PƏRVİZ SƏMƏDOV
Sosial həyat

PƏRVİZ SƏMƏDOV

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.

 Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlir. Onlardan biri də  Səmədov Pərviz Əbduləhəd oğludur. 1970-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. O, birinci sinfə 1977-ci ildə elə doğulduğu Gəncə şəhərindəki 1 saylı orta məktəbə gedib, 1985-ci ildə oranı bitirir. 1988-ci ildə isə hərbi xidmətə çağırılaraq əsgəri borcunu yerinə yetirməyə yollanır. Pərvizin ikiillik xidməti Çita şəhərində keçir. Xidmətini başa vurduqdan sonra isə vətənə dönür və  Toxuculuq Kombinatında çalışmağa başlayır.

Bir müddət burda çalışan Pərviz ölkəmizdə o zaman baş verən hadisələrə biganə qalmayaraq vətəni müdafiə etməyi qarşısına məqsəd qoyur. Həmin ərəfə elə bir dövrə təsadüf edirdi ki, ermənilər yenə də torpaqlarımıza qarşı işğalçı siyasətlərinin planlarını yeritməyə başlamışdı. Artıq Qərbi Azərbaycan mahalının bir çox kənd və şəhərləri demək olar ki, bu azğınların amansız işgəncələrilə üz-üzə qalırdı. Zorla evlərindən çıxarılan soydaşlarımız digər bölgələrə qaçqın kimi pənah gətirməkdə davam edirdilər. Vəziyyət günü-gündən gərginliyə doğru gedirdi. Vətənin bu çətin günündə Pərviz də bir vətən oğlu kimi baş verən hadisələrə, edilən haqsızlıqlara göz yuma, biganə qala bilmirdi.

Qışın ən soyuq ayında - fevralın 22-də könüllü olaraq cəbhənin Ağdam bölgəsinə gələrək komandir təyin edilir. Onun başçılıq etdiyi dəstə kəşfiyyat qrupu idi. Pərvizin güclü kəşfiyyat əməliyyatı nəticəsində ermənilərin xeyli sayda zirehli texnikası, silah-sursatının yeri bəlli olunaraq məhv edilir. O, döyüş yoluna Ağdam rayonundan başlamış, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndlərinin düşməndən müdafiə və azad olunmasında rəşadətlə vuruşmuşdu. Pərviz gənc olmasına baxmayaraq, çox bacarıqlı və qorxmaz bir döyüşçü idi.

1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndi uğrunda çox gərgin döyüşlər gedirdi. Həmin döyüşdə Pərvizin də başçılıq etdiyi dəstə düşmənlə gərgin döyüşlərdə idi. Ermənilər təcili yardım vertolyotunu vururlar. Həmin vertolyotun ekipajını xilas etmək üçün Pərviz özünü irəliyə atır. Ekipajı xilas etsə də, mənfurların snayperdən açdığı atəş Pərvizin döyüş ruhu, vətən sevgisiylə döyünən qəlbini əbədi olaraq susdurur. Mayın 15-də ömrünün 22-ci baharında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Milli Qəhrəman elə doğulduğu Gəncə şəhərində dəfn edilib, şəhər küçələrindən birinə onun adı verilib. Qəhrəman igidin özündən sonra bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Pərviz Əbdüləhəd oğlu Səmədov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

Bu gün Pərvizin ruhu şaddır. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın davam edən işğala son qoydu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşməni Qarabağdan qovdu.

Pərviz Səmədovun torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da əziz xatirəsi  xalqımızın qəlbində əbədi qalacaqdır.

 M.MİRZƏ,

“Respublika”.