Paşinyanın kapitulyasiya qorxusu
Digər xəbərlər

Paşinyanın kapitulyasiya qorxusu

Ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, Ermənistan tərəfi məğlubiyyətini qəbul edərək kapitulyasiya aktına imza atdı. Bəyanat televiziya vasitəsilə canlı yayımlansa da, Ermənistanın baş naziri Nikol Paşinyan orada görünmədi. Paşinyan sözügedən Bəyanata gizli şəkildə qol çəkməklə bir daha necə aşağı səviyyəli insan olduğunu göstərdi. Nəticədə ermənilər küçələrə axışaraq onun istefasını tələb etdilər. Yazıq o xalqa ki, Paşinyan kimi hiyləgərin idarəçiliyində qalıb. Nikol Paşinyan kapitulyasiya sözündən qaçmaqla tülkülüyünü bir daha sübut edir.

Prezident İlham Əliyev Ermənistan baş nazirinin kapitulyasiya aktı imzalaması barədə demişdir: "Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr - Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir". Əslində bütün bunlar Ermənistanın necə gülünc vəziyyətdə olduğunun göstəricisidir. Ən diqqətçəkən məqamlardan biri isə Ermənistan baş nazirinin uşaq kimi günahı digərlərinin üstünə atmasıdır. Belə ki, o, Serj Sarkisyanı kapitulyasiya ilə bağlı sənədi əvvəlcədən hazır qoyub getməkdə təqsirli bilmişdir. Bu il fevralın 17-də Münxendə baş tutan təhlükəsizlik konfransında Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin görüşü baş tutdu. Vahidlik formatına əsaslanan görüşdə Paşinyanın bir daha öhdəliklərindən boyun qaçırdığı məlum oldu. Çünki İrəvan bu formatı qəbul etsə, ölkələrin ərazi bütövlüyünün tanınmasına və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan tandemə qoşulmağa məcbur olacaqdır. Nəticədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyəcəkdir. Şübhəsiz, düşmənin bütün cəhdlərinə baxmayaraq, ölkəmiz bütün məsələlərə beynəlxalq hüquq normalarına əsaslanaraq yanaşır. Ermənistan tərəfi isə demək olar ki, nə beynəlxalq hüquqa məhəl qoyur, nə də imzaladığı kapitulyasiya sənədindən irəli gələn öhdəlikləri yerinə yetirir. Paşinyanın mühüm əhəmiyyət kəsb edən sənədə belə yanaşmasını bir daha onun uğursuz siyasətinin göstəricisi kimi qiymətləndirmək olar.

Nəzrin ELDARQIZI,

"Respublika".