Perspektivli yeni əməkdaşlıq platforması
Türk dünyası

Perspektivli yeni əməkdaşlıq platforması

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü  iqtisadi-siyasi və qlobal əhəmiyyətli tarixi hadisə oldu

Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü  iqtisadi-siyasi və qlobal əhəmiyyəti ilə tarixi hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın  və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  iştirak etdikləri Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş üç ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olundu, əməkdaşlığı gücləndirəcək sənədlər imzalandı.

Azərbaycan Respublikasının Türkiyə Respublikası və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində münasibətlərimiz inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir.

 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşdə Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə edərək, üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb. Prezident İlham Əliyev bu ilk Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olduğunu qeyd edən dövlətimizin başçısı bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycan Prezidenti Türkiyədən və Türkmənistandan olan şirkətləri keçən il Xəzər sahilində təməli qoyulan Ələt Azad İqtisadi Zonasının imkanlarından faydalanmağa dəvət edib. Ölkə başçısı deyib: "2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq".

Vurğulamaq lazımdır ki, dövlətimizin başçısının Türkmənistana səfəri bir neçə səbəbdən vacib əhəmiyyətə malikdir. Birincisi, Türkmənistan karbohidrogen ehtiyatlarının dünya bazarına Azərbaycan vasitəsilə çıxarılmasıdır. İkincisi, Türkmənistanın Türk Dövlətləri Təşkilatında və bölgə üzrə yeni əməkdaşlıq platformasında iştirakını təmin etmək, üçüncüsü isə Ankara-Bakı-Aşqabad siyasi xəttini yaratmaq və yaxın gələcəkdə bu istiqamətdə məqsədli siyasi hədəflərə nail olmaqdır. Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib ki, dost, qardaş ölkələr - Türkmənistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşünün keçirilməsi ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq və səmərəsini verəcək.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atılmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni perspektivlər vəd edir. Bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etməkdədir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.

Ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında dövlət başçılarımızın rolu xüsusi qeyd olunmalıdır. Onlar arasındakı sıx təmaslar və dostluq əlaqələri ölkələrimiz arasındakı münasibətlərin inkişafının dinamikasını müəyyən edir, həmçinin beynəlxalq arenada uğurlu qarşılıqlı fəaliyyətə töhfə verir. Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çoxşaxəli ikitərəfli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında dövlətlərimiz arasında əlaqələrin daha da inkişafı məqsədini güdən Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində mühüm mərhələ təşkil edəcəkdir. Birinci Zirvə görüşünün Birgə Bəyanatı, energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində üçtərəfli sənədlər bu istiqamətdə atılan əməli addımlardır.

Üç qardaş dövlətin birgə iştirak etdikləri  beynəlxalq və regional təşkilatlar çərçivəsində də   ölkələrimizin      əməkdaşlığı uğurla davam etdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etməsini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Təşkilatın 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilmiş 9-cü Zirvə Görüşü zamanı dövlət başçıları tərəfindən qəbul olunan qərarlar birgə səylərin möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.

Mustafa KAMAL,

"Respublika".