Penitensiar xidmət Milli Məclisin sabiq deputatının vəfatı ilə bağlı məlumat yayıb
Sosial həyat

Penitensiar xidmət Milli Məclisin sabiq deputatının vəfatı ilə bağlı məlumat yayıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq bildirib ki, Milli Məclisin sabiq deputatı, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Cəbrayılov Rəfael Kamil oğlu sentyabrın 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Penitensiar Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan COVID-19 infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub. Lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq, o, sentyabrın 28-də müalicəsini davam etdirmək üçün "Yeni Klinika"ya yerləşdirilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq, R.Cəbrayılov vəfat edib.

AZƏRTAC