Paytaxtda xəstə ağaclar utilizasiya edilir
Digər xəbərlər

Paytaxtda xəstə ağaclar utilizasiya edilir

Artıq bir müddətdir paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinləri ciddi narahat edir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Müəyyən edilib ki, Abşeron yarımadasında mövcud olan Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Belə hallar təkcə ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş yayılıb.

Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bununla bağlı qərar qəbul edilib.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün, ilk növbədə, xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiyaya göndərilir, eyni zamanda, digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi aidiyyəti qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlayıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcək.

Qeyd edilib ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb və bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mərhələli şəkildə həyata keçiriləcək.

AZƏRTAC