Pendirin ətri, qaymağın dadı, qatığın ayranı
Region

Pendirin ətri, qaymağın dadı, qatığın ayranı

Bir vaxtlar ölkənin ən varlı rayonlarından biri kimi məşhurlaşan Ağdam həm də iri kənd təsərrüfatı diyarı idi, burada zəngin əkinçilik ənənəsi olub. Meyvələrin şirəsi bal dadıb, üzümün gilələri mirvari kimi parıldayıb, gilası, şaftalısı, narı, armudu ələ düşməyib. Pendirin ətrindən, qaymağın dadından, qatığın ayranından doymaq olmurdu.

Ağdam bazarı nəinki ölkəmizdə, həm də qonşu respublikalarda da tanınırdı. Kənd təsərrüfatı məhsulları ilə zəngin olan  bazarda çoxlu dükan, qəssabxana və emalatxana  da  əhaliyə xidmət göstərirdi. Bazarın kənarında dəmirçilər, kömürçülər, sonra boyaqçı, dülgər, nalbənd, dərzi, pinəçi sexləri var idi. Ağdam sənətkarlarına qiymət veriləndə həmişə deyərdilər ki, onların  əlləri qızıldır.

Bazarda  səliqəli bir yer var idi. Ağartı satılan yer...

Burada Xıdırlı, Qiyaslı, Mərzili, Bağmanlar və digər kəndlərdən gətirilən qaymaqlar satılırdı və bu qaymaqların dadından doymaq olmurdu. Ağdama qonaq gələn hər kəsi qaymaq dadmadan yola salmazdılar. Motal pendirinin dadına isə heç nə çata bilməzdi, elə ki, motalın ağzını açırdılar, adamı dağların, çiçəklərin, min bir dərdin dərmanı olan otların ətri vurardı. Dəlidağda, Üçmıxda, Sarıyerdə, Xangələndə tutulan motallar atın, ulağın belində yüz kilometrlərlə arana gələndən sonra nənələrimiz həmin motalların ağzından yalan olmasın bir-iki kilo sapsarı kərə yağı götürərdilər. Südün, qatığın üzü teyxa yağ olardı.

Hər dəfə rayonda heyvandarlığın vəziyyəti ilə bağlı yazı hazırlayanda xatirələr məni çəkib həmin illərə aparır. Həmin vaxt respublikada ən iri qoyunçuluq təsərrüfatı da Ağdamda yaradılıb. Rayonun əksər yerlərində böyük heyvandarlıq kompleksləri fəaliyyət göstərib.

Ermənistanın hərbi təcavüzünə baxmayaraq, rayonun əlimizdə qalan hissəsində ənənələr yaşadılıb, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq inkişaf edib. Cari ilin altı ayında da heyvandarlıqda uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramında ət, süd istehsalının və özünütəminetmə səviyyəsinin artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemdən, örüş və otlaqlardan səmərəli istifadə edilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Bu istiqamətdə Ağdam rayonunda da səmərəli iş aparılır. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sektorun bütün sahələrində ciddi irəliləyişə nail olunur, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən heyvan mənşəli məhsulların istehsal həcmi artır, daxili istehsalda artım dinamikası qorunub saxlanılır.

Rayon statistika idarəsindən  bildiriblər ki, 1 iyul vəziyyətinə rayonda 43 min 502 baş iribuynuzlu mal-qara, 105 min başa yaxın baş qoyun-keçi olub. Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 3,5 faiz, qoyun və keçilər 0,1 faiz artıb. Bu ilin yanvar-iyun aylarında təsərrüfatlarda 2377,1 ton ət, 20 min 565,6 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,6 faiz, süd istehsalı 5 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2021-ci ilin altı ayında 2280 baş inək və düyə süni yolla mayalandırılıb, 1486 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Cins tərkibi yüksək olan inəkləri lizinq yolu ilə əldə edən fermerlər yaxşı nəticələrə nail olublar. Heyvandarlıq məhsullarının artırılmasına hədəflənən dövlət qayğısını fermerlər dərin razılıqla qarşılayırlar və yüksək keyfiyyətli məhsul istehsal edirlər.

İkinci Qarabağ müharibəsində parlaq qələbənin qazanılması hər birimizdə qürur hissi yaradıb, insanların əhvali-ruhiyyəsi yüksəlib. Zəhmət adamları bolluq yaratmaq üçün torpaqdan ikiəlli yapışıb, sözün əsl mənasında, hər kəs Vətənə layiqli töhfə verməyə səy göstərir.

Salman ALIOĞLU,

“Respublika”.