barədə məlumat verildi, onların igidliyindən, şücaətlərindən söhbət açıldı. “Zəfər parkı” memorial abidə kompleksinin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə rayon rəhbərliyinə, iş adamlarına və Vizəzəmin kəndinin xeyriyyəçilərinə minnətdarlıq ifadə olundu.

Milli Məclisin deputatı İqbal Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, şəhid ataları Ağaverdi Ağayev, Tahir Mövlanov və Qəhrəman Həşimov, şəhid qardaşı Namiq Musayev rayonda şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdılar, şəhid ailələrinə göstərilən yüksək qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

Məktəblilərin ifasında şeirlər səsləndi, şair Valeh Lerikli vətənpərvərlik mövzusunda mahnı ifa etdi.

Sonra dövlətimizin başçısının sərəncamı ilə ölümündən sonra təltif edilmiş Balaş Fərziyev və Ceyhun Səfərovun medalları ailə üzvlərinə təqdim olundu.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.